1884-cü ildə Zərdab 500 evdən ibarət imiş…

0
1861
hesen-bey-zerdabi-ekinci-qezeti.png

“Azərbaycan SSR atlası” kitabında (Bakı-Moskva, 1963, səh.208.) göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından (“Qoyun ülumu”ndan — bu sözlər qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir) Kürü keçmiş, Şamaxıya getmişdir. I Şah Təhmasib öz ordusu ilə Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan (Sabirabad rayonu) Kürü keçmiş, Zərdaba (“Qoyun ülumu”na) gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir.

Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində yazır: “I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zülhiccənin 11-də “Qoyun ülumu” kecidinin yanından Kürü keçdi…

İndiki Zərdab şəhəri 1578-ci ilə aid türk mənbələrində “Zərdab sancağı” kimi göstərilir. Həsən bəy Zərdabi 1884-cü ildə Zərdabın 500 evdən ibarət olduğunu yazır. 1827-ci ildən yelkənli iri çay gəmiləri Zərdab ərazisində Kür çayı boyunca yük daşıyırdılar. H. Zərdabi “Kaspi” qəzetində 1892-ci ildə yazırdı: “Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır…”

1935-ci ildə Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü ildə Bakıda nəşr olunmuş “Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü” statistik məlumatından indiki Zərdab rayonu haqqında xeyli maraqlı bilgi əldə etmək mümkündür. Həmin məlumata əsasən, 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olmuşdur. Sosialist Şuralar Cəmiyyətinin 1920-ci ildən hakimiyyətə yiyələnməsinə baxmayaraq kəndlərdə təsərrüfatlar hələ tam ümumiləşdirilməmişdi. 14 kənddə bir təsərrüfat belə ümumiləşməmişdi. Təsərrüfatlar fərdi fəaliyyətlə məşğul olurdular.

Nisbətən böyük kəndlərdə isə təsərrüfatların ümumiləşdirilməsinə başlanmışdı. Belə təsərrüfatların sayı Məliklidə 74, Gəndəbildə 69, Xələcdə 52 (o vaxt Xələc Zərdabın inzibati ərazi vahidinə daxil idi), Gəlmədə 44, Burunluda 39, Çallıda 37, Nəzərallıda 36 idi. Zərdab bölgəsində 8 kənd şurası fəaliyyət göstərirdi. Bu kənd şuraları sonralar kənd zəhmətkeş deputatları sovetinə çevrilmiş, 1977-ci ilədək bu ad altında, 1977-ci ildən SSRİ dağılanadək isə xalq deputatları soveti kimi fəaliyyət göstərmişlər. XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir.