Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəy kim olub? – Maraqlı faktlar

0
3130
hesen-bey-zerdabi.png

Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəy kim olub? Onun haqqında hansı maraqlı faktlar var?

Məlik Rəhim bəy Şirvan xanlığının Qarasubasar mahalının naibi olmaqla, eyni zamanda həmin mahalın tərkibinə daxil olan qədim Zərdab kəndinin yiyəsi (sahibi) olub.

Zerdab.com saytı aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi Eldəniz Həsənovun araşdırmalarına istinadən xəbər verir ki, 1820-ci ildə Şamaxı xanlığı ləğv edildikdən sonra da, 1821-ci ildən başlayaraq bir müddət, Qarasubasar mahalı indiki Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının ərazisində mövcud olub. Burada 1821-ci ildə 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Ləki, İkinci Ləki, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 815 ailə yaşayırdı.

Mahalın naibi  Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəy idi.

1821-ci ildən sonrakı illərdə də Qarasubasar mahalının naibi Məlik Rəhim bəy olub.

Qarasubasar mahalının sakinləri əsasən əkinçilik və baramaçılıq, pambıqçılıqla məşğul olublar.

Mahalları xan talağı (fərmanı) ilə təyin olunmuş mahal bəyləri (naiblər) idarə edirdilər. Kəndləri və obaları kovxalar və yüzbaşılar idarə edirdilər. Onları kənd və ya oba icması seçirdi.

Yuxarıda qeyd etdiyimiz kimi, inzibati cəhətdən Şamaxı xanlığı mahallara bölünmüşdü ki, onun da mərkəzi idarə aparatı ilə yanaşı, hər mahalın da öz idarə orqanları var idi. Mahalları bəylərdən təyin olunmuş mahal naibləri idarə edirdilər.

Mahal naibləri xanın müəyyən etdiyi vergiləri kənd icmaları arasında bölür, vergi verməkdən boyun qaçıranları vergiləri ödəməyə məcbur edir, lazım gəldikdə kəndliləri qoşuna səfərbər edir, müharibə və yürüş zamanı onlara komandanlıq edir, mahalın sərhədlərini qoruyurdular.

Məlik Rəhim bəy Qarasubasar mahalının naibi olmaqla, eyni zamanda Zərdab kəndinin yerləşdiyi Şirvan ərazisində xeyriyyəçiliklə məşğul olub, elmə, maarifə himayədarlıq edib.

Böyük hörmət və nüfuz sahibi olan Rəhim bəy İran şahzadəsi Xosrov Mirzə Qacar Rusiyanın paytaxtı Peterburqa gedərkən onu Qarabağda qarşılayan Şirvan bəyləri qrupunda olub.

“Hələ 1826-cı ildə və sonrakı illərdə də faktiki olaraq Qarasubasar mahalının naibi Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəyin olmasının tarixi təsdiqini Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxiv materialları içərisindən əldə etdiyim, ağ saya vərəqə üzərində, qara mürəkkəblə qoşun dəstəsi üçün təcili surətdə çörək göndərilməsi haqqında farsca yazılan və həmin məktubun üstünə general Paskeviç tərəfindən yazılmış və Qarasubasar mahalının naibi Rəhim bəyə göndərilmiş 21 oktyabr 1826-cı il tarixli, 1 vərəqədən ibarət, rus dilində olan əmrdən də aydın görmək olar. Həmin əmr ilə Zerdab.com saytının oxucularını tanış etmək maraqlı olardı.

Farsca yazılan bu məktubun mətnində bildirilir:

Hörmətli alicənab Rəhim bəyə.

Keçmişdə qoşun sursatı haqqında məktub yazmışdım. Yenə də bu barədə cənab polkovnik Mişkinə məktub yazmışam. Sizin sədaqətinizə tam əminəm.

Mümkün olsa, tez bir zamanda padşah anbarlarından min çuval taxıl uzunqulaqlara yükləyib Çərəkənə yola salasınız (Çərəkənə dedikdə, indiki Göyçay rayonunun Çərəkə kəndi nəzərdə tutulur).

      1826-cı il oktyabr ayı (1342-ci il, Rəbiül-axır)”.

Bu haqda hörmətli İmperatorun eşikağası (eşikağası o zaman daxili işlər naziri hesab olunurdu) Anişov Paskeviçə məlumat verilib.

Eyni zamanda bu məktubun üstünə farsa yazılan dərkənarda bildirilir ki, məsələ ilə bağlı cənab polkovkik Mişkinə məlumat verilib.

Farsca yazılan və möhürlənən sösügedən məktubun üstündə köndələn surətdə belə dərkənar yazılıb:

“Zərdab mahalının naibi Rəhim bəyə. 1004-cü dəstəyə ən qısa vaxtda çörək çatdırma haqqında əmr. 21 oktyabr 1826-cı il. General – Paskeviç”.

Mənbələrdə  Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəyin yalnız Səlim bəy adlı oğlu olduğu bildirilsə də, apardığımız araşdırmalar deməyə əsas verir ki, Məlik Rəhim bəyin oğlu Səlim bəydən başqa Qasım bəy, Hidayət bəy, Əsəd bəy adlı oğulları, Tubu və Ayna xanım adlı qızları olub.

Məlik Rəhim bəyin Cəfərqulu bəy, Məmmədalı bəy, Qədir bəy adlı qardaşları da olub ki, onların hər biri Şirvanın ən varlı-dövlətli bəylərindən hesab edilib.

Rəhim bəy 1837-ci illərdə dünyasını dəyişib.

Allah rəhmət eləsin.

Zerdab.com