Azərbaycan Yazıçılar Birliyində müasir Azərbaycan ədəbiyyatının parlaq ismi, görkəmli şair, mərhum anam Nurəngiz Günün 85 illiyi münasibətilə “Nurəngiz Gün 85 – Ədibin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı” adlı tədbir keçirilib.
Zerdab.com-a verilən məlumata görə, tədbirdə texnika və filologiya elmləri doktoru, şair-publisist Elçin İskəndərzadənin Nurəngiz Günə həsr etdiyi “Günəşin elçisi” esse-monoqrafiyası, şair-tərcüməçi Səlim Babullaoğlunun rəhbəri olduğu Tərcümə Mərkəzinin və Türkiyənin məşhur ədəbiyyat-sənət toplusu olan “Temrin” jurnalının birgə təşəbbüsləri ilə şairəyə həsr etdikləri xüsusi nömrəsi, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi “Nurəngiz Gün Beynəlxalq Ödül” yarışmasının qaliblərinin, eyni zamanda Nurəngiz Günün xarici ölkələrdə yayımlanan şeirlərindən ibarət Antologiyanın və şair Maşallah Məftunun Nurəngiz Gün haqqında qələmə aldığı “Güllərin soyqırımı” kitabları, o cümlədən dövri mətbuatın, ədəbi jurnalların yubiley münasibətilə yayınları geniş oxucu kütləsinə təqdim edildi.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, akademik Teymur Kərimli, millətvəkili Arzu Nağıyev, professor Vaqif Yusifli, Bədii Tərcümə Mərkəzinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Aerokosmik Tədqiqatlar Agentliyinin rəhbəri, texnika və filologiya elmləri doktoru Elçin İsgəndərzadə, ədəbi tənqidçi, “Azərbaycan” jurnalının baş redaktor müavini Əsəd Cahangir, “Qobustan” jurnalının baş redaktoru, yazıçı Pərvin, filologiya üzrə elmlər doktoru Bahar Bərdəli, “Zərdabi Nəşr” nəşrlər evinin direktoru Elman Qasımov, tarix üzrə fəlsəfə doktoru, milyonçu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, şairələr Aləmzar Sadıqqızı, Narıngül Nadir və başqaları tədbirdə çıxış etdilər.
Çıxışçılar təqdim edilən nəşrlərin ədibin həyatı və yaradıcılığı haqqında müfəssəl məlumat-mənbə xarakteri daşıdığını, bu nəşrlərin Nurəngiz Gün haqqında tədqiqat aparacaq gənc tədqiqatçılar, alimlər üçün samballı bir qaynaq olduğunu ifadə etdilər, şairənin ədəbiyyatımıza bəxş etdiyi əsərlərin mənəvi dəyərindən, bu əsərlərin aşıladığı vətən, torpaq, yurd, insan, təbiət, ana sevgisindən bəhs etdilər, bəşəriyyətə xitab edən dünyəvi poemalarından söhbət açdılar, Nurəngiz Günün yaradıcılığının daha geniş və əhatəli şəkildə, elmi əsaslarla tədqiq edilməsinin vacibliyini vurğuladılar.
Tədbirin bütün təşkilatçılarına, iştirakçılara və çıxışçılara ailəmiz adından
Nurəngiz Günün xatirəsinə göstərdikləri ehtiram və sevgilərə görə minnətdarlığımı bildirirəm.