“1898-1911-ci il tarixli Bakı quberniyasının inzibati bölgüsü üzrə tərtib olunmuş topoqrafik planalma xəritəsinə diqqət yetirdikdə Lələ Əhmədli kəndinin (indiki Dəli Quşçu kəndi) böyük kənd yaşayış məntəqəsi kimi mövcud olduğunun şahidi olursan. Göyçay qəzasında, indiki Zərdab rayonu ərazisində, o dövrdə ən böyük yaşayış məntəqəsi kimi Zərdab və indiki Dəli Quşçu kəndinin (keçmiş Lələ Əhmədli kəndi) mövcud olduğu, eyni zamanda Kür çayının sol sahilində Tuqay meşəsi ətrafında Lələ Əhmədli yaşayış məntəqəsinə paralel olaraq Zərdab kəndinin ondan 1.8-2.0 km-lik məsafədə yerləşmə vəziyyətinin dəqiq olaraq planda əks olunması diqqəti cəlb edir”.
Bunu Zerdab.com saytına aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi Eldəniz Həsənov bildirib.
“İndiki Dəli Quşçu kəndi ərazisində Vəlixanlı kəndinin olduğu da planda əks olunmuşdur. Vəlixanlı kəndi tarixi bir fakt olaraq kolxozlaşma dövründə müstəqil kolxoz kimi fəaliyyət göstərmiş və sonradan bu kənd oradan köçərək indiki Qoşaoba kəndi ilə birləşmiş və bir kolxoz olmuşlar.
Lələ Əhmədli kəndi rayon mərkəzindən 3-5 km şimal-qərbdə yerləşməklə qədim zamanlardan bəri indiki Zərdab ərazisində ən iri yaşayış məntəqəsi olmuşdur. Kənd çox böyük nüfuz sahibi olmuş Lələ Əhmədin şərəfinə belə adlanıb. İndi bu kənd Dəli Quşçu adlanır.
Vəlixanlı kəndi Zərdabın əsas yaşayış məntəqələrindən biri olmuşdur. Vəlixanlı kəndi ötən əsrin 50-ci illərində Qoşaoba kəndi ilə birləşərək “Kommunist” kolxozunun tərkibinə daxil edilmiş, sonralar kənd tam şəkildə Qoşaoba ərazisinə köçürülmüşdür. Vəlixanlıların ata-baba yurdu indiki Zərdab Peşə Liseyindən bir qədər irəlidə, Zərdab-Mollakənd şosse yolunun sol kənarında, Dəli Quşçu (keçmiş Lələ Əhmədli kəndi) kənd qəbiristanlığına bitişik olan ərazidə mövcud olmuşdur.
Hacılı yurdu da kolxoz quruluşunun qurbanı olmuş, “Kommunist” kolxozunun tərkibinə daxil edilərək ərazisinə pambıq əkilmiş, əhalisi isə bir camaat olduqları Qoşaoba kəndinə köçürülmüşdür.
Nəcəfalılı kəndi Zərdab-Ucar şosse yolundan Bəyimli qəsəbəsinə dönən yolun sol hissəsində mövcud olmuş və Vəlixanlı kəndi ilə bərabər indiki Qoşaoba ərazisinə köçürülmüş, “Kommunist” kolxozunun tərkibinə daxil edilmişdir. Nəcəfalılı kəndi də Vəlixanlı kəndinin aqibətini yaşamışdır. Əslində, bu iki kəndin birləşməsindən Qoşaoba kəndi yaranmışdır.
Qaravəlili yurdu da Nəcəfalılı kəndinin yaxınlığında mövcud olmuşdur. Sovet hökumətinin güclü kollektiv təsərrüfat (kolxoz) yaratmaq ideyasının qurbanı olan bu yaşayış yeri də Vəlixanlı və Nəcəfalılı kəndlərinin aqibətini yaşamışdır.
Həmin yurd yeri (ərazi) həmişə indiki gənc nəslə də “Vəlixanlı yurdu” kimi təqdim olunur”.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Müvəqqəti İnqilab Komitəsinin 1920-ci il 5 may tarixli dekreti ilə xanların, bəylərin, mülkədarların, həmçinin monastırların, kilsələrin, məscidlərin bütün torpaqları, vəqf yerləri müsadirə edilərək, milliləşdirilib kəndlilərin istifadəsinə verilmişdir. Bu zaman yerlərdə böyük mülk, torpaq, var-dövlət sahiblərinin adını daşıyan bir sıra kənd yaşayış məntəqələrinin, o cümlədən Lələ Əhmədin adı ilə əbədiləşən Lələ Əhmədli kəndinin də (indiki Dəli Quşçu) adı dəyişdirilmişdir.
Qeyd edim ki, qədim türk tayfalarından biri Quşçu tayfası olmuşdur. Bu adda Şamaxıda, Tovuzda, Şabranda, Borçalıda və sair yerlərdə kəndlər vardır. İndiki Zərdab rayonu ərazisində tərəkəməçiliklə, əkinçiliklə məşğul olan Lələhmədli elinin qədim Quşçu tayfasına mənsub olması, Dəli Quşçu kəndinin adından da məlum olur”.
Zerdab.com