Böyük “Əkinçi”nin ölməz xatirəsi

0
2103
ramil-mehdiyev-zerdabi

Dünən Azərbaycan milli mətbuatının və ölkədə peşəkar teatrın əsasını qoymuş, mədəni tərəqqi yolunda bir sıra sivil özüllər yartmış Həsən bəy Zərdabinin əbədiyyətə qovuşmasının 116-cı ildönümü günündə keçirilən anım mərasimlərində böyük maarifçi-demokratın işıqlı xatirəsi dərin ehtiramla yad edildi, tarixi xidmətlərinə qədirbilənliklə nəzər salındı.

Paytaxtın və Həsən bəyi xalqımıza bəxş etmiş Zərdab rayonunun bir qrup zərdabi­sevər gəncinin Nizami kino mərkəzində təşkil etdiyi mə­rasimdə Media Agentliyinin sifarişi ilə İctimi Televiziyanın ərsəyə gətirdiyi “Əkinçinin doğru sözü” bədii-sənədli fil­minə baxış keçirildi. Ssenari müəllifi Müqədəs Şahbazov, rejissoru İlkin Şirinli və ope­ratoru Orxan Qurbanlı olan yeni ekran əsərində xalqımı­zı XX əsrin istiqlal savaşına hazırlamış böyük mütəfəkki­rin mübarizələrlə dolu həyat yolu, sonsuz Vətən sevgisi, müqəddəs amalının əhatəli əksi gənc nəslin təmsilçilərin­də geniş bilgi və unudulmaz təəssürat yaratdı.

Mərasimin təşkilatçısı zərdabisevər Ramil Mediyev və zərdabişünas Eldəniz Həsənov filmin nümayişindən sonra orijinal ekran əsərini azadlıq və tərəqqi aşiqi olmuş Zərdabinin kinoda mükəmməl bədii obrazının yaradılmasına doğru atılmış uğurlu addım kimi dəyərləndirdilər.

Sonra mərasim iştirakçı­ları Fəxri xiyabanda ümum­milli lider Heydər Əliyevin və böyük xalq xadimi Həsən bəy Zərdabinin məzarları­nı ziyarət etdilər. Ölkəmiz­də doğru sözün and yerinə çevrilmiş Həsən bəyin əbədi məkanında çıxış edən zər­babişünas jurnalistlər Tahir Aydınoğlu və Akif Aşırlı mil­li mətbuatımızın banisinin azərbaycançılıq məfkurəsi­nin əsaslarının yaradılma­sında müstəsna xidmətləri­ni qeyd etdilər, bu misilsiz şəxsiyyətin həyat və müba­rizəsinin yeni nəsillər üçün mükəmməl bir örnək olduğu­nu vurğuladılar.

Anım mərasimində bildi­rildi ki, Zərdabinin Azərbay­canın müstəqil və sivil bir məmləkət olması ilə bağlı ən böyük arzuları çağdaş dövrdə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tarixi səyləri ilə gerçəkləşib. Bu ta­rixi nailiyyət xalqının bəlalı ta­leyi ilə bağlı həyatdan nakam və narahat köşmüş Həsən Bəy Zərdabinin ruhuna ən böyük rəhmətdir.

Tahir RÜSTƏMLİ
Mənbə: “Xalq” Qəzeti