“Heydər Əliyev İli” ilə əlaqədar YAP Zərdab rayon təşkilatı tərəfindən tədbir keçirilib.
Zerdab.com xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında danışıb.
Bu gün təsis edilməsinin 31-ci ildönümü qeyd olunan Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli yol keçdiyi, ümumxalq partiyasına çevrildiyi diqqətə çatdırıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir.
YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 31 illik tarixi zəngin və şərəfli inkişaf yoludur.
YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük uğurlara nail olunub.
Milli Məclisin deputatı Jalə Əliyeva Ulu Öndərin öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etdiyini, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Jalə Əliyeva qeyd edib ki, məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.
Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyev tarix yaradan fenomenal şəxsiyyətdir.
Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər müasir tariximizin şərəfli dövrünü əhatə edir.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman və təşəkkürnamə, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
Zerdab.com