“Bərzəng şəhərinin adı mənbələrdə bəzən Bərzənd, Bərzənc və yaxud Bərdic kimi çəkilir. Bu şəhər X-XIII əsrin ən böyük şəhərlərindən hesab edilib. Ticarət şəhəri kimi Təbriz, Dərbənd, Bərdə, Beyləqan kimi öz dövrünün böyük şəhərləri ilə bəhsləşən Bərzəng şəhəri Zərdabın indiki Körpükənd kəndinin ərazisində olub”. Bunu Zerdab.com saytına müsahibəsində aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi Eldəniz Həsənov bildirib.
Zərdab ərazisində böyük ticarət mərkəzi hesab edilən şəhərlərdən biri də Suffin şəhəri olub: “Şirvanda İslam dinini yaymaq üçün aparılan Suffin döyüşü bu şəhərin adı ilə belə adlanır. Bəzi mənbələrə görə, Üveys-ƏL-Qərani (Veyis baba) bu döyüşdə dünyasını dəyişib. Qəbri də elə burada böyük pir kimi ziyarətgaha çevrilib”.
Yasər şəhəri Suffin şəhəri ilə qonşuluqda yerləşən, dövrünün iri ticarət mərkəzlərindən biri olub: “Bu böyük şəhərin indi yalnız adı qalıb. Yasər şəhəri indiki Yuxarı Seyidlər kəndinin yerində olub”.
Bıçaqçı kəndi ərazisində isə Yerayiz şəhəri adlanan ticarət mərkəzi olub. Onun da indi yalnız adı qalıb.
Körpükənd kəndi ərazisində Xasa kəndi adlı bir yurd yeri olub. “Xasa arxı” adlana arxın üstündə olan bu kəndin də indi ancaq adı var.
Otmanoba kəndinin yaxınlığında isə Ulubiyan adında kənd olub. Kəndin əhalisi indiki Zərdab, Ağcabədi, İmişli və Beyləqan rayonlarında məskunlaşıblar.
Davamı olacaq…
Zerdab.com