Cuşa gəldi zirvə, dağ,
Bayraq var sinəsində.
Azad oldu Qarabağ,
İgidlər sayəsində.
***
Hər daşında var izim,
Zirvəyə ucalmışıq.
Zəfər bizimdir, bizim,
Qələbə qazanmışıq.
***
Düşməni dərdə salıb,
Onlara bu da azdı.
İlhamdan İlham alıb,
İgidlər tarix yazdı.
***
Düşmən istədi aman,
Daim belə olacaq!
Şəhidlər hər bir zaman,
Qürurla anılacaq.
***
Qarabağ, yurdum mənim,
Tariximizsən bizim.
Baxıb buna sevinir,
Həm Göyçəm, həm Təbrizim.
Müəllif Nicat İsmayılov , “Xəzər TV”nin redaktoru
*******************
Sənə Zəfər yaraşır
Vətən müharibəsində
Biz qələbə qazandıq.
Bu gün Anım Günüdür
Qəhrəmanları andıq.
***
Tarix yazdı igidlər,
Hamısı əzizimizdir.
44 günlük müharibə,
Şanlı tariximizdir!
***
Dəmir yumruq düşmənin,
Mənfur başını əzdi.
Düşmənlər Qarabağda
Daim qala bilməzdi.
***
İndi azad Qarabağ
Günbəgün abadlaşır.
Mənim qədim torpağım!
Sənə bu çox yaraşır.
***
Bizə Zəfər yaşatdı,
İgid oğullarımız.
Hər birini anırıq,
Minnətdarıq hamımız!
***
Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!
Müəllif: Nicat İsmayılov, “Xəzər TV”nin redaktoru
Həsrət bitdi, Qarabağ
Qarabağı işğaldan,
Azad etdi igidlər.
Heç zaman unutmarıq,
Tarix yazdı şəhidlər.
***
44 gündə düşmənə,
Qəhrəmanlar çəkdi dağ.
30 il ayrı qaldıq,
Həsrət bitdi, Qarabağ.
***
Keçdi qorxmaz oğullar,
Od-alovun içindən.
Danışacaq nəsillər,
Onların mərdliyindən.
***
Aylar, illər ötəcək,
Qürurla anacağıq.
Şəhidlər ölməzdilər,
Birgəyik sanacağıq.
***
Əziz Vətən, can Vətən,
İgidlərin var olsun.
Oğlun, qızın səninlə
Daim bəxtiyar olsun.
Müəllif: Nicat İsmayılov, “Xəzər TV”nin redaktoru
Biz Zəfər qazanmışıq!
İgidlər öz qanıyla
Yazdı Zəfər dastanı.
30 il gözləmişdik,
Bu tarixi, bu anı.
***
Dəmir yumruq düşmənə,
Öz yerini göstərdi.
44 günlük döyüşlər,
Tarixi bir Zəfərdi.
***
Analar ağlamasın,
Şəhidlər ölməzdilər.
Düşmənlər öz xoşuyla,
Yurdumdan getməzdilər.
***
44 günə min ilin,
Tarixini yazmışıq.
Qarabağ Azərbaycandır,
Biz Zəfər qazanmışıq.
***
Polad iradəmiz var,
Sınmarıq, əyilmərik.
Bir ölüb, min dirilən
İgid Mübarizlərik.
Müəllif: Nicat İsmayılov, “Xəzər TV”nin redaktoru
Tarix yazdı igidlər
Mən bir Vətən övladı,
Dərs aldım tariximdən.
Düşmənlər anladı ki,
Biz qorxmarıq heç kimdən.
***
Mən həqiqət carçısı
Qarabağ yurdum mənim.
Tarix yazdı igidlər,
Bunu gördü düşmənim.
***
Yaşasın Azərbaycan,
Düşmənləri xar olsun.
Uğrunda verərik can,
Təki Vətən var olsun.
Müəllif: Nicat İsmayılov, “Xəzər TV”nin redaktoru