Millət vəkili Jalə Əliyeva rayonumuzla bağlı önəmli məsələləri gündəmə gətirdi

0
3060
jale-eliyeva

92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Milli Məclisin komitə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı öz fikirlərini səsləndirib.

Millət vəkili çıxışı zamanı rayonumuzla bağlı önəmli məsələləri də gündəmə gətirib.

Zerdab.com saytı xəbər verir ki, Jalə Əliyeva mülahizələrini, xahiş və təkliflərini səsləndirib:

“İlk növbədə belə deyək ki, həyat qaynağı olan su haqqında danışmaq istəyirəm. Ümumiyyətlə, bu problem demək olar ki, bütün deputatların, xüsusilə Aran zonalarını təmsil edən deputatların, həmçinin mənim də çıxışlarımızda mütəmadi yer alır. Əkin sahələrinin vaxtında suvarılması məhsuldarlığın artması və kəndlinin həyat şəraitinin yaxşılaşması deməkdir. Əkinini suvara bilməyən kəndli ailəsini dolandırmaq üçün iş yeri axtarmağa başlayır. Kənd yerlərində işlə təminin nə qədər çətin olduğunu isə hər birimiz bilirik.
Ona görə də su probleminin müəyyən ölçüdə həll edilməsi özlüyündə bir çox problemləri həll etmiş olar. Bu problemlərin rayonların daxili imkanları ilə və ya rayonlardakı su təsərrüfatı şöbələrinin imkanları ilə aradan qaldırılması mümkün deyil. Ölkədə həm təsərrüfat sularının, həm də içməli su qıtlığının aradan qaldırılması üçün böyük layihələrin hazırlandığı məlumdur. Lakin həmin layihələr reallaşana qədər büdcədən bu sahəyə, xüsusilə Aran zonalarına cari maliyyə vəsaitinin ayrılmasına və tədbirlər
görülməsinə ehtiyac var.

Söhbət su probleminin yaratdığı maneələrlə bərabər, həm də işsizlikdən düşmüşkən bir məsələyə də toxunmaq istəyirəm. Biz bu fikrimizi sosial komitənin iclasında da bildirdik. Rayonlarda iş yerlərinin açılmasına ehtiyac var. Hər bir rayonun iqtisadi, coğrafi, sosial özəllikləri, spesifikası nəzərə alınaraq, hər bir rayon üçün xüsusi iqtisadi proqramlar hazırlanması və bu proqramlarda həmin rayonların kənd təsərrüfatı istehsal sahələri nəzərə alınaraq müəssisələrin açılması vacibdir. Bu həm də regionların daha mükəmməl və sürətli inkişafına səbəb ola bilər.
Digər tərəfdən, rayonlarda dövlət qurumlarının regionlaşdırılması səbəbi ilə atrıq yerli səviyyədə, icra hakimiyətləri tərəfindən iş təmini imkanları sıfıra enib. Bu da müəyyən çətinliklər yaradır. Bu amilin də nəzərə alınmasını xahiş edirik.

Mən bir neçə kəlmə ilə gənclər və idman sahəsi ilə bağlı da fikirlərimi bildirmək istəyirəm. Yeniyetmə və gənclərin idman hazırlığının gücləndirilməsi ölkəmizdə prioritet təşkil edir. Bu sahəyə dövlət böyük diqqət ayırır. Lakin bununla belə hələ də rayonlarda təmirsiz, bərbad vəziyyətdə olan stadionlar var. Məsələn, mənim deputatı olduğum Zərdab rayonunda mərkəzi stadion son dəfə 18 il əvvəl bizim təşəbbüsümüz və iştirakımızla cari təmir edilib. Uzun illərdən bəri həmin stadionun əsaslı təmiri maliyyə çatışmazlığı səbəbi ilə növbə gözləyir. Rayon gənclərinin idmana olan böyük həvəsi və vətəndaşların davamlı tələbləri Rayon İcra Hakimiyyəti tərəfindən nəzərə alınaraq, vəziyyətdən çıxış yolu kimi, ötən il rayonda daxili imkanlarla mini-futbol meydançası inşa edildi. Lakin bu dəfə də həmin meydançanın yaşıl örtüyünün əldə edilməsinə köməklik göstərmələri üçün Gənclər və İdman Nazirliyinə etdiyimiz müraciət yenə maliyyə vəsaitinin çatışmaması ucbatından müsbət həllini tapmadı. Ona görə də, bu kimi hətta ən elementar məsələlərin belə həllində çətinliklərin yaranmaması üçün bu sahəyə məqsədli vəsaitlərin ayrılması məqsədəuyğun olardı.

Eynu zamanda, hörmətli maliyə nazirimiz bu sahədə təmir bərpa işlərinə 11 milyon vəsait ayrılacağını bildirdi. Təmir və bərpa ediləcək İdman kompleksləri və stadionların siyahısına deputatı olduğum Zərdab rayonunda bir az əvvəl qeyd etdiyim kimi, 18 ildir növbəsini gözləyən Şəhər Mərkəzi Stadionunun da daxil edilməsini xahiş edirik”.

 Zerdab.com