Xalq arasında gəzən deyimlər
“Onda mən hər ikisindənəm”
Həyatından məlumdur ki, xalq şairi Səməd Vurğun asudə vaxtlardında Azərbaycanın hər bir guşəsini qarış-qarış gəzir, insanların məişəti ilə tanış olur, yeni qələm nümunələri üçün mövzu toplayırdı. Onun sevimli məşğuliyyətlərindən biri də ovçuluq idi.
1950-ci illərin yaz aylarında şairin yolu Zərdaba düşür.
Qarşısına çıxan adamlardan harada ov üçün yaxşı şərait olduğunu öyrənir.
Məlum olur ki, Körpükəndin qarşısında, Kür çayının o tayında ov heyvanları ilə zəngin meşə var. Hətta bu meşədə nadir heyvanlar olan ceyrana, cüyürə təsadüf olunur.
Şairdə bu meşəyə getmək üçün maraq yaranır.
“Pobeda” markalı minik maşınını deyilən istiqamətə yönəldir.
Çox getmir ki, qarşısına bir kənd çıxır.
Məlumat almaq üçün maşını saxlayır və yol kənarında qoyun otaran bir kişidən soruşur:
– Qardaş, bura hansı kənddir?
Kişi cavab verir:
-Burunlu kəndidir.
Kəndin adı şairə maraqlı gəlir.
Odur ki, zarafatyana soruşur:
-Kənddə hamının burnu var?
Kişi suala müəmmalı cavab verir:
-Qonaq qardaş, bugünlərdə kənddə toy var idi. Bir nəfər kəllə ilə vurub bir başqasının burnunu yerindən oynatmışdı. Həkimlərin səyi ilə burun yerinə bərpa edildi. İndi kənddə hamı burunludur.
Şair yenə zarafatından qalmır:
-Hə, bu yaxşı oldu. Yoxsa kəndin adına xələl gələrdi.
Körpükəndin yerini öyrənən şair Kürün Qarabağ tayına keçmək üçün sahilə gəlir. Maşını saxlayıb tüfəngini və qəfəsini götürüb çayda balıq ovlayan bir nəfərə yaxınlaşır.
Salam verib deyir:
-Qardaş, ya yaxşılıq elə, ya da pulu ilə məni çayın o biri sahilinə keçir.
Balıq ovlayan kişi torunu yığa-yığa cavab verir:
-Bizdə yaxşılıq pulla satılmır. Gözlə, gəlirəm.
Toru gəmiyə yığan balıqçı sahilə gəlir və şairi gəmiyə dəvət edir.
Gəmi o biri sahilə istiqamət alır.
Bu zaman gözlərini Kürün sakit axan sularından çəkməyən şairin yadına şeiri düşür. Dodaqaltı zümzümə ilə həmin şeirdən bir neçə bənd söyləyir.
Gəmiçi ha qulaq verir, heç nə başa düşmür.
Səməd Vurğun şeiri qurtaranda kişi dillənir:
– Ovçu qardaş, deyəsən, sən də şair-mairsən ha.
Səməd Vurğun bu sözə reaksiya vermir.
Gəmi sahilə yaxınlaşır.
Şair çevik hərəkətlə sahilə tullanır.
Bu zaman yadına gəmiçinin sözü düşür. Odur ki, soruşur:
-Qardaş, bayaqkı ifadə nə demək idi? Şair məlumdur kimə deyilir. Bəs mair nədir?
Qarşısındakı şəxsin Səməd Vurğun olduğunu bilməyən kişi cavab verir:
– Şair Mikayıl Müşfiqə, Səməd Vurğuna deyilir, mair isə sənin kimilərinə.
Səməd Vurğun gülümsəyərək:
-Onda mən hər iksindənəm,- deyir və meşəyə tərəf yoluna davam edir.
Şirin Şirinov, Qoruqbağı kəndi, müəllim.
Xüsusi olaraq Zerdab.com saytı üçün
Noyabr, 2023.