Zərdabın yetirməsi olan qürur duyduğumuz şəxslər kifayət qədərdir. Onlardan biri də Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli, polkovnik Məlik Məhərrəmovdur.
Zerdab.com xəbər verir ki, Məlik Məhhərəmov 1920-ci il avqustun 29-da Zərdabın Bıçaqçı kəndində dünyaya göz açıb.
Natamam orta təhsilini Bıçaqçı kəndində alıb. Daha sonra isə Xalq Təsərrüfatı Texnikumuna daxil olub.
Texnikumda təhsilini başa vurduqdan sonra ordu sıralarına çağırılıb.
Sonradan Böyük Vətən müharibəsi başlayıb və Məlik Məhhərmov 1941-1945-ci illər müharibəsində böyük xidmətlər göstərib.
Məlik Məhərrəmov Rusiyanın Vladimir şəhərində hərbi məktəbi bitirdiyi üçün müharibədə peşəkar hərbçi kimi öz sözünü demişdir. Belə ki, M. Məhərrəmovun komandiri olduğu rota 1943-cü ilin payızında Dneprin keçilməsində böyük şücaətlər göstərib, düşmənə sarsıdıcı zərbələr endirib.
Həmin dövrdə onun və rotasının göstərdiyi qəhrəmanlığın səs-sorağı bütün cəbhəyə, ölkəyə yayılıb. Sözügedən döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Məlik Məhərrəmova və onun rotasında xidmət edən 17 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
M. Məhhərmov Böyük Vətən müharibəsində Berlinədək şərəfli döyüş yolu keçib. Onun rotası Belarus, Ukrayna uğrunda gedən döyüşlərdə də xüsusi şücaətlər göstərib.
Qəhrəmanlıqlarına görə SSRİ-nin bir sıra orden və medalları ilə də təltif edilib.
Məlik Məhərrəmov müharibədən sonra da orduda xidmətini davam etdirib.
Belə ki, atıcı diviziyada batalyon komandiri kimi fəaliyyət göstərib.
Məlik Məhərrəmov daha sonralar Frunze adına Hərbi Akademiyanı bitirib.
Akademiyanı bitirdikdən sonra polk qərargah rəisi vəzifəsində çalışıb.
Məlik Məhərrəmov 1966-cı ilə qədər Azərbaycan Respublikasının Hərbi Komissarlıq sistemində məsul vəzifələrdə çalışıb.
O, Ağdaş, Xızı, Kürdəmir, Sabirabad rayonlarında və Bakı şəhərinin Nərimanov rayonunda hərbi komissar olub.
1966-1973-cü illərdə isə Azərbaycan Dövlət Universitetində hərbi kafedranın rəisi kimi fəaliyyət göstərib.
1995-ci ildə Məlik Məhərrəmovun yubileyi təntənəli surətdə qeyd edilib.
Prezidentin sərəncamı ilə Məlik Məhərrəmov “Şöhrət” ordeni ilə təltif olunub.
Məlik Məhərrəmov ömrünün sonunadək gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi sahəsində xidmətlərini əsirgəməyib.
Onun döyüş yolundan, qəhrəmanlıq ruhundan ilhamlanan neçə-neçə gənc məhz hərb sahəsini seçib, tövsiyələrindən bəhrələnib.
Zərdabımızın yetirməsi olan qəhrəman Məlik Məhərrəmov 2004-cü ildə 84 yaşında vəfat edib.
O, Birinci Fəxri Xiyabanda dəfn olunub.
2020-ci ildə Müdafiə Nazirliyinin tədbirlər planına əsasən, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər həyata keçirilib.
İstər xalqımızın ümummilli lideri Heydər Əliyev, istərsə də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən onun xatirəsinin həmişə əziz tutulduğunu qeyd edilib.
Məlik Məhərrəmovun Vətənə, xalqa həsr edilən 84 illik mənalı ömür yolunun bu gün də hər bir Vətən əsgəri üçün örnək olduğu vurğulanıb.
Qeyd olunub ki, hələ ötən əsrin 70-ci illərində istefada olan polkovnik Məlik Məhərrəmov Ulu Öndərin yaratdığı o vaxtlar analoqu olmayan ixtisaslaşdırılmış xüsusi orta məktəbin bir müddət rəisi olub və bu gün də haqqında xoş xatirələr söylənilir.
Sovet İtiffaqı Qəhrəmanı Məlik Məhərrəmovun qızı, pedaqoji elmlər namizədi, dosent Leyla Bayramova atasına həm sağlığında, həm də ölümündən sonra göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə ailələri adından minnətdarlığını bildirir.
Məlik Məhhərmov ömrünün son çağlarına kimi ölkəmizdə hərbi vətənpərvərliyin təbliği sahəsində çalışıb, gənclərin orduya hazırlanmasında, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş qabiliyyətinin yüksəldilməsində səylərini əsirgəməyib.
44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qəhrəmanları tarix yazdılar. Torpaqlarımızın işğaldan azad olunması ilə Məlik Məhərrəmovun da ruhu şaddır.
Məkanı cənnət olsun.
Nicat, Zerdab.com