“Hənifə Məlikova – Zərdabi adına təqaüd” kimlərə verilir? – Təqdimatı olub

0
2053
henife-melikova-zerdabi.png

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimi keçirilib.

Zerdab.com xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və elm və təhsil naziri Emin Əmrullayev iştirak edib.

Proqram çərçivəsində şəhid və aztəminatlı ailələrdən, həssas qrupdan olan, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan 54 qızın təhsilinə dəstək göstərilib.

Məqsəd cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.

2021-ci ildən həyata keçirilən layihə çərçivəsində 93 qızın təhsilinə dəstək göstərilib.

Bəs “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı” ilə bağlı nə bilirik?

Elm və təhsil naziri Emin Əmrullayev bildirir ki, bir çox sahədə olduğu kimi, bu sahədə də ilklərə imza atan ölkə kimi Azərbaycan istər Şərq, istərsə də digər müsəlman ölkələri sırasında xüsusi yer tutur.

henife-melikova-zerdabi-teqaud.png

Maarifçilik və xeyriyyəçilik ənənələrimizdən bəhs edən nazir Şərqdə ilk qızlar məktəbinin ölkəmizdə fəaliyyətə başlamasının xalqımız üçün böyük dəyər olduğunu vurğulayıb.

Təhsilin İnkişafı Fondunun şöbə müdiri Nərgiz İsmayılova isə “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının təsis olunması ilə bağlı bunları deyir: “Təqaüdün adına həsr olunduğu Hənifə Məlikova – Zərdabi Azərbaycanın ilk maarifçi qadınlarından biri və Bakıda ilk qızlar məktəbinin yaradıcısı kimi Azərbaycan qadınlarının inkişafına vacib töhfələr verib.

Hənifə Məlikova – Zərdabi 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə dünyaya göz açıb. Tbilisidə “Müqəddəs Nina” qız məktəbində təhsil alıb. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi.

Bu gözəl, ziyalı, sədaqətli və dəyanətli xanım millətimizin və ailəsinin yolunda fədakarlıq göstərib, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı deyil, həm də mübarizə yoldaşı olub. Azərbaycanda həyat yoldaşı haqqında memuar yazan altı qadından birincisi olan Hənifə Məlikova – Zərdabi 16 il həyat yoldaşı Həsən bəy Zərdabi ilə birlikdə Zərdabda yaşayıb.

Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində çox əziyyətlər çəkib.

Bu ziyalı xanım əri ilə Zərdabda yaşadıqları vaxtlarda mənzillərində pulsuz məktəb açıb, təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara elm, savad öyrədib.

Hənifə Məlikova Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb.

1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı” yaradılıb.

Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib.

Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən Hənifə Məlikova – Zərdabi 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyib.

O, 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb.

Hənifə xanımın adı, onun maarifçilik fəaliyyəti Zaqafqaziyanın demokratik dairələrində məşhurlaşıb.

Mübarizə aparanın, təşəbbüsçünün həyatı asan olmur. Hənifə xanım da bu cəhətdən istisna deyildir. Onun həyatı əziyyətlərlə, sınaq və təqiblərlə keçib. Hənifə xanımın amalı bacardığı qədər avam kütlənin, xüsusən də türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olub.

Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyib.

Hənifə Məlikova–Zərdabi 1929-cu ildə Bakıda vəfat edib, şəhər qəbiristanlığında dəfn olunub, sonralar cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarına köçürülüb.

Zerdab.com