Bu gün Zərdabın igid oğlu, birinci Qarabağ müharibəsi şəhidi Babək İsmayılovun anım günüdür.
Zerdab.com saytı xəbər verir ki, İsmayılov Babək 1971-ci il sentyabrın 20-də Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. 1989-cu ildə Qoruqbağı kənd tam orta məktəbinin 9-cu sinfini bitirib.
Uşaq yaşlarından fərdi şəkildə idmanla məşğul olan Babək İsmayılov boyu, cüssəsi ilə həmyaşıdlarından xeyli fərqlənirdi.
O, hündür boyu ilə uşaqlardan seçildiyi kimi, öz çevik hərəkətləri ilə də diqqəti cəlb edirdi. Bədən tərbiyəsi dərslərində, əmək işlərində xüsusi fərqlənirdi, həmişə birincilər sırasında olardı.
Babək uşaq yaşlarından zəhmətə alışmışdı. Gördüyü fiziki işlər də onun güclü, cüssəli bir gənc kimi formalaşmasında xüsusi rol oynamışdı. O, çəkdiyi zəhmət, əziyyət hesabına ailəsinin dolanışığına da köməklik edirdi.
Qarabağ müharibəsi başlayan vaxtlarda – vətənimizin ağır günlərində o da könüllü olaraq cəbhəyə yollandı. Öz qorxmazlığı, qəhrəmanlığı ilə cəbhədə rəğbət qazanan Babək İsmayılov 11 oktyabr 1992-ci ildə Ağdərə bölgəsindəki Çıldıran yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Babək İsmayılov Zərdab rayonunun Sarıqaya kəndindəki “Seyid Mahmud” qəbiristanlığında dəfn olunub.
Subay idi.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə şəhidlərimizin də ruhunu şad etdi, Babək və onun kimi minlərlə qəhrəmanın qanı yerdə qalmadı.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Qeyd edək ki, şəhidin doğulub boya-başa çatdığın kəndin girişinə xatirə lövhəsi qoyulub.
Xatirə lövhəsinin açılışından hazırlanmış videonu təqdim edirik.
Nicat İsmayılov, Zerdab.com