Əlvənd kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir.
Zərdab rayonunun Əlvənd kəndinin adına bir çox tarixi mənbələrdə rast gəlinir.
Tarixi mənbələrdə Şah İsmayıl Xətainin Zərdab rayonunda, həmçinin Əlvənd kəndində olduğu iddia edilir.
Hələ qədim zamanlarda Kür çayı əlverişli keçid rolunu oynayırdı və bu baxımdan Zərdabın özü də, kəndləri də strateji cəhətdən mühüm əhəmiyyət kəsb edirdi.
A. Bakıxanov “Gülüstani-İrəm” əsərində göstərir ki, Ağası xan 1775-ci ildə Əlvənd kəndində oturaraq bütün Şirvanı idarə edib.
Şah İsmayılın başçılığı altındakı Səfəvi qoşunları Zərdab ərazisindən keçərək Şamaxıya gedib.
“Əlvənd bazarı” həmin tarixlərdə Şərqin böyük bazarlarından biri sayılırdı.
“Əlvənd bazarı”na təkcə ətraf ərazilərdən deyil, uzaq şəhərlərdən alış-verişə gələrdilər.
Bu bazar təkcə böyüklüyünə görə yox, həm də qiymətlərin münasib olmasına görə insanların diqqətini çəkirmiş.
Tacirlər karvanlarla “Əlvənd bazarı”na gələrmişlər.
Onlar burada öz mallarını satar və ya onlar üçün lazım olan başqa hansısa məhsulla dəyişərmişlər.
Tacirlər həm də özlərinə lazım olan mal və məhsulları alıb aparmışlar.
O dövrdə Əlvənddə yaşayanların digər bölgələrdə yaşayanlarla müqayisədə xeyli imkanlı-varlı olduğu qeyd edilir.
Lakin sonradan müəyyən səbəblərdən “Əlvənd bazarı”nın başqa əraziyə köçürüldüyü və ya bağlandığı güman olunur.
Amma başqa əraziyə köçürülmə ehtimalı bir qədər azdır.
Əlvənd ən əlverişli nöqtələrdən birində yerləşirdi ki, bu da tacirlər üçün məqbul sayılırdı. Ola bilər ki, qədim Əlvənd kəndinə edilən hücumlar nəticəsində bu bazar dağıdılıb.
Qeyd edək ki, Əlvənd kəndi ərazisində qazıntı işləri apararkən sakinlər zaman-zaman çini və keramik qablar, mis pullar aşkarlayırlar. El arasında belə bir fikir var ki, bu nümunələr daha çox karvan yolu olduğu ehtimal edilən ərazilərdən tapılır.
Zərdab rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva hələ bir müddət öncə Zerdab.com saytına müsahibəsində həmin əşyaların bir çoxunun bu muzeydə qorunub-saxlanıldığını bildirmişdi.
Onu da əlavə edək ki, 1965-1970-ci illərdə Əlvənd kəndinin şimal-şərqində yerləşən “Dəvəçökəyi” adlanan ərazidə meliorasiya işləri aparılıb. Həmin vaxt ərazidən çoxlu sayda naxışsız gil qablar, müxtəlif əmək alətləri, bəzək əşyaları tapılıb.
Kənddəki köhnə qəbiristanlığın ətrafında aparılan qazıntı işləri zamanı isə küp qəbirlər tapılıb.
Zerdab.com