Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Zerdab.com xəbər verir ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılıb.
Bundan sonra isə Azərbaycan hərbçilərinin Ağdərədə olmasını əks etdirən görüntülər də yayılıb.
Rayonun girişində Azərbaycan bayrağının asılması da görüntülərdə öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Ordusu hələ birinci Qarabağ müharibəsində – 30 il öncə, 1992-ci ilin 4 iyul tarixində Ağdərə və ətraf kəndlər erməni silahlı birləşmələrinin işğalından azad edilmişdi… Təəssüf ki, o zaman cəbhədə əldə edilən mühüm qələbəni müxtəlif səbəblərdən qoruyub saxlamaq mümkün olmadı.
Birinci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş igidlərdən biri də həmyerlimiz Zaur Qasımovdur.
Zerdab.com xatırladır ki, Zaur Qasımov Zərdab rayonunun Yarməmmədbağı kəndində anadan olub.
O, 1973-cü ilin sentyabr ayının 5-də dünyaya göz açıb.
Zaur Qasımov uşaqlıq illərindən vətənpərvər ruhda böyüyüb.
1992-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb.
Onun döyüş yolu Ağdərədən başlayıb.
Ağır döyüşlərdə igidlik, qorxmazlıq, şücaət göstərib.
Zaur Azərbaycanımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr vurulması əməliyyatlarında tapşırıqları uğurla yerinə yetirirdi.
Zaur Qasımovun döyüş yoldaşları onun düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi şücaətləri bu gün də yaxşı xatırlayırlar.
Zaur iştirak etdiyi bütün döyüşlərdə qəhrəmanlıq, böyük şücaət göstərib.
O, Ağdərənin Mehmanə kəndində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanımızın, Zərdabımızın igid oğlu Zaur Qasımov hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yetirərkən – 1993-cü il fevral ayının 5-də şəhidlik zirvəsinə ucalıb.
Bəli, bu gün artıq Ağdərə azaddır, Azərbaycanımızın suverenliyi tam təmin olunub, dəmir yumruq sayəsində mənfur separatçılar özlərini buraxıblar və Azərbaycanın qanunvericiliyinə uyğun işlədikləri cinayətlərin cəzasını layiqincə alacaqlar.
Ağdərənin, Əsgəranın, Xankəndinin separatçıların əsarətindən azad olması, ölkəmizin suverenliyinin bərpası həm də Zaur Qasımov kimi igid oğulların qisasının alınması deməkdir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Amin.
Zerdab.com