Zərdab torpağında bitən şirin biyan dərdlərə dərman imiş

0
256

Zərdab aqrar-kənd təsərrüfatı rayonu hesab olunur. Rayonumuzun iqtisadiyyatı keçmiş zamanlarda necə olub və hazırda iqtisadiyyatının əsasını nə təşkil edir?

– Zərdablılar keçmiş zamanlardan bu günədək öz halal əməkləri sayəsində əldə etdikləri məhsulun sahibi olublar. Hazırda iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, baramaçılıq əsas əhəmiyyət kəsb edən sahədir. Zərdabın zəhmətkeş insanları bütün bunlarla yanaşı, bu gün öz şəxsi təsərrüfatlarında, özəl pay torpaqlarında bağçılıq və bostan-tərəvəz məhsullarının yetişdirilməsinə xüsusi diqqət yetirirlər. Yeri gəlmişkən qeyd edim ki, keçmiş zamanlarda Zərdabda Kür çayı sahili boyunca yerləşən kəndlərdə balıqçılığın inkişafına xüsusi diqqət yetirilib, əhalinin əksər hissəsi burada balıq vətəgələrində işləyib. Artıq bu sahə aradan çıxıb və sadəcə balıq ovu xobbi kimi, əhalinin məşğuliyyət növünə çevrilib.
Heyvandarlığın qədim sahələrindən biri hesab edilən atçılığa zərdablılar həmişə xüsusi qayğı göstəriblər. Məlumdur ki, müasir maşın və texnika ilə yanaşı, kənd təsərrüfatı işlərinin görülməsində atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Belə ki, fərdi və kəndli (fermer) təsərrüfatlarında ondan qoşqu vasitəsi, minik, yük daşınması və sair işlərdə istifadə etmək daha səmərəlidir. Xüsusilə, heyvandarlıq təsərrüfatının inkişaf etdirilməsində zərdablılar mal-qaralarının, xırda buynuzlu davarlarının yaylağa qaldırılmasında, qışlağa endirilməsində atlardan qoşqu, minik vasitəsi kimi, bilavasitə yük-azuqə, ləvazimat daşınmasında istifadə ediblər. Kolxoz, sovxoz təsərrüfatları ləğv olunsa da, heyvandarlıqla məşğul olan kəndli (fermer) təsərrüfatları, hüquqi və fiziki şəxslər tərəfindən keçmiş ənənə bu gün də davam etdirilir.
Bu gün zərdablılar ulularının, ata və babalarının yolunu davam etdirməklə, heyvandarlığın qədim sahələrindən olan atçılığın inkişafına xüsusi diqqət yetiriblər. Arıçılıq təsərrüfatlarının inkişaf etdirilməsi son illər respublikada daha geniş vüsət alıb. Ölkənin dağlıq rayonlarında hüquqi və fiziki şəxslər, kəndli-fermer təsərrüfatları iqtisadiyyatın bu gəlirli və səmərəli sahəsinə diqqətlə yanaşırlar. Arıçılığın inkişafına Şirvanın düzən, aran rayonlarında, həmçinin Zərdabda zəif münasibət göstərilməsinin başlıca səbəbi pambıq əkini və onun becərilməsində tətbiq olunan kimyəvi-bioloji dərmanların tətbiqi olub.
Bir daha qeyd edim ki, doğma Zərdabımızda tarixən arıçılıqla məşğul olublar. Heyvandarlıqla məşğul olan zərdablılar bir vaxtlar, yəni kolxoz, sovxoz təsərrüfatı mövcud olan zaman mal-qaralarını yaylağa qaldırarkən arı ailələrini də güllü-çiçəkli, səfalı yerlərə aparardılar. İndinin özündə də Zərdabda arı ailəsi saxlayan arıçılar vardır.
Həsən bəy Zərdabi də Zərdabda yaşadığı 1880-1896-cı illər ərzində arıçılıqla məşğul olub. Arıçılıqla bağlı elmi, praktiki işlərlə məşğul olan təbiətşünas alim yerli sakinlərə onun saxlanması, bəslənilməsi yolları barədə təklif və tövsiyələrini verib. Onun “Bal arısı” mövzusunda yazdığı məqalələri “Dəbistan” məcmuəsinin 1906-cı il 7-8-ci nömrələrində nəşr edilib. Alim bal arısı haqqında yazmış olduğu məqalələrində arının biologiyası, arı ailəsindəki polimorfizizm və bunun səbəbləri haqqında oxucularına ətraflı məlumat verdikdən sonra arıçılıq məsələlərinə keçir. O, praktiki olaraq, başqa sahələrdə olduğu kimi, arıçılığın da mədəni qaydalar əsasında təşkil olunması uğrunda mübarizə aparır, yerlərdə arıçılıq təsərrüfatlarının yaradılmasını məsləhət bilirdi.
Qeyd etdiyim kimi, Həsən bəyin bu faydalı sahəyə hələ Zərdabda yaşadığı vaxtda göstərmiş olduğu dərin münasibətin nəticəsidir ki, hələ o dövrdən bəri arıçılıqla məşğul olmaq zərdablıların təsərrüfat fəaliyyətində özünü göstərməkdədir.
Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan bitkisinin dünyada 18 növü yayılıb. Azərbaycanda onun 8 növü bitir. Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən küllü miqdarda şirin biyan yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzər sahili düzənliklərində, Muğanda, Qobustanda, Abşeronda, Alazan – Əyriçay vadisində, inzibati rayonlardan Kürdəmirdə, Bərdədə, Ağcabədidə, Ağdaşda, Ucarda və digər bölgələrdə geniş yayılmaqla yanaşı, Zərdab rayonunun inzibati ərazisi daxilində böyük əraziləri əhatə edir və ən şirin biyan bu torpaqda bitir. Zərdab torpağında bitən şirin biyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, vərəm, mədə yaraları, zəhərlənmə əleyhinə, xüsusən, ət və göbələk zəhərlənmələrinə qarşı müalicə vasitəsi kimi istifadə olunur. Şirin biyan maddələr mübadiləsinin nizama salınmasında, iflic, sinir xəstəliklərinin müalicəsində də əhəmiyyətlidir. Hazırda Zərdab rayonu ərazisində yığılan biyan kökü Saatlı rayonunun Gamışçı kəndi yaxınlığında istifadəyə verilən biyan zavoduna təhvil verilir. Hesab edirik ki, Zərdab torpağında bitən məhsuldar, şirin biyan bitkisinin kökündən emal olunan qiymətli məhsulların əldə olunması məqsədi ilə belə bir biyan istehsalı zavodunun Zərdab rayonunda da tikilməsinə zərurət vardır.

Aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi Eldəniz Həsənovun Zerdab.com saytına müsahibəsindən.

Qeyd edək ki, fitoterapevt həkim Dr. Fizuli Hüseynov yazır ki, biyan kökü hələ lap qədim zamanlardan həm dərman bitkisi kimi həmdə sarı rəng almaq təbii xammal mənbəyi kimi istifadə edilib. Biyan kökü bədən zəifliyində, halsızlıqda, bronxitlərdə, vərəmdə, allergiyalarda, imunitet zəifliyində və sairələrdə xalq təbabətində həmişə istifadə edilib. Biyan kökü ağ ciyər xəstəliklərində əsasəndə kəskin respirator virus xəstəliklərində və xroniki bronxitlərdə olduqca faydalı bir dərman bitkisidir. Sinə yumşaltmaq bəlğəmi təmizləmək üçün mükəmməl bir vasitədir. Səs tutulmalarında İnaq olmalarda göy öskürəklərdə biyan kökünü süddə dəmləyib içməyi məsləhət görürəm qəbuldan 3 gün sonra artıq faydasını görəcəksiniz.

Antifunqal təsiri.  Antifunqal təsir yəni göbələklər əleyhinə təsir deməkdir. Biyan kökü dəmləməsi müxtəlif mənşəli göbələklər əleyhinə dəri, dırnaqarası və daxili göbələklər əleyhinə təsirləri öyrənilmiş və olduqca güclü bir təsiri ortaya çıxmışdır.

Antimikrob təsiri. Biyan kökünün dəmləməsi (10 faizli nəzərdə tutulur) stafilokoklara qarşı olduqca gücle bir təsir göstərmişdir. Buna görədə daxilə qəbulu revmatizma xəstəliyində, ağ ciyər infeksiyalarında, öskürəklərdə faydalıdır.

Antiviral təsir.  Biyan kökünün dəmləməsi viruslar əleyhinə də öyrənilmişdir. Köklərin dəmləməsi əsasəndə qlisirizin turşusunun viruslar əleyhinə təsiri olduğu sübut edilmişdir. Bununlada biyan dəmləməsindən Hepatitlərdə, QİÇS xəstəliyində, müxtəlif mənşəli qriplərdə istifadə olunması faydalıdır. Virus xəstəliklərinin profilaktikası üçündə biyan kökünün dəmləməsi faydalıdır.

Antioksidant  təsir.  Aparılmiş elmi araşdırmalardan məlum olmuşdur ki, biyan dəmləməsi bədəndə ziyanlı xolesterin sayılan LDL miqdarını azaltmışdır yəni oksidləşməsini artırmışdır, daha sonra məlum olmuşdur ki, biyan çayı bədəndə toplaşmış ağır metal duzlarını özünə hopduraraq bədəndən çıxarılmasını sürətləndirmişdir.

Yara əleyhinə təsiri.  Siçanlara yüksək dozada əvvəlcə aspirin və sulfanlamid preparatları verilmiş sonra bu siçanlar 2 qrupa bölünmüş bir hissələrinin  mədələrində əmələ gəlmiş qastritlərin müalicəsində biyan dəmləməsindən istifadə edilmişdir. Biyan dəmləməsi və dəmləmə hopdurulmuş yeməklərlə qidalanan siçanlar daha tez sağalmışlar.

Biyan kökünün dəmləməsi atopik dermatitlərdə və qırmızı qurd eşənəyində xəstələrə təyin olunmuş xəstəliyin gedişatında 40-60 faiz yaxşılaşmalar qeyd edilmişdir.

Şirin biyan kökünün tibbdə istifadəsi

  • Bakteriostatik təsiri var.
  • Viral infeksiyalar əleyhinə təsiri vardır.
  • Mukolitik və antitussiv təsiri vardır.
  • İltihab əleyhinə qan kəsici təsir (antiflogistik təsir)
  • Spazmolitik təsir.
  • Mədə turşuluğu əleyhinə təsir.
  • Antiallergik təsir.
  • Göbələk əleyhinə antigunqal təsir.
  • Antimikrob təsir.
  • Antioksidant təsir.

Hansı  hallarda stifadə etmək olmaz.

Yüksək təzyiqdə, şəkər xəstəliyində, hamiləlikdə, süd vermə dövrlərində,  qaraciyər sirrozunda, kalium azlığında, uzun müddət sidikqovucudərmanlar içilirsə dərmanlarla birgə istifadə edilməməlidir, hormonal dərmanlarla birgə istifadə edilməməlidir.

Zerdab.com