Leyla Yaşar: “Çox təəssüf ki, atam bu uğurlarımı görmədi” – MÜSAHİBƏ

0
8993
yasar-isgenderli-zerdab

Leyla Yaşar imzası artıq təkcə Zərdab rayonunda deyil, ölkəmizin ədəbi mühitində də tanınır. Əsərləri müxtəlif ədəbi dərgilərdə çap olunur. Leyla Yaşar öz təxəllüsünü atasının adından götürüb. Onun atası Yaşar müəllimi isə rayonumuzda demək olar ki, tanımayan az adam tapılar. Yaşar müəllimin haqqında çox eşitsək də, bir ata, bir ailə başçısı kimi tanımaq da maraqlı olardı… Bu müsahibəmizdə həm Leyla Yaşarı oxucularımıza tanıdacaq, həm də Yaşar müəllimlə bağlı bəzi suallarımıza cavab alacağıq.

 – Leyla xanım, oxucularımıza özünüz barədə məlumat verərdiniz.

  • Mən İsgəndərli Leyla Yaşar qızı Zərdab rayonunda ziyalı ailəsində dünyaya göz açmışam. Dahi şəxsiyyət Həsən bəy Zərdabinin adını daşıyan 1 saylı tam orta məktəbin məzunu olmuşam. Məktəbdə qabaqcıl şagirdlərdən olmuşam. Uğurlarım məktəbdən başlayıb. 2 il dalbadal Tarix fənni üzrə Respublika Olimpiadasında 4-cü və 2-ci yerlərin qalibi olmuşam. “Azərbaycanın dünəni, bu günü, sabahı” adlı inşa müsabiqəsində Respublika üzrə 4-cü yeri qazanmışam. Uğurlarım haqqında həm yerli “Əkinçi” qəzetində, həm də “Azərbaycan” müəllimi qəzetində məlumat verilib. Həmçinin Ə. Zaman və D. Qaraşlının 800 səhifəlik “Azərbaycan XXI əsrə istedadlarla” adlı kitabında haqqımda məlumat verilib. Ali təhsilliyəm. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq – informasiya fakültəsini bitirmişəm. 5 il Bakı şəhərində çalışmışam. 2014-cü ildən Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında Oxuculara Xidmət şöbəsinin Oxu zalının müdiriyəm. Ailəliyəm. İki övladım var – Yusif və Aylin.leyla-yasar-zerdab-rayonu

– Yaradıcılığa nə vaxtdan başlamısınız?

  • Orta məktəb illərində Tarix fənnini həddindən çox sevirdim. Arzum jurnalist olmaq idi. Həyatın yelkəni məni fərqli səmtə yönləndirdi. Və arzum ürəyimdə qaldı desəm, yanılmaram…

   2000-ci ildə əlimə qələm aldım. İlk dəfə atamın anasına (nənəmə) kiçik bir esse yazmışdım. Müxtəlif mövzuda yazılarım var idi, ancaq çap etdirməyi düşünmürdüm. 20 il sonra yadırğadığım qələmi yenidən əlimə aldım. Atamı itirdikdən sonra daxilimdəki fırtınanı ancaq mən belə izah edə bilərdim.

– Əsasən hansı janrda yazırsınız?

  • Yazdıqlarım arasında ən çox hekayələr olsa da, üstündə çalışıb roman halına salınacaq yazılarım və atama yazdığım esse də var.

– “Daş adam” əsəriniz kifayət qədər müzakirə olundu. Buna səbəb nə idi?

Çalışdığım qədər hekayələrə ad seçimini qeyri-adi qoyuram. Mövzu ilə uzlaşan adlar oxucuda maraq yaradır. Məncə, oxucunu intizarda saxlamağı bacarıram. “Daş adam”da deyəsən, bunu bacarmışam. 4 övladını Vətənə qurban verən, övladlarının tabutunu rəqs etməklə qarşılayan, bunun bir fəxarət hissi olduğunu göstərən, sonda övladlarının adına açılmış bulağın qarşısında əllərini göyə açaraq “daşa” dönən məğrur bir Anadan söhbət gedir.

– Adətən deyirlər ki, regionda yaşamaq ölkə ədəbi mühitində tanınmağa mane olur. Sizcə, belədirmi, bunu hiss edirsinizmi?

  • Deməzdim. O qədər regiondan olan insanlarımız var ki, hər kəs tanıyır. İnternetin olduğu bir zamanda yaşayırıq. İnformasiya ildırım sürəti ilə yayılır.

– Amma tez-tez kəndə üz tutan bir insan kimi düşünürəm ki, rayonda yaşamaq insana yazmaq, yaratmaq üçün sanki bir imkan yaradır, yəni insan istəsə, buradakı sakit mühiti, vaxt bolluğunu yaradıcılıq baxımından dəyərləndirə bilər.

  • Bəlkə də qonaq olduğunuz üçün sizə maraqlı gəlir, yaxud da kənd həyatı olduğu üçün. Mən yaradıcılıqla şəhərdə daha aktiv məşğul idim. Ardı-arası kəsilmədən yazırdım. Rayon mühiti, düşünürəm ki, məni passivləşdirdi.

– Qazax, Ağstafa, Gədəbəy, Tovuz və digər bölgələrimizdə söz, sənət baxımından sanki daha qaynar mühit var. Bizim rayonumuzda, bizim bölgəmizdə vəziyyət necədir, bu baxımdan nələrin dəyişməsini istərdiniz?

  • Adlarını çəkdiyiniz bölgələr hər zaman söz, sənət beşiyi olub. Bizim rayon bu baxımdan o qədər qaynar deyil. Çox istərdim, bizim rayonda ədəbi məclislər təşkil olunsun, tamaşalar, kinolar göstərilsin, mədəniyyət aləmində çal-çağırlı məclislər çox olsun.

– Atanız Yaşar müəllimi rayonda demək olar ki, hər kəs tanıyır. Yaşar müəllim təkcə iş baxımından yox, elə həyatda da müəllim idi. Gördüyü problemlərə biganə qalmazdı. Bəs Yaşar müəllim bir ata, bir ailə başçısı kimi necə insan idi?

  • Atamı yazılarınızda hər zaman xatırlayırsınız. Buna görə çox təşəkkür edirəm sizə. Atam həyatda öz yerini tuta bilən insanlardan biri idi. Atam evdə də müəllim idi. Ailəsini, uşaqlarını sevən, arxasında duran, qayğısını çəkən, problemlərini həll edən, səmimi, abırlı, dürüst, zəhmətkeş, ədalətli bir insan, əsl Ata idi. Atam övladının hər addımında yanında olan insan idi. Buna görə qardaşım da, mən də bu cəmiyyətdə öz yerimizi tutmağı bacarmışıq.

– Yaşar müəllim öz əməlləri, həyat yolu ilə sizlərə nələri öyrətdi?

  • Atam mənə çox şeyi – ilk olaraq mübariz olmağı, əyilməməyi, ədalətli olmağı, düzgün olmağı, həyatı sevməyi öyrətdi. Bütün bunlar insana öz ayağı üstə dik, qürurlu durmaq üçün dayaqdı.

– İnsan var ki, rəhmətə gedər, unudular, insan var ki, rəhmətə getsə də, yeri görünür. Bu gün Yaşar müəllimin yeri rayonumuzda görünür…

  • Özünə rəhmət dedirdən insanların yeri hər zaman görünür. Atam rəhmətə gedəndə onun haqqında yazılan bir cümlə məni silkələmişdi: Cənnətini bu dünyada qazanan kişi… Bu söz hər kəsə deyilmir.

– Leyla Yaşar imzası ilə yazırsınız və atanızın adını özünüzə təxəllüs götürməklə adını yaşadırsınız. Yəni Yaşar müəllimin adı həm də Leyla Yaşar imzası ilə yaşayır. Atanızın buna münasibəti necə oldu?

  • Çox təəssüflə qeyd edim ki, atam mənim bu uğurumu görmədi. Amma inanıram ki, hər zamankı kimi çox sevinər və mənə arxa-dayaq olardı.

– Yeni əsər üzərində işləyirsinizmi?

  • Bəli, bəzi yazılarım var…

– Yaradıcılıqla bağlı hansı planlarınız var?

  • Üzərində çalışıb roman halına salacaq yazılarım var. Vaxt qıtlığı və isti yay günlərinə görə qələmi “dincə” qoymuşam.

– Son illər rayonumuzda ali təhsil almağa, oxumağa, övladını oxutmağa maraq göstərən ailələrin sayı xeyli artıb. Sevindirici məqamdır. Gənclərimizə hansı məsləhətləri verərdiniz?

  • Bizim rayonda hər zaman təhsilə, təhsilli insanlara qiymət verilib. İndiki zamanda hər kəs övladının təhsil almasını istəyir. Sevindirici haldır təbii ki. Mən istərdim ki, təhsil alan gənclərimiz savadlı olsunlar, əsl mütəxəssis olsunlar. Bunun üçün kitabxanlara üz tutsunlar. Tək dərsliklə kifayətlənməsinlər. Kitab oxumaq mədəniyyətli, dünyagörüşlü, savadlı olmaqdır.

– Rayonumuzla bağlı hansı arzularınız, istəkləriniz var? Rayonumuzu necə görmək istərdiniz?

  • Başqa rayonlarda olduğu kimi qaynar həyatın olmasını o qədər çox istəyərəm ki…

– Zerdab.com saytının, səhifəmizin daimi izləyicilərindən birisiniz. Fikirlərinizi bilmək xoş olardı.

  • Zerdab.com saytının, həmçinin səhifəsinin daimi izləyicisiyəm. Fərqliliyini, operativliyini və düzgünlüyünu qoruyub saxlamağını arzu edirəm!

– Müsahibə üçün təşəkkür edirik.

  • Mən sizə təşəkkür edirəm!

Zerdab.com