Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin, Zərdab rayon Mədəniyyət Mərkəzinin və MİHİ Zərdab rayon Komitəsinin birgə təşkilatçılığı ilə Milli Mətbuatımızın 148 illiyi ilə əlaqədar “Həsən bəy Zərdabi və Azərbaycan mətbuatı” adlı tədbir təşkil edilib.
Zerdab.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova qeyd edib ki, görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı iyunun 22-də özünün 148-ci ildönümünü qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Mətbuatımızın qaranquşu olan “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb.
“Əkinçi” qəzetinin səhifələrində yer alan baxışlar bu gün üçün də aktuallığını saxlayır, bir növ mayak rolunu oynayır.
Tədbirdə çıxış edən “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Zərdab rayon üzrə baş məsləhətçisi Urfan Əhmədov, Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə nümayəndəsi Sədi Hüseynov, şair Mübariz Umarov, Mədəniyyət Mərkəzinin əməkdaşı Teyyub Xəlilov və başqaları çıxış edərək bildirdilər ki, “Əkinçi” az yaşadı, ancaq şərəfli ömür sürdü. Zərdabinin yaratdığı qeyrət məşəlini cahillər, zalımlar əbədi söndürməyə çalışdı. Lakin bu məşəl elə mərd, qeyrətli, hünərli bir vətəndaşın zəkası ilə yandırılmışdı ki, heç bir tufan, qasırğa onu söndürə bilmədi. ”Əkinçi” ömrü H.B.Zərdabidən başlayaraq bu günümüzə qədər, bu günümüzdən gələcək nəsillərə qədər bizi müşayiyət edən qürur mənbəyimizdir.
Tədbirdə məktəblilər tərəfindən “Əkinçi” qəzetinə və Həsən bəy Zərdabiyə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirin sonunda MİHİ Zərdab rayon Komitəsinin sədri Vəfa Bayramova tərəfindən mətbuat işçilərinə və məktəblilərə hədiyyələr təqdim olundu.
Zerdab.com