Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı işlərə başlanıldı – FOTOLAR

0
78

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 4 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb.
Zerdab.com saytına verilən məlumata görə, artıq sözügedən avtomobil yolunun tikintisi ilə bağlı işlərə başlanılıb. Hazırda yolda əvvəllər mövcud olmuş köhnə asfalt-beton qatı frezlənərək kənar ərazilərə daşınır. Növbəti mərhələdə zəruri olan yerlərdə yararsız qrunt hissələr qazılaraq çıxarılacaq, əks dolğu və kipləşdirmə işləri aparılacaq.
Qeyd edək ki, sözügedən işlərə başlanılması adıçəkilən kəndlərdə yaşayan sakinlərin böyük sevincinə səbəb olub.
Yeri gəlmişkən onu da qeyd edək ki, Zərdab rayonunda təmirini gözləyən hələ bir neçə yol da var. Həmin yollardan biri də Zərdab-Ağcabədi yolundan ayrılaraq Qoruqbağı kəndindən də keçərək Məlikli kəndinə gedən yoldur. Sözügedən yoldan Sarıqaya və Burunlu kəndlərinin sakinləri də istifadə edirlər. Sovet dövründə bu yol asfalt olub və kənd sakinləri rahatlıqla istifadə ediblər. Ancaq son illər bu yol bərbad vəziyyətə düşüb.
Ümid edirik ki, növbəti mərhələlərdə bu və digər yolların da təmiri üçün dövlət büdcəsindən vəsait ayrılacaq.
Xatırlatma üçün onu da əlavə etmək yerinə düşər ki, Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun təmirə ehtiyacı olması ilə bağlı məsələ Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva tərəfindən dəfələrlə Milli Məclisdə gündəmə gətirilmiş və aidiyyəti qurumların diqqətinə çatdırılmışdı.
Millət vəkili tərəfindən Zərdab rayonu üzrə təmirə ehtiyacı olan digər yollarla bağlı məsələ də Milli Məclisdə gündəmə gətirilir. Ümid edirik ki, həmin yolların təmiri də yaxın gələcəkdə həyata keçiriləcək. Millət vəkilimizdən həmin yolları bundan sonra da diqqətdə saxlamağı və Milli Məclisdə gündəmə gətirməyi xahiş edirik.

Zerdab.com