Qaçaqlar Zərdabın Qoruqbağı kəndində 1928-ci ilə kimi məktəb açılmasına imkan verməyiblər – Maraqlı faktlar

0
95

Zərdabın qədim tarixə malik Qoruqbağı kəndinin yarandığı dövr dəqiq məlum deyil. Qoruqbağı kəndi ilk dəfə indiki yerində deyil, Kür çayının qarşı sahillərində mövcud olub. Hazırda bu torpaq Qarabağ ərazisindədir. Kənd camaatı heyvandarlıq, bitkiçilik və xüsusən də balıqçılıq üçün əhəmiyyəti olan bir yerdə məskunlaşıb. Əvvəllər Kür çayının sahillərində yerləşən  bu kənd o qədər də cazibədar olmamışdır. Uçuq-sökük evlərdən, əsasən qazma daxmalardan ibarət olan Qoruqbağı kəndi kasıb bir görkəmə malik idi.

Kənd sakinləri tez-tez Dəli Kürün kükrəyib daşması ilə qarşılaşırdı. Suyun daşmasına kəndlilər hazırlıq görürdülər. Beş-altı gəmini yan-yana qoyar, üstünə taxta düzüb evlərinin əşyalarını bura yığardılar. Gəmisi olmayanlar isə ağacların başında taxt vurar, aylarla bu taxtlarda yaşayırdılar. Daşqın vaxtı kənd camaatı heyvanları başqa ərazilərə köçürərdilər. Adamlar bir-birinə gəmi ilə qonaq gedərdilər. Kənddə ilk təhsil ailələrdə verilərmiş. Əlifbanı bilən adamlar evlərə dəvət olunar, ərəb əlifbası imkanlı ailələrin övladlarına öyrədərdilər.

XX əsrin əvvələrində Azərbaycanda gedən ictimai-siyasi hadisələr – Azərbaycan Demokratik Respublikasının yaranması Qoruqbağı kəndinə də öz təsirini göstərdi. Xalqın inkişafı üçün müvafiq işlərin görülməsi nəzərdə tutuldu. Ancaq 1920-ci il rus imperiyasının hakimiyyət başına gəlməsi bu işləri ləngitdi. Yeni quruluşu qəbul etmək istəməyən qüvvələr qaçaqçılıq fəaliyyətinə başladılar. Onlar gündüzlər meşələrdə gizlənir, gecələr isə öz qaçaqçılıq fəaliyyətlərinə başlayırdılar. “Kənddə məktəb açılsa, yandıracağıq”, – deyən qaçaqların qorxusundan 1928-ci ilə kimi Qoruqbağı kəndi məktəbsiz qalıb. 1928-ci ildə Göyçay qəzasının Məlikli kəndində sovetlik yaranıb. Buraya 6 kənd daxil olub. Məlikli, Burunlu, Sarıqaya və müxtəlif ərazilərdə yerləşən Qoruqbağı kəndləri. O zaman bəzi adamlar daşqın vaxtı öz heyvanlarını götürüb “Cavar” deyilən yerə və Kürün körpüsunun sol tərəfindəki sahələrdə yerləşirdi.  Sonradan sakinlərinin kənddən köçürülməsi ilə əlaqədar bu ərazilərdə yaşayanların sayı çoxalmağa başladı. 1928-ci ildə Üzgün ağzı deyilən yerdə kənd sakini Rüstəm bəyin evində ilk ibtidai məktəb açılır. Burada işləmək üçün Qəza mərkəzindən 2 (iki) müəllim (Şəmsəddin və Məhəmməd) göndərilir. Bura 7 yaşından 25 yaşa qədər uşaqlar və gənclər cəlb edilirdi. Elmə, məktəbə münasibət pis olduğundan məktəbə uşaq qəbul etmək çətin idi.

Xüsusən, qızların məktəbə cəlb edilməsi problem yaradırdı. Nə qədər çətin olsa da, ilk məktəbə müxtəlif yaşlı qızları cəlb etmək mümkün oldu. Kəndin ilk qız şagirdləri Rəqəm Əhmədova, Gülüsüm Məmmədova, Nərgiz Xəlilova, Güllü İsmayılova və Sərəncam Hüseynova olmuşdur.

Haşiyə

Kənd sakini Sərəncam Hüseynovanın dediklərindən: “Birinci sinifə                            gedəndə 12 yaşım var idi. Oğlanlarla bir oxusaq da, ayırca sıralarda otururduq. Cümə günlərinin birində atam  evə çox hirsli qayıtdı. Qızını məktəbə buraxdığı üçün mömünlər, görünür, onun “aşının suyunu vermişdilər”. Odur ki, mənim məktəbə getməyimi qadağan etdi. Arzum-ürəyimdə qaldı”.

1935-ci ilin yazında Dəli Kürün şıltaqlığı yenidən başladı. Bu dəfə su elə daşdı ki, ağacların lap baş hissəsinə çıxırdı.

Camaat yaşayış yerini tərk etməyə məcbur oldu. Hökumət adamları köçürmək üçün sərnişin gəmiləri göndərdi. Gəmisi olanlar isə ev əşyalarını yükləyərək istədikləri istiqamətə üz qoyurdular. Hökumət adamlara sərbəstlik verdi ki, kim hara istəsə, köçə bilər. Bəzi həmyerlilərimiz (müğənni Zülfi Adıgözəlov) Bakıya üz tutdu. Köçənlərin isə çox hissəsi kəndimizin indi yerləşdiyi yerdə məskən salmalı oldu. Çünki bu ərazilər sudan hündürdə idi. Bəzi sakinlər isə Cavar və körpünün yanında olan ərazilərə getdilər. Su çəkildikdən sonra hamı öz evini sökərək, hazırkı yerlərdə özlərinə ev tikdilər. İmperiya rejimi şəraitində məscidlər qadağan olunduğuna görə Üzgün ağzı deyilən ərazidəki məscid binası söküldü və hazırda kənd sakini Xanlar kişinin evinin yerləşdiyi ərazinin şimal hissəsində məktəb binası tikdilər. Məktəbin fəaliyyəti üçün sərəncam verildi. Kəndin dağınıq olması həm idarəetmə işində, həm də şagirdlərin məktəbə cəlb olunmasında çətinlik törədirdi. Odur ki, kənd sakinləri dörd otaqdan ibarət məktəb tikdilər. 1941-ci ilə kimi  məktəbin fəaliyyətində nəzərəçarpan nəticələr mövcüd  idi. Müəllim ordusu çoxalmış, ixtisaslı kadrların sayı artmış, kənd camaatının elmə marağı çoxalmışdı.

Böyük Vətən müharibəsinin başlaması çox yerdə olduğu kimi, Qoruqbağı kəndindəki məktəbdə də öz acı nəticəsini göstərdi. Kişi müəllimlər cəbhəyə yollandılar. Məktəb müəllimsiz qaldı. Bu vaxt ilk qız şagirdlər –  Gülsüm Məmmədova, Nərgiz Xəlilova, Güllü İsmayılova məktəbə müəllim təyin edildilər.

1945-ci ilin sentyabr ayından başlayaraq məktəb 7  illik məktəb kimi fəaliyyətə başladı. Həmçinin ordudan tərxis olunmuş ixtisaslı müəllimlər kənddə işini davam etdirməyə başladılar.

1977-1978-ci illərdən etibarən isə Qoruqbağı kəndində o dövr üçün müasir hesab edilən orta məktəb olub və bu təhsil ocağına X. Natəvanın adını verilib.

qoruqbagi-kend-orta-mektebi.png

Sonda vacib qeyd

Dövlət başçısının 17 fevral 2003-cü ildə verdiyi sərəncama əsasən, Zərdab rayonunun Qoruqbağı kənd orta məktəbi üçün yeni bina tikildi. Yeni bina Yaponiya hökumətinin ayırdığı qrant hesabına inşa edilib. Məktəb 2004-cü ildə istifadəyə verilib. Məktəbin açılışında Yaponiyanın həmin dövrdə Azərbaycandakı səfiri və Təhsil naziri vəzifəsində çalışan Misir Mərdanov da iştirak edib.

zerdab-rayon-qoruqbagi-kend-orta-mektebi2.png

Yazını Zerdab.com saytına göndərdi: Qoruqbağı kənd orta məktəbinin müəlliməsi Kəklik Mustafayeva