Zərdab “Əkinçi”sinin söz əkinçisi

0
86
miraga-bagirov-zerdab-ekinci

2016-cı ildəki Aprel döyüşlərinin başa çatmasından dörd gün keçmişdi. Redaksiya rəhbərliyi mənə tapşırıq verdi ki, xalqın bu ədalətli müharibədə ordunun və Ali Baş Komandanın yanında olduğunu nümayiş etdirən çoxsaylı məktublardan bir neçəsinin əsasında qəzet materialı hazırlayım. Təxminən, əlli məktuba nəzər saldım. Həqiqətən, Aprel zəfərimiz xalqı heç zaman olmayan bir şəkildə ruhlandırmışdı. 

Həmin məktublarda mənim ürəyi­mi daha çox riqqətə gətirən məqam isə yaşlı nəslin nümayəndələrinin də erməni təxribatlarına cavab vermək üçün hərbçilərimizin yanında olmaq, düşməndən ən azı Xocalı soyqırımı­nın qisasının alınmasında iştirak et­mək istəyi idi. Məsələn, aprelin 8-də dövlət başçımızın ünvanına Zərdab­dan gəlmiş “Mirağa Bağırov və başqa­larından” adlı məktubda oxumuşdum: “Bütün Azərbaycan xalqı kimi, biz zərdablılar da torpaqlarımızın azad edilməsində qazanılan qələbə müjdəli xəbərlərdən fərəhlənir və qəlbimiz qü­rur hissi ilə döyünür. Bu fərəh hisslə­rini xalqımıza yaşatdığınız üçün Sizə minnətdarıq. Bütün bu qələbələr Sizin apardığınız sağlam və uğurlu siyasətin nəticəsidir. Səfərbərlik elan olunarsa, Sizin bütün əmr və tapşırıqlarınızı ye­rinə yetirməyə daim hazırıq”.

Məktub təkcə sətirlərin vətənpərvər­lik hissləri ilə dolu olması, rayon sakin­lərinin dövlətçiliyimizə sədaqətdən ya­ranan ürək çırpıntılarını dilə gətirməsi ilə deyil, fikirlərin səlisliyi və rəvanlığı ilə də diqqət çəkirdi. Sonra zərdablı dostlarımızın köməyi ilə öyrəndim ki, 74 yaşlı Mirağa Bağırov Azərbaycan Döv­lət Universiteti jurnalistika fakültəsinin məzunudur. Uzun illər Zərdabda çıxan “Əkinçi” qəzetində korrektor, ədəbi işçi, məsul katib, redaktor müavini vəzifələ­rində çalışıb və hətta xeyli müddət baş redaktoru da əvəz edib. Sonralar rayon icra hakimiyyətində və dövlət arxivində çalışıb. Ömrünün sonuncu illərində isə Zərdab Rayon Ağsaqqallar Şurasının sədri idi.

Bu sətirlərin qələmə alınmasının səbəbi isə sosial şəbəkələrdə dəyərli həmkarımız Mirağa Bağırovun dün­yasını dəyişməsi barədə məlumatla yanaşı, onun bir sıra şeirlərinin də verilməsi oldu. Qeyd edək ki, bu həm­karımıza göstərilən rəğbət təkcə yaxşı jurnalistliyindən və ya fəal ictimaiy­yətçiliyindən yox, həm də həqiqətən Həsən bəy Zərdabinin və ulu “Əkin­çi”nin varisi olan müasir “Əkinçi”nin adına layiq söz adamı olmasından qaynaqlanır. Öyrəndik ki, Mirağa Ba­ğırovun “Məndən qalan söz” adlı şeir­lər kitabı da var.

… O, hələ bir yaşı olanda atası­nın cəbhədən gəlmiş “qara kağızı”nın mənasını başa düşməmişdi. Çox son­ralar isə həmin mövzuda yazdığı şeir onun ilk oxucusu olan əzizlərinin və dostlarının ürəyini ağrıtmışdı. Məlum olduğu kimi, faşist Almaniyasına qarşı aparılan müharibənin ilk illərində həlak olanların harada dəfn edildiyi bilinmir­di. Mirağa yetkinlik yaşında qələmə aldığı “Ata hardasan?” adlı şeirində həmin hisslərini belə dilə gətirmişdi:

Həyata gözümü açdığım andan

Yaxamdan dördəlli yapışdı hicran. 

Amma, həmin şeiri kifayət qədər nikbin notlarla bitirir:

Xəbər alıb ötən hər qərinədən, 

Nəhayət, yerini öyrənmişəm mən – 

Sən elin qəlbində, ürəyindəsən…

Onun, həqiqətən, söz adamı ol­duğunu şeirlərində hiss etdik. Ancaq sevinci başından aşıb-daşanda da, gülüşlərinə qəm qarışanda da dostları­na “Mənə şeir oxuyun…” deməsi daha dərin mətləblərdən xəbər verirdi:

Ömrə son akkordu vurarsa zaman –

Soyuq məzarımla qucaqlaşanda

Mənə şeir oxuyun… 

Yaşıdları kimi, onun da əsgərliyi doğma Vətəndən uzaqlarda keçib. Əs­gərlik şeirlərindən birində yazır:

Axşamdır… iki dost enmişik çaya,

Bu vaxtlar Volqanın özgə hüsnü var.

Günəş son şüasın yaydıqca suya 

Utancaq qızlartək qızarır sular. 

Onu tanıyanlar deyirlər ki, Mirağa Bağıron harada, hansı vəzifədə çalış­sa da, yeganə qazancı söz olub. Hətta “əkinçilik” edəndə də.

İttifaq MİRZƏBƏYLİ