Zərdab rayonunun Kürsahili kəndlərindən biri olan Qoruqbağı kəndi çayın sol sahilində, Yarməmmədbağı inzibati ərazi vahidliyinin ərazisində, Şirvan düzündə yerləşir. Keçmişdə Zərdab kənd icmasına məxsus olmuş əkin və bağ sahəsinin adıdır. “Zərdab” adına ilk dəfə XV əsrə aid Ağqoyunlu mənbələrinə məxsus yazılarda rast gəlinmişdir. Qoruqbağı sözü isə oykonim olmaqla “qoruq” (mühafizə olunan yer) və “bağ” sözlərindən düzəlmiş, “qoruq”, “qorunan bağ” mənasındadır. Kənd XIX əsrin ortalarında müskürlü və qaravəlli tayfalarına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Burada əhalinin tərkibini məhz bu tayfalar təşkil edir.
Qaravəlli tayfası Azərbaycanın müxtəlif ərazilərində yaşayan türk əhalisidir. Bu tayfa Ağcabədi, Zərdab, Ağsu, Balakən, İmişli və Şamaxı rayonları ərazisində hal-hazırda yaşayan tayfalardan biridir. Araşdırmalar Zərdab ərazisinə bu tayfanın Ağsu rayonu ərazisindən gəldiklərini deməyə əsas verir. Qeyd etmək lazımdır ki, eyniadlı ərazidən Qoruqbağına Xəlilli tayfasının az bir qismi də gəlmişdir ki, bu da vaxtilə Xançobanı mahalında yaşayan əhalinin bir hissəsinin Qarasubasar mahalına köçməsi ilə əlaqələndirilir.
Xəlilli tayfası XIII – XIV əsrlərdə Azərbaycan ərazisinə Hülakülər tərəfindən Qərbi Türküstan əyalətindən köçürülmüşdür. Tayfa ağ hunların qayı adlandırılan dəstəsinə daxil olmuşdur. Tədqiqatlar göstərir ki, bu tayfa əslində oğuzların Qayı boyuna məxsus olmuşdur. Qayıların isə Osmanlı tarixindən əsrlər boyu necə böyük rol oynadığı məlumdur.
Qoruqbağı ərazisinə Xəlillilər Girdimançay vadisində Şirvan düzündə yerləşən Ağsu rayonunun Xəlilli kəndindən gəlmişdir. Hələ XIX əsrin əvvəllərində Şirvan əyalətinin Xançoban mahalına daxil olan Xəlilli kəndinin nüfusu 39 ailə idi. Yuxarıda mahal haqqında məlumatda məhz Xəlilli toponiminin adı keçir. Həmin dövrdə Xəlilli kəndi Şirvan feodallarından Qasım bəyin mülkiyyətində olduğundan xan və çar xəzinəsinə vergi vermirdi. Xəlilli kəndi getdikcə genişlənmiş, Ağsu rayonunun böyük kəndlərindən birinə çevrilmişdir.
Müskürlü tayfası da əvvəllər Göyçay qəzasının Xançobanı mahalında yaşamışdır. Bu tayfa Şirvan düzünə XIX əsrin ortalarında Quba qəzasının Müşkür mahalından köç etmiş Azərbaycan tayfasıdır. Müşkür toponimi Samur və Vəlvələçay arasındakı Xəzəryanı düzənliyə verilmiş addır.
Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində qeyd edir ki, ilk dəfə Müskür adına XIII əsrdə rast gəlinmişdir.
Müasir dövrdə Müskür və ya Müşkür sözü “qışlaq” mənasını da ifadə edir. Həqiqətən, bu ad Müskür mahalının yerləşdiyi coğrafi əraziyə uyğun gəlir. Belə ki, bu ərazi qışlaq üçün yararlı bir yerdir. Yay aylarında maldarlıqla məşğul olan əhali dağlıq ərazilərə gedir, qış aylarında isə öz mahallarına qayıdırdılar.
Qoruqbağı kəndinin özü də hal-hazırda vaxtilə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuş Şirvan düzündə yerləşir.
Qoruqbağı ərazisində məskunlaşan mahal sakinlərinin hamısının Azərbaycan türkü olduğu və antropoloji cəhətdən dolixokran kaspi tipinə məxsus olması bir daha onların mənşəyinin avtoxton olduğunu göstərir. Hətta çar Rusiyası tərəfindən tərtib olunmuş xəritədə Bakı quberniyasının müasir Zərdab ərazisinə düşən hissəsində əhalinin Azərbaycan tatarları olduğu göstərilir. O da məlumdur ki, çarizm dövründə Azərbaycan türkləri rus tarixşünaslığında Azərbaycan tatarları adı ilə tanınırdı. Qoruqbağı əhalisinin etnik mənşəyində xəzərlərin də mühüm rol oynadığını söyləyə bilərik.
Müasir dövrdə Zərdabın Qoruqbağı, o cümlədən, 4 müskürlü kəndində yaşayan əhali antropoloji cəhətdən kaspi tipinə məxsusdur.
XIX əsrdə Qoruqbağı kəndi salınanda burada bir çox Qaradolaq tayfaları da məskən salmışdır.
T.C.Rəsulov yazır ki, Qoruqbağı meşəsi Kür çayının sağ sahilində Qaradolaq tayfasının məskunlaşdığı Qaradolaq bəylərindən olan Nəcəfqulu bəyin adı ilə adlanan Nəcəfqulubəyli kəndinin ərazisində yerləşmişdir. Bu ərazidə Kür çayı planda əyri xəttli olduğundan (meandrlı), çayda süni üsulla düzləndirmə işləri aparılmışdır. Nəticədə meşəliyin bir hissəsi çayın sahilində qalmış və Şirvan ərazisinə qatılmışdır.
Qeyd olunan mənbələrin məlumatları, tarixi və etno-antropoloji materiallar Qoruqbağı əhalisinin Azərbaycanın alban dövrü əhalisinin davamçısı və avtoxton kaspi tipinə məxsus əhali olduğunu, tarix boyu Şirvan ərazisində yaşadığını söyləməyə əsas verir.
Qoruqbağı əhalisinin də antropoloji tipi üçün məhz Kaspi tipi xarakterikdir və burada göstəricilər 77-79-dur. Bu bir daha Qoruqbağılıların Azərbaycanın qədim sakinlərindən olduğunu söyləməyə əsas verir.
Əliyev Taleh Vasif oğlu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi