Zərdab rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda görkəmli ziyalıların, elm xadimlərinin iştirakı ilə konfrans və ağacəkmə aksiyası keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, konfransda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, Milli Onkologiya Mərkəzinin şüa terapiyası şöbəsinin rəhbəri, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, professor İsa İsayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri Tahir Kərimov, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlərin xatirə parkında yaradılmış kompleksi ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfransda Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb.
Ümummilli lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin edib, Azərbaycanı inkişaf yoluna çıxarıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi kursunu uğurla davam etdirir. Ulu öndər Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.
Millət vəkili Jalə Əliyeva çıxışında qeyd edib ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazdırırlar. Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.
Çıxış edən digər qonaqlar Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.
Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev prospektində, Heydər Əliyev parkında Ümummilli liderin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
150 ədəd şam ağacı və 200 ədəd müxtəlif növ dekorativ gül kolları əkilib, prospektdə yeni qazon örtüyü salınıb. Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşıllıqların genişləndirməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırmasına kömək etməklə təbiətə töhfə verməkdir.
Əlavə olaraq şəhərin prospekt və küçələrində işıq dirəkləri, bardürlar təmizlənərək rənglənib.
Zerdab.com