“Ötən il Zərdab rayonunun Çallı kəndində Əhmədovlar ailəsinin yaşadığı evdə baş verən yanğın nəticəsində bir gecədə evini, anasını, kiçik yaşlı bacısını itirən, özü isə ağır yanıq xəsarətləri alan 8 yaşlı Gülməmməd balamız bu gün halhazırda Bakıda “Vimay” Klinikasında əməliyyat olunur. Səhər tezdən əməliyyat öncəsi balaca Gülməmməd görmək üçün xəstəxanaya getdim. Xəstəxananın direktoru Firudin Tahirovla, əməliyyat həkimi, cərrah Taleh Qasımovla görüşdüm”.
Zerdab.com saytı xəbər verir ki, bu sözləri millət vəkilimiz Jalə Əliyeva bildirib.
“Gülməmməd vəziyyəti, əməliyyatdan gözləntilərimiz haqqında atası Pərvinin də iştirakı ilə geniş söhbət etdik. Əllərinin və üz, baş nahiyəsinin bərpası üçün uzun bir yola çıxır Gülməmməd bala. Hələ qarşıda neçə əməliyyat durur… Həkim də, xəsrəxana rəhbərliyi də istər bu gün, istər daha sonra əllərindən gələn bütün yardımları göstərəcəklərini söylədilər. Əməliyyatdan sonra Gülməmməd tam yaxşılaşana qədər təmənnasız olaraq xəstəxanada həkim nəzarətində qalacaq. Göstərdikləri peşəkarlıq, səmimi və insani münasibət üçün həm Firudin doktora, həm də Taleh doktora təşəkkür edirəm.
Gülməmməd sağalması üçün səfərbər olaraq səhifələrində yardım kampaniyası başladan bütün dostlara və bu kampaniyada iştirak edən, yardımını əsirgıməyən bütün xeyirxah insanlarımıza, həmyerlilərimizə minnətdarıq”,-deyə millət vəkili qeyd edib.
Qeyd edək ki, Gülməmmədin ilk əməliyyatı artıq başa çatıb. Əməliyyat prosesi 6 saat davam edib və hazırda vəziyyəti normaldır.
Zerdab.com