Zərdaba gələn bütün rəsmi qonaqlara onun bişirdiyi yeməklər təqdim olunarmış

0
756
saleh-pasayev-zerdab-aspaz.png

Paşayev Saleh Qanbay oğlu 1931-ci ildə Zərdab  rayonunun Qoruqbağı kəndində əməksevər kəndli ailəsində anadan olub.

Zerdab.com saytı xəbər verir ki, atası İldırımov Qanbay Paşa oğlu Böyük Vətən Müharibəsinə gedib və geri dönməyib.

Saleh Paşayev 1954-1957-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra qonşu Ucar rayonunda aşpaz işləyib. Onun sənətinə həvəsi, qabiliyyəti o dövrdə yüksək qiymətləndirilib və 1958-ci ildə Ukraynanın Xarkov şəhərinə aşpazlıq üzrə təhsil almağa göndərilib.

1961-ci ildə Saleh Paşayev qonşu Ucar rayonundan köçərək doğma Zərdab rayonuna qayıdır. Baxmayaraq ki, orada işləri yaxşı gedirdi. Buna baxmayaraq, Saleh Paşayev öz doğma rayonunda işləməyə qərar verib.

İşlədiyi illərdə Kommunist Partiyası sıralarına daxil edilib, “1979-cu ilin Sosialist Müsabiqəsi Qalibi”, 1986-cı ildə “Əmək Veteranı” adlarına layiq görülüb, orden və medallarla təltif olunub.

Saleh Paşayev rayonumuzda əsasən “Kür” restoranında aşpaz kimi fəaliyyət göstərib. Həmin dövrdə rayona qonaq gələn bütün tanınmış qonaqları məhz bu məşhur aşpaz qarşılayarmış. Yəni onun bişirdiyi yeməklər və süfrə servisi yüksək səviyyədə olduğu üçün rayon rəhbərləri bu işi müzakirəsiz Saleh Paşayevə tapşırarlarmış.

Saleh Paşayev həm də el şənliklərinə baş aşpaz kimi dəvətlər alırdı. Tək doğma Zərdab rayonunda deyil, Azərbaycanın mərkəzi şəhərlərinə və digər rayonlarına da dəvətlər alırdı. Bəzən onun günü məşğul olanda toy sahibləri toylarını başqa günə keçirirdilər.

Bu şəxs gözəl sənətkar olmaqla bərabər, həm də çox xeyirxah, səxavətli və mehriban insan olub. Kulinariya sahəsində öz elini, obasını maarifləndirib və bu gün də onun yetirmələri bu sahədə çalışırlar.

Ölümündən 10 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Saleh Paşayevi bu gün də qohumları, qonşuları və ümumiyyətlə rayon camatı böyük ehtiramla yad edir.

5 övlad böyüdüb, övlad və nəvələrinin hər biri ali təhsillidir. Övladları müxtəlif müəssisələrdə atalarının adlarına layiq fəaliyyət göstərirlər. Kiçik nəvələri Aydan və Saleh Paşayevlər Zərdab rayon 1 nömrəli məktəb-liseyin dərs əlaçılarıdırlar.

Qeyd edim ki, bugünlərdə vəfatının ildönümü ərəfəsində onu tanıyanların təşəbbüsü ilə övladları tərəfindən Saleh Paşayevin 82 illik ləyaqətli ömür yoluna həsr olunmuş “İnsanlığın zirvəsinə gedən yol” adlı kitabı nəşr olunub.

Məlumat üçün bildirək ki, Saleh Paşayev 2014-cü il yanvar ayının 21-də dünyasını dəyişib və Zərdab rayonunda dəfn olunub.

Allahdan Saleh Paşayevə rəhmət diləyir, məkanı cənnət olsun deyirik.

Zerdab.com

saleh-pasayev-zerdab-aspaz.qoruqbagi.png