Qubernator Zərdaba gəlmiş və Zərdabi ilə bağlı ittihamların böhtan olduğunu aydınlaşdırmışdı

0
95

“Mülkədarlar və ruhanilər Zərdabinin simasında çox ağıllı düşmənə rast gəldiklərini başa düşmüşdülər. Onlara bəlli idi ki, Həsən bəyi asanlıqla aradan götürə bilməyəcəklər. Odur ki, siyasi fitnəkarlığa əl atmalı oldular. Jandarm idarəsi yenidən Həsən bəy haqqında böhtan və iftiralar yaymağa başladı. Bu dəfə onun düşmənləri yazırdılar ki, guya Həsən bəy rus hökumətinin əleyhinə işləyir və ümumiyyətlə, bu şəxs rus mədəniyyətinə düş məndir. Böhtanlar o qədər ağır və gözlənilməz idi ki, Həsən bəy bunu eşitdikdə uzun müddət özünə gəlmədi. Rus dilini öyrənənləri “kafir” adı ilə damğalayan, Həsən bəyə məhz buna görə, rus mədəniyyətini sevdiyinə görə nifrət edən ikiüzlü ruhanilər öz nadanlıqlarını Həsən bəyin adına yazırdılar. Tədqiqat aparmaq üçün Zərdaba gəlmiş qubernator tezliklə bunun böhtan olduğunu aydınlaşdırır. Lakin bütün bunlara baxmayaraq, qubernator Bakıya qayıtdıqdan sonra şəhərdə olduğu kimi, kənddə də onu ciddi surətdə nəzarət altına aldırmış, bir an belə rahat buraxmamışdı ki, asudə nəfəs alsın.

“Kaspi” qəzetinin 1887-ci il tarixli 125-ci nömrəsində oxuyuruq: “Zərdabda Həsən bəy Məlikov adlı bir şəxs yaşayır. O, universitet qurtarmış, uzun müddət xalq maarifi nazirliyi sistemi üzrə işləmiş və axır vaxtlar nəyə görə isə qulluğu buraxıb təsərrüfatla məşğul olur. Ziyalı, həssas bir şəxs olan Həsən bəy Məlikov yerli əhalinin qolçomaqlardan ağır iqtisadi asılılığını dərk edərək, hər yerdə və hər cür əlverişli şəraitdə kəndlilərin hüquq və vəzifələrini təkidlə və səbrlə onlara başa salır ki, bu da kənd müftəxorlarının və ümumiyyətlə, bulanlıq suda balıq tutmağı sevənlərin hamısının xoşuna gəlmir. Həsən bəydən narazı olan bu adamlar onu Zərdabdan çıxarıb qovmaq üçün dəridən çıxırlar və bunun üçün hər cür alçaq vasitələrdən istifadə etməkdən çəkinmirlər. Bu çirkin vasitələr içərisində ən başlıcası, onların ən çox sevdiyi böhtanlardır, donoslardır ki, bunlar Həsən bəy haqqında demək olar ki, hər bir poçta ilə Bakıya dolu kimi yağır”.

Gərgin fəaliyyət, ağır əmək və mübarizə şəraitində keçən həyat tərzi Zərdabinin səhhətinə təsir etməyə bilməzdi. 1896-cı ildə Həsən bəy iflic olur və bir müddət xəstə yatır. Kənddə yaşadığı dövrdə yoxsul kəndlilərlə yanaşı, Bakıda fəaliyyət göstərən ziyalı dostları tez-tez onu yad edir və Bakıya dəvət edirdilər. Zərdabi “Kaspi” qəzetinin 1889-cu il tarixli 229-cu nömrəsində yazırdı: “Zəhmətkeş kəndlinin dostu olmaq üçün, kəndlilər arasında olmaq, onların həyatını yaşamaq, onların kədəri ilə kədərlənmək, onların sevinci ilə sevinmək lazımdır”.

Lakin yaranmış mövcud vəziyyət, xəstəlik, eyni zamanda, oğlanları Midhəd, Səffət bəyin, qızları Pəri, Qəribsoltan xanımın təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərmələri, Həsən bəyi və Hənifə xanımı Bakıya qayıtmağa vadar edirdi.

İnsani duyğulara, zəngin dünyagörüşünə malik olan Həsən bəy Ucarda vəkillik xidmətindən çıxandan sonra 1896-cı ildə ailəsi ilə birlikdə Bakıya qayıdır və burada daha qaynar həyata atılır. Onun Bakıda olmadığı 16 il ərzində şəhərdə çox böyük dəyişikliklər baş vermiş, dövrün müasir fikirli gənclər nəsli yetişmişdi. Zərdabi Bakıya qayıdışından sonra ömrünün axırınadək “Kaspi” qəzetinin əməkdaşı və müvəqqəti redaktoru sifəti ilə fəaliyyət göstərərək demokratik fikirli ideyaların həyata keçirilməsi məqsədilə elmi məqalələrini dərc etdirmişdir. Həsən bəy Zərdabinin yaxından iştirakı ilə 1898-ci ildən etibarən rus-tatar məktəbləri açılmağa başlayır. Onun böyük köməkliyi sayəsində 1906-cı il avqust ayının 15-də Azərbaycan müəllimlərinin I qurultayı çağrılır. O, həmin qurultaya sədrlik edir. Görkəmli ictimai-siyasi xadim Həsən bəy Zərdabi on il müddətində Bakı Dumasının üzvü kimi müxtəlif vəzifələrdə, 1905-ci ildən isə maarif şöbə sinin rəisi vəzifəsinə təyin olunaraq, ömrünün axırına kimi bu vəzifədə çalışmış, öz milləti və xalqı üçün misli görünməmiş dərəcədə xidmətlər göstərmişdir”.

 Mənbə: “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” kitabı.