“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sosial şəbəkədə maraqlı paylaşım edib.
Zerdab.com saytı xəbər verir ki, A.Aşırlı uzun müddətdi axtarışda olduğu milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdığını bildirib.
Onun sözlərinə görə, Səfvət bəyin Ankaranın Karşıyaka məzarlığında yerləşən qəbri baxımsız, hətta baş daşı qırılmış, sinə daşını əvəzləyən daşlar parçalanmış vəziyyətdə olub:
“Məzarın illərlə baxımsız qaldığı aydın görünür. Nə yaxşı ki, məzarlıq məmurları, ətrafda calışan ustalar köməyimə çatdı. Rasim Yardımsevər adlı qardaşımızla birgə baş daşını bərpa edə bildik, kiçik bir təmir işi apardıq”.
Qeyd edək ki, Səfvət bəy Məlik Zərdabi Həsən bəyin 3-cü övladıdır. O, 1917-ci ilə qədər Riqa Politexnik Universitetində oxuyub, sonra təhsilini Almaniyada alıb, yüksək ixtisaslı mühəndis olub. Mühədis olmasına baxmayaraq, atasının yaradıcılığını davam etdirib. Səfvət Zərdabi 1952-ci ildə Ankarada Azərbaycan Milliyyətcilər dərnəyinin qurucularından olub, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mücahiddir.
Zerdab.com