Millət vəkilimiz Jalə Əliyeva Ermənistanın törətdiyi son təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş Zərdab rayonunun Gəndəbil kəndindən olan Rüstəmov Fərid Nofəl oğlunun ailəsini ziyarət edib, dərin hüznlə başsağlığı verib. Məlumat üçün bildirək ki, şəhid kiçik gizir Fərid Rüstəmov Gəndəbil kənd qəbiristanlığında dəfn edilib.
Zerdab.com saytı xəbər verir ki, millət vəkilimiz şəhidin ailəsini ziyarətlə bağlı təəssüratlarını bölüşüb.
“Dünən kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu doğulub boya-başa çatdığı doğma Zərdab rayonunun Gəndəbil kəndində torpağa tapşırıldı. Geriyə 29 illik şərəfli ömür yolu, böyük qəhrəmanlıq dastanı qaldı… Bir də təbii, bu igidi dünyaya bəxş edən kədərli, amma qürurlu ata və anası, cəmi 22 yaşlı ömür gün yoldaşı, iki ciyərparası – 3 və 1 yaşlı Zəhra ilə Zeynəb, onu çox sevən əzizləri, yaxınları, el oba, Vətən qaldı! Uğrunda, uğrumuzda canından keçdiyi, şəhid olduğu Vətən! Zəhra atasının şəklini qucaqlaylb heç ayrılmır… Zeynəb isə hələ heç bir şey dərk etmir. Amma hər ikisi bütün ömürləri boyu başı dik, alnıaçıq gəzəcək! Qəhrəman bir atanın övladı olmağın qürurunu bir ömür daşıyacaqlar! Nur içində yat Fərid balamız! Övladların bizə, Vətənə əmanətdir”,-deyə millət vəkili Jalə Əliyeva qeyd edib.
Deputatın sosial şəbəkədəki səhifəsində paylaşdığı fotoları təqdim edirik.
Zerdab.com