Qeyri-təyini söz birləşmələri və onların cümlədə rolu – Dilçilik elmimizdə yeni araşdırma

0
286
Zərdab-muellim-İntiqam İsmayilov

Təməli Mahmud Kaşğari tərəfindən qoyulmuş dilçilik elmimiz zaman keçdikcə araşdırılsa da, hələ də araşdırılmamış, açılmamış məqamlar var. Belə məqamlardan biri də qeyri-təyini adlandırdığımız söz birləşmələridir.
Bildiyimiz kimi, söz birləşmələri sabit və sərbəst olmaqla iki yerə bölünür. Sabit birləşmələr frazeoloji birləşmələr, sərbəst birləşmələr isə ismi və feili birləşmələrdir.
İsmi birləşmələrə birinci, ikinci və üçüncü növ təyini söz birləşmələri, feili birləşmələrə isə feili sifət, feili bağlama və məsdər tərkibləri daxildir.
Məlum olduğu kimi, feili və ismi olmasından asılı olmayaraq, bütün söz birləşmələri sözə nisbətən daha konkret məfhumu bildirir, əsas və asılı tərəfləri arasında qrammatik bağlılıq olur, sintaktik vahid kimi bir suala cavab verərək bir mürəkkəb cümlə üzvü kimi götürülürlər.
Qeyri-təyini adlandırdığımız söz birləşmələri də bu birləşmələr kimi sözə nisbətən daha konkret məfhumu bildirməklə bərabər, əsas və asılı tərəfləri olur, sintaktik vahid kimi bir suala cavab verərək bir mürəkkəb cümlə üzvü kimi götürülürlər.
Birinci növ təyini söz birləşmələrinin tərəfləri, adətən, müstəqil cümlə üzvü, ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri isə birlikdə bir suala cavab verərək bir mürəkkəb cümlə üzvü olurlar. Sözsüz ki, burada bir sıra istisnalar var.

Məsələn: Bəzən birinci növ təyini söz birləşmələrinin tərəfləri birlikdə bir cümlə üzvü olurlar. Yəni yeni il, orta əsr, qədim dövr, bu saat, o gün, hər il tipli birləşmələr birinci növ təyini söz birləşmələri olmasına baxmayaraq, tərəfləri sintaktik təhlil zamanı bir cümlə üzvü kimi götürülürlər.
İkinci növ təyini söz birləşmələri isə konkret olaraq birinci tərəfi qeyri-müəyyən yiyəlik hal, ikinci tərəfi isə üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul edir, aralarına heç bir söz və şəkilçi artırmaq olmur (istisna hallarda lar şəkilçisi artırmaq olur: Həmkarlar ittifaqları, atalar sözləri, Bəstəkarlar İttifaqı və s.) sintaktik təhlil zamanı bir mürəkkəb cümlə üzvü kimi götürülürlər.
Üçüncü növ təyini söz birləşmələrinin tərəfləri də birlikdə bir cümlə üzvü kimi götürülürsə də, bəzən onlar da bir-birindən ayrılaraq tərəflərinin hər biri müstəqil cümlə üzvü kimi təhlil olunurlar. Bu fikir əsasən birinci tərəfi müəyyən yiyəlik, ikinci tərəfi isə mənsubiyyət şəkilçisiz (1Ty-2To) işlənən bizim ev, sizin kənd kimi birləşmələrə aiddir. Bu cür birləşmələrin tərəfləri ayrı-ayrılıqda təhlil olunur və birinci tərəfi, yəni müəyyən yiyəlik hallı söz təyin rolunda, əsas tərəfi isə müxtəlif cümlə üzvü rolunda çıxış edirlər.
Qeyri-təyini birləşmələr ismi birləşmələrin bir növü olmaqla yanaşı, konkret, standart bir formaya malik deyillər. Bu növ təyini söz birləşmələrinin tərəfləri arasında əlaqə müxtəlif növ qrammatik şəkilçilər vasitəsilə yaranmışdır. Yəqin elə bu səbəbdən də indiyə qədər dilçilik elmində bu növ söz birləşmələri geniş araşdırılmamış, tədqiq olunmamış, qruplaşdırılmamışdır.
Mən bu yazımda məhz bu cür söz birləşmələrini araşdırmağa, qruplaşdırmağa çalışacağam.
Araşdırmalardan məlum olur ki, bu növ birləşmələrin tərəfləri arasında əlaqəni 4 qrupa bölmək olar:
1. Asılı tərəfi yönlük hal şəkilçisi qəbul etmiş, əsas tərəfi isimlə ifadə olunan qeyri-təyini söz birləşmələri:
Qocaya hörmət, vətənə məhəbbət, düşmənə nifrət, elmə vurğunluq, deputatlığa namizəd, vətənə sevgi və s.
2. Asılı tərəfi yerlik hal şəkilçisi qəbul etmiş, əsas tərəfi adlıq hallı isimlə ifadə olunan qeyri-təyini söz birləşmələri: Əldə silah, başda papaq, döşündə orden, üzündə təbəssüm, gözündə eynək, çiynində paqon, yanında uşaq, içində qəzəb, üzündə kədər və s.
3. Asılı tərəfi çıxışlıq hal, əsas tərəfi sifət və sayla ifadə olunan qeyri-təyini söz birləşmələri: Dağlardan uca, qızlardan biri, şagirdlərdən çoxu, başdan xarab, üzdən iraq, gözdən uzaq, dağdan ağır, aydan arı, sudan duru, daşdan yumşaq, əldən isti, özündən razı və s.
4. Asılı tərəfi mənsubiyyət şəkilçili, əsas tərəfi sifətlə ifadə olunan qeyri-təyini söz birləşmələri:
Başı uca, qanı qara, papağı əyri, gözləri mərcan, pipiyi qan, başı papaqlı, başı qarlı, əli silahlı, canı odlu, qulağı kar, qəlbi qırıq, yanağı qırmızı, quyruğu kəsik, canı sulu və s.
Əslində bu cür birləşmələri qeyri-təyini birləşmələr adlandırmaq düzgün deyil. Çünki bu cür birləşmələrin tərkibində olan asılı sözlər digər birləşmələr (ismi və feili birləşmələr) kimi əsas sözü müxtəlif cəhətdən izah edir, təyin edir. Eyni zamanda əsas sözlər asılı sözləri idarə edərək ismin müxtəlif hallarında işlənməsinə səbəb olurlar. Məsələn: Dağdan ağır və ya daşdan yumşaq birləşmələrinin tərkibindəki asılı sözlərin (dağdan və daşdan) ismin çıxışlıq halında işlənməsi, yaxud əldə silah, üzündə təbəssüm birləşmələrindəki asılı sözlərin (əldə və üzündə) ismin yerlik halında işlənməsi idarə əlaqəsinin əlaməti və göstəricisidir.
Yaxud qocaya hörmət, vətənə məhəbbət birləşmələrindəki əsas sözlər (hörmət və məhəbbət) asılı sözlərin ismin yönlük halında (qocaya və vətənə) işlənməsinə səbəb olmuşdur.
Bütün bunlar deməyə əsas verir ki, qeyri-təyini söz birləşmələrinin də arasında digər ismi və feili birləşmələrdə olduğu kimi qrammatik və sintaktik əlaqələr var və bu tip birləşmələrdə asılı söz əsas sözü müxtəlif cəhətdən izah edir, aydınlaşdırır və dəqiqləşdirilir.
Qeyri-təyini söz birləşmələrinin hər bir növü müxtəlif suallara cavab verərək müxtəlif cümlə üzvü yerində işlənir:
1. Asılı tərəfi ismin yönlük hal şəkilçisini qəbul etmiş, əsas tərəfi isimlə ifadə olunan qeyri-təyini söz birləşmələri (düşmənə nifrət, qocaya hörmət, vətənə məhəbbət və s.) əsasən -nə? sualına cavab verirlər, cümlədə mübtəda, hal şəkilçisi qəbul edərək tamamlıq, xəbərlik şəkilçisi qəbul edərək xəbər rolunda çıxış edirlər. Məsələn:
1) Qocaya hörmət hamımızın borcudur, – cümləsində qocaya hörmət ifadəsi –nə? sualına cavab verərək bu cümlədə mübtəda rolunda çıxış etmişdir.
2) Vətənə məhəbbət ən müqəddəs hissdir, – cümləsində vətənə məhəbbət qeyri-təyini söz birləşməsi də -nə? sualına cavab verərək mübtəda rolunda çıxış etmişdir.
3) Anaya məhəbbətdən uca bir hiss ola bilməz, – cümləsindəki anaya məhəbbət qeyri-təyini söz birləşməsi çıxışlıq hal şəkilçisi qəbul edərək –nədən? sualına cavab vermiş və tamamlıq rolunda çıxış etmişdir.
4) Ən müqəddəs hisslərdən biri Vətənə sevgidir, – cümləsindəki qeyri-təyini söz birləşməsi olan vətənə sevgi ifadəsi xəbərlik şəkilçisi qəbul edərək –nədir? sualına cavab vermiş və xəbər rolunda çıxış etmişdir.
2. Asılı tərəfi yerlik hal şəkilçisi, əsas tərəfi isimlə ifadə olunan qeyri-təyini söz birləşmələri –necə?, -nə cür? suallarından birinə cavab verərək cümlənin feillə ifadə olunan xəbərinə aid olduğu üçün əsasən tərzi-hərəkət zərfliyi rolunda çıxış edirlər.

Məsələn:
1) Əsgərlərimiz əldə silah, qəlblərində vətən məhəbbəti cəsarətlə döyüşürdülər,-cümləsini təhlil edərkən əldə silah birləşməsinin qeyri-təyini söz birləşməsi olduğu və sintaktik təhlil zamanı –necə? sualına cavab verərək dayanmışdır feilinə aid olduğu üçün tərzi-hərəkət zərfliyi rolunda çıxış etməsi aydın görünür.
2) Müharibə veteranları üzlərində təbəssüm, qəlblərində qürur, döşlərində orden izdihamın önündə vüqarla addımlayırdılar,-cümləsində üzlərində təbəssüm, qəlblərində qürur, döşlərində orden birləşmələri də qeyri-təyini söz birləşmələridir və addımlayırdılar feilinə aid olduğu üçün –necə? sualına cavab verərək hərəkətin tərzini bildirirlər və cümlədə tərzi-hərəkət zərifliyi rolunda çıxış etmişlər.
3) O, üzündə kədər, gözlərində qəm kədərli halda dayanmışdır,-cümləsindəki üzündə kədər, gözlərində qəm birləşmələri də qeyri-təyini birləşmələrdir və bu birləşmələr dayanmışdır feilinə aid olduğu üçün –necə? sualına cavab verərək tərzi-hərəkət zərifliyi rolunda çıxış etmişlər.
3. Asılı tərəfi ismin çıxışlıq hal şəkilçisini qəbul etmiş, əsas tərəfi sifət və sayla ifadə olunan qeyri-təyini söz birləşmələrinin bir qrupu, daha dəqiq desək, əsas tərəfi sayla ifadə olunan qeyri-təyini söz birləşmələri –kim?, -nə?, -hara? suallarından birinə cavab verərək cümlədə mübtəda, hal şəkilçisi qəbul edərək tamamlıq və zərflik, xəbərlik şəkilçisi qəbul edərək xəbər rolunda çıxış edirlər. Məsələn:
1) Şagirdlərdən çoxu dərsə gəlməmişdi,-cümləsindəki şagirdlərdən çoxu birləşməsi –kim? sualına cavab verərək mübtəda;
2) Şagirdlərdən çoxuna mükafat verildi,-cümləsindəki qeyri-təyini söz birləşməsi – kimə? sualına cavab verərək tamamlıq;

3) Deyilənlərə görə, Qaçaq Nəbi Həcərlə birlikdə bu dağlardan birində yaşamışdır, – cümləsində dağlardan biri qeyri-təyini söz birləşməsi yerlik hal şəkilçisi qəbul edərək – harada? sualına cavab vermiş və yer zərfliyi;

4) Mükafat alan qızlardan biridir,-cümləsindəki qeyri-təyini söz birləşməsi xəbərlik şəkilçisi qəbul edərək xəbər rolunda çıxış etmişdir.
Asılı tərəfi çıxışlıq hal şəkilçisi qəbul etmiş isim və isimləşmiş sözlərlə, əsas tərəfi sifətlə ifadə olunan qeyri-təyini söz birləşmələri isə -necə?, -nə cür?, -hansı? suallarından birinə cavab verərək əsasən təyin vəzifəsində, isimləşib hal şəkilçisi qəbul edərək tamamlıq, xəbərlik şəkilçisi qəbul edərək xəbər rolunda çıxış edirlər.

Məsələn:
1) Keçmişdə dağdan ağır kişilər var idi,-cümləsində dağdan ağır birləşməsi –necə? sualına cavab verərək kişilər isminə aid olduğu üçün təyin rolunda çıxış etmişdir.
2) Üzdən iraq qonşularımız tez-tez sərhəddə atəşkəsi pozurlar,-cümləsində də üzdəniraq qeyri-təyini söz birləşməsi qonşularımız isminə aid olduğu üçün təyin rolunda çıxış etmişdir.
3) Özündən razıları insanlar sevmirlər,-cümləsindəki özündən razıları ifadəsi qeyri-təyini söz birləşməsidir və isimləşərək hal şəkilçisi qəbul etmiş, tamamlıq rolunda çıxış etmişdir.
4) Mən bu məsələdə aydan arı, sudan duruyam,-cümləsində də aydan arı və sudan duru birləşmələri qeyri-təyini söz birləşmələridir və cümlədə xəbər rolunda çıxış etmişlər.
4. Asılı tərəfi mənsubiyyət şəkilçili, əsas tərəfi sifətlə ifadə olunan qeyri-təyini söz birləşmələri -necə?, -nə cür?, -hansı? suallarından birinə cavab verir, əsasən ismə aid olur və cümlədə təyin rolunda çıxış edirlər. Bu tip söz birləşmələri hal şəkilçisi qəbul edərək tamamlıq, xəbərlik şəkilçisi qəbul edərək xəbər rolunda çıxış edirlər.

Məsələn:
1) Başı qarlı dağlar həsrətlə öz sakinlərini gözləyirlər,-cümləsində başı qarlı qeyri-təyini söz birləşməsi –hansı? sualına cavab verərək dağlar isminə aid olduğu üçün təyin rolunda;
2) Qəlbi qırıq insanlarla həssas davranmaq lazımdır,-cümləsində də qeyri-təyini söz birləşməsi –necə? sualına cavab verərək insanlar isminə aid olduğu üçün təyin rolunda;
3) Əli silahlı əsgərlər həyətə daxil oldular,-cümləsində də əli silahlı ifadəsi qeyri-təyini söz birləşməsidir və əsgərlər isminə aid olduğu üçün təyin rolunda;
4) Qulağı karlara maşın sürməyə icazə verilmir,-cümləsindəki qulağı kar ifadəsi isimləşərək –kimə? sualına cavab verərək tamamlıq;
5) Belə danadan qurbanlıq olmaz, çünki quyruğu kəsikdir,-cümləsinin də xəbəri qeyri-təyini söz birləşməsi ilə ifadə olunmuşdur.
Dilimizdə birinci tərəfi mənsubiyyət şəkilçili, ikinci tərəfi sifət olan və bitişik yazılan mürəkkəb sifətlər çoxdur. Bu tip qeyri-təyini söz birləşmələrini, yəni birinci tərəfi üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə, ikinci tərəfi isə sifətlə ifadə olunan qeyri-təyini söz birləşmələrini istisnasız olaraq bitişik yazılan mürəkkəb sifət kimi götürmək lazımdır.
Digər qeyri-təyini söz birləşmələrini isə yuxarıda göstərildiyi kimi, ayrı yazaraq mürəkkəb cümlə üzvü kimi götürmək daha məqsədəuyğundur.

Qeyri-təyini söz birləşmələri forma və məzmunca qeyri-həmcins təyinlərə bənzəyir. Lakin bu birləşmələr arasında bir sıra fərqli xüsusiyyətlər vardır. Bu barədə növbəti yazıda.

İntiqam İsmayılov,
Zərdab rayonu, M. Rahim adına Pərvanlı kənd tam orta məktəbin müəllimi