Tanınmış jurnalist, həmyerlimiz Ürfan Məmmədli uzun illərdir ki, doğulduğu Zərdab rayonundan kənarda – Bakıda yaşayır. Ancaq bütün bunlara baxmayaraq, böyüyüb başa çatdığı rayonu heç vaxt unutmadığını deyir. Bu müsahibədə Ürfan müəllim uşaqlıq xatirələrini, rayonun bugünkü inkişafı ilə bağlı fikirlərini bizimlə bölüşdü, bu günə qədər hətta yaxınlarına demədiyi ürək sözlərini oxucularımıza açıqladı…
– Ürfan Məmmədli kimdir? Mümkünsə, oxucularımıza özünüz haqda məlumat verərdiniz…
– 1959-cu ilin yanvarın 25-də Zərdab rayonunun Aşağı Seyidlər kəndində anadan olmuşam, 8-ci sinifə qədər kəndimizdəki məktəbdə oxumuşam, Nizami adına Şəftəhal orta məktəbini bitirmişəm. İxtisasca mühəndisəm. 1981-ci ildə İnşaat Mühəndisləri İnstitunu bitirmişəm. Həmin ildən 1992-ci ilə qədər təyinatla Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Elm-istehal Mərkəzində çalışmışam. Əvvəl mühəndis, sonra isə şöbə müdiri olmuşam. 92-ci ildən indiyə qədər qəzetçiliklə məşğulam. Evliyəm, 2 qızım var.
– Zərdab rayonu sizin üçün nə deməkdir? Ürfan Məmmədlini bu rayona bağlayan hansı səbəblər var?
– Zərdab mənim üçün dünyanın başladığı yerdir. Əvvəllər elə bilirdim ki, dünya elə Zərdab boydadır. Sonra öyrəndim ki, Zərdab xəritədə belə, çətin tapılan kiçik bir yer imiş. Amma onun mənim dünyamdakı yeri elə uşaqlıq düşüncəmdəki kimi sonsuzdur. Mübaliğəsiz deyirəm: Zərdab mənim üçün kənddir, şəhərdir, ölkədir, qitədir. Bəzən dükan-bazardan bir köynək, paltar alanda satıcı başlayır malını tərifləməyə ki, təmiz Türkiyə malıdır. Həmin vaxt onun sözünü kəsib deyirəm ki, varsa, mənə təmiz Zərdab malı ver.
– Uşaqlıq illərinizi necə xatırlayırsınız?
– Xatirələrimin sayı-hesabı yoxdur. Məktəb illərində yalnız direktorumuz Bayram müəllimin şilləsindən qorxurdum. Allah ona rəhmət eləsin, yalnız yaxşı oxuyanları döyərdi, özü də bircə şillə ilə. Amma şillə deyirəm haa sizə, bir neçə dəfə qulağımın dibində çatlayıb, uğultusunu indi də eşidirəm. Alağa, pambığa getdiyimiz günlər də yaddaşıma möhkəm hopub.
– Sovet dövrünün Zərdabı ilə bugünkü Zərdabı necə müqayisə edərdiniz?
– Sovet dövründəki Zərdabla indiki Zərdabın arasında ən böyük fərq odur ki, indi orada məktəblilər bütün güclərini təhsilə vermək imkanı qazanıblar. Biz 9 aylıq dərs ilinin ən azı iki ayını pambıq tarlalarında keçirirdik. Hətta yadımdadır, bir il dərslərimiz noyabrın 26-da başlamışdı. Bununla əlaqədar xatirələrim var. İnstitutda oxuyarkən riyaziyyat müəllimim Nəriman Səbziyev misal həll etmək üçün məni lövhəyə çıxardı. Misalın həll yolunu tapdım, amma axıra çatdıra bilmədim. Müəllim ilişdiyimi görüb soruşdu ki, haralısan? Dedim ki, zərdablı. O anda Nəriman müəllimin üzünə təbəssüm qondu, dedi ki, keç otur, sağ ol ki, misalı bura qədər həll edə bildin, sən yazıq məktəb görməmisən axı, günün pambıqda keçib. Bir xatirəmi də danışım sizə. 9-cu sinifdə oxuyurdum. Pambıq yığımının sonları idi, pambığa getməmişdim. Sinif yoldaşlarımla yolun kənarı ilə gedərkən birdən yanımızda bir “Villis” maşını dayandı, raykomun birinci katibi Fikrət Əfəndiyev maşından düşüb bizi sorğu-suala tutdu. Niyə pambığa getməmisiniz, burada nə avaralanırsınız və sair kimi suallar… Biz də təbii ki, qorxudan başımızı aşağı saldıq, cavab vermədik. Sonra bir-bir adımızı soruşdu və hərəmizə bir yumruq vurub dərhal tarlaya getməyimizi əmr elədi. Bu əhvalatı indiki uşaqlara danışsan, yəqin ki, inanmazlar. Amma sovet dövrü belə idi, biz azad deyildik. İndi ən azı adamları təhsildən uzaqlaşdırmırlar. O ki, qaldı Zərdabın o vaxtkı görkəmi ilə indikini müqayisə etməyə, zənnimcə, müsbət dəyişikliklər çoxdur. Elə bu günlərdə Zərdaba toya getmişdim. İndiki toylarda musiqinin səsini o qədər yüksək verirlər ki, adam dözə bilmir. Ona görə cəmi yarım saat oturdum toyda. Həmyerlimiz, şair Namiq Atəşə zəng elədim, onunla birgə Zərdabı gəzdik. Park Bakı parklarından fərqlənmir. Kürün üstündə istirahət etməli bir yerdə oturduq. Özüm də hiss eləmədən xəyalım qanadlanıb haralarasa uçub getdi. Harada olduğumu unutdum. Mənə elə gəldi ki, tanımadığım bir yerdəyəm. Kür nə qədər gözəl imiş? Deməli, adam əlində olan bir şeyin qiymətini çətin dərk edir. Şəxsən mən öz qəlbimdə Kürə öz dəyərini verə bilməmişəm. Kür Zərdab üçün Allahın bəxş etdiyi bir sərvətdir. Onun qədrini bilməliyik. Bir də indi Zərdabdan bizim kəndə qədər olan yol asfaltlanıb. Əvvəllər 21 km-lik bu yolu bir saata gedirdik. İndi 15 dəqiqədən sonra kənddəsən. Hələ yol hərəkəti qaydalarına əməl etməsən, 10 dəqiqəyə də gedə bilərsən. Mən rayonumuz barədə yazdığım bütün yazılarımda bu yolun yolsuzluğundan gileylənmişəm. Mənim babam da, atam da bu yolu yol kimi görmək istəmişdilər. Amma onlar görə bilmədilər. Şükürlər olsun ki, mənə qismət oldu.
– Kəndə – ata evinizə gedəndə hansı hisləri keçirirsiniz?
– Mənim üçün Azərbaycan əvəzsiz bir məmləkət, Zərdab isə onun ürəyidir. Televizorda Zərdab adını görəndə, Bakıda nömrəsi 63-lə başlayan avtomobillə rastlaşanda doğma hisslər məni qoynuna alır. Elə sizin bu saytı ilk dəfə görəndə də köksüm qürur hissi ilə doldu. Təəssüf ki, ailəmlə birgə Zərdaba tez-tez gedə bilmirəm. Bir dəfə uşaqları kəndə aparmışdım, ağcaqanad onları dalaq-dalaq elədi, amma mənə dəymədi. Uşaqlar soruşdu ki, “ata, bəs ağcaqanadlar sənə niyə dəymirlər?” Dedim ki, “a bala, mən bunlarla 17 il ayaq-baş yatmışam, məndən utanırlar”. Kəndə gedəndə qayıtmaq istəmirəm. Məni kəndimizə bağlayan nə onun mənzərəsidir, nə havası. Özüm də bilmirəm ki, kəndimizdən niyə ayrılmaq istəmirəm. 1999-cu ildə anam, 2000-ci ildə də atam rəhmətə gedəndən sonra kənddəki evimiz elə bil məndən inciyib, gedəndə “üzümə baxmır”, əvvəlki səs-küyü yoxdur. Anamın süfrəsi, atamın dürsəkləndiyi yastıq da elə öz yerindədir. O süfrənin başında oturanda, o yastığa dirsəklənəndə atalı-analı günlərimə qayıdıram, bir az uşaqlaşıram, bir az gəncləşirəm, bir az da kövrəlirəm. Həyətimizdəki nar ağacından nar üzməyin, o ağacların altında çay içməyin ləzzətini başqa harada dadmaq olar?
– Əslən Zərdab rayonundan olan hansı tanınmış şəxslərlə əlaqələriniz var?
– BDU-nun professoru Məhərrəm Məmmədovla, dosent Rafiq Qurbanovla, Dram Teatrının sabiq direktoru Maqbet Bünyadovla çox yaxşı münasibətim var. Bəşir Şərifovla da vaxtaşırı görüşürük. Elimizin ağsaqqalı, mənim müəllimim Fikrət Bünyadov (Maqbet müəllimin böyük qardaşı), el xanəndəsi Nazim Talıbov və söz ustası Namiq Atəş barədə qəzetdə yazılarla çıxış etmişəm.
– Hərdən səs-küylü Bakıdan uzaqlaşıb yenidən rayona qayıtmaq, orada yaşamaq barədə düşünmürsünüz ki?
– Bakının səs-küyündən uzaqlaşmaq istəyirəm, kənddə yaşamaq da ürəyimdən keçir, amma, deyəsən, bu mümkün olmayacaq. Təzədən yurd-yuva qurmağa nə vaxtım var, nə də imkanım. Kənddəki evimizi təmir etdirə bilsək, istirahət üçün bizə kifayət edər. Atam, anam rəhmətə gedəndən sonra “kənddə bir Fikrət müəllimim var” deyirdim, onun yanına gedirdim, məni öz balası kimi qarşılayırdı. Bir neçə il əvvəl onu da itirdik. İtirə-itirə bu dünyanın son dayanacağına yaxınlaşıram. Bu o demək deyil ki, kəndimizdən soyumuşam. Yox, ora mənim doğma yurdumdu, cismim üçün çətin olsa belə, ruhum oranı istəyir, nə qədər canım sağdı, gedib-gələcəm. Son dayanacağımın harada olacağını bilmirəm. Buna görə uşaqlara vəsiyyət eləyib əziyyət vermək də istəmirəm. Amma son dayanacağım kənddə olsa, etiraz etmərəm…
– Paytaxtda kifayət qədər tanınırsınız. Bəs böyüyüb boya-başa çatdığınız Zərdab rayonunda Sizi tanıyırlarmı?
– Televiziyada işləyənlər daha çox tanınırlar. Düzü, paytaxtda çox da tanındığımı zənn etmirəm. Rayonda isə qohum-əqraba xaricində məni tanıyanların olduğunu bilmirəm. Bir dəfə rayon təhsil şöbəsinin müdiri Nəsimi Hüseynova (bu yaxınlarda o da Allahın rəhmətinə qovuşdu) zəng etmişdim – o məni 73-cü ildə komsomola keçirib – danışarkən məni tanıdığını bildirdi. Bilmirəm, bəlkə də, nəzakət xatirinə dedi. Amma şəhərdə, dükanda, bazarda tanımadığım çox həmyerlim salam verib məni utandırır. Ona görə utanıram ki, mənə adımla müraciət edən adamlara mən eyni cür müraciət edə bilmirəm. Hamı tanımasa da, görünür tanıyanlar da var.
– Rayonumuzda oxumaq, tanınmaq arzusunda olan kifayət qədər gənc var. Bir ziyalı kimi onlara sözünüz?
– İstəyərdim ki, rayonumuzun gəncləri təhsilə, mütaliəyə çox fikir versinlər. Mən indi başa düşmüşəm ki, gənc olan vaxtlarımda kifayət qədər oxumamışam. Yenidən gənc ola bilsəydim, bu səhvimi düzəldərdim. Oxumaq, bəlkə də, maddi cəhətdən varlı olmaq üçün kifayət etməyə bilər. Amma oxuyan adam mütləq mənəvi zənginlik qazanır. Mənim aləmimdə mənəvi zənginlik hər şeydən üstündür. Çox pulu olanın yuxusu qaçır, mənəvi zəngin adamın isə daimi rahatlığı var. Mən gənclərimizə yuxularını qaçırmayacaq qədər pul, bir də daimi rahatlıq arzulayıram.
– Zerdab.com saytı ilə bağlı fikirlərinizi bilmək istərdik…
– Bir neçə il əvvəl www.zardab.com.az saytına da müsahibə vermişdim. İndi o sayt yoxdur. O saytın sahibləri də nəcib işlə məşğul idilər, onlara minnətdarlığım sonsuzdur. Zerdab.com saytının isə ən böyük ağırlığının həmyerlimiz Nicatın üzərində olduğunu bilirəm. Elə fəaliyyətini dayandırmış saytda getmiş müsahibəni də məndən Nicat bəy almışdı. Bircə onu bilirəm ki, Nicat axtarışdadır, Zərdab haqqında ən kiçik məlumatı belə, körpə balası kimi əzizləyir, oxşayır, orasını-burasını düzəldib saytın oxucuları ilə bölüşür. Zerdab.com saytını ərəsəyə gətirən, onu yaşadan kollektivə – başda Nicat İntiqam olmaqla, təşəkkürümü bildirir, bu yolda yorulmamalarını arzulayıram. Zerdab.com bütün zərdablıların saytıdır. Bir daha bu gözəl təşəbbüsünüsə görə sizə minnətdarlığımı bildirirəm.
Nicat, Zerdab.com
Ürfan müellim, Sizi salamlayıram ve maraqlı müsahibe üçün teşekkür edirem. Son dövrler oxuduğum en şirin müsahibelerden biridir bu. O qeder içden cavablandırmısınız ki tekrar 2-3 defe oxumuşam. İnanıram ki ölkemizde ve xaricde yaşayan diger oxucularımız da bu fikirdedirler. Heyat fanidir, her kesi öz emeline göre xatırlayacaqlar. İnanıram ki siz de bu semimiyyetinize göre en azından könüllerde, yaddaşlarda qalacaqsınız. Var olasınız. Hörmetle, saytın emekdaşı Aslan Aslanov ve digerleri.
heqiqetende cox semimi ve maraqli musahibedir…bir Zerdabli olaraq tesekkurlerimi bildirirem size Urfan muellim
Maqbet Bunyatovdanda musabibe alsaniz yaxsi olar.
Ürfan müellime heyatda caan sağlığı, uğurlar arzulayıram
Comments are closed.