92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva Zərdab rayonunun Məlikumudlu, Alıcanlı, Körpükənd, Qoruqbağı və Sarıqaya kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.
Zerdab.com saytı xəbər verir ki, millət vəkili görüşlə bağlı bildirib: “Zərdab rayonunda Heydər Əliyev Mərkəzində seçicilərimlə növbəti görüşümüz baş tutdu. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdik, önünə tər qızıl güllər düzdük, ruhu qarşısında baş əydik. Qəbula 25 nəfər yazılmışdı. Qaldırılan məsələlər əsasən əlillik qrupunun təyini, işlə təminat, özünəməşğulluq proqramında iştirak, əkin sahələrinin suvarılması, torpaq sahəsinin sənədləşdirilməsi kimi məsələlərdə qarşıya çıxan çətinliklərlə, süründürməçilik halları ilə bağlı idi. Hər birini diqqətlə dinlədik. Müraciətlərdən bəzilərinin həlli üçün elə qəbulun gedişatı sırasında həm yerli, həm də respublika səviyyəli əlaqədar qurumlar və onların rəhbərləri ilə telefonla danışdıq. Problemləri nəzarətə götürmələrini və müsbət həllinə köməklik göstərmələrini xahiş etdik. Bir neçə məsələ elə yerindəcə həllini tapdı. Bəzi məsələlərlə isə vətəndaşın yazılı müraciətindən sonra məşğul olacağımızı bildirdik. Qəbul iştirakçılarından hər biri səmimi keçən qəbul, onları doğmaları kimi dinlədiyimiz və problemlərinin həllinə yaxından kömək etməyə hazır olduğumuz üçün məmnunluqlarını və təşəkkürlərini bildirdilər”.