Zərdabda II Dünya müharibəsi illərində və ondan sonrakı dövrdə baş verənlər – TARİX

0
73
zerdab-ikinci-dunya-muharibesi1

Alman faşistlərinin Sovet Sosialist Respublikaları İttifaqına qarşı 1941-ci il iyunun 22-də başladığı müharibə bu böyük ölkənin tərkibində olan Azərbaycan, o cümlədən Zərdab üçün yeni-yeni fəlakətlər gətirdi. Beləliklə, dinc quruculuq, əsasən də əkin-biçin, heyvandarlıq, baramaçılıq, qismən də balıqçılıq və arıçılıq işləri ilə məşğul olan, dolanşığı onsuz da çox da yaxşı olmayan Zərdab əhalisi üçün də 1941-ci il yayın ilk günündən təsəvvürə gəlməz dəhşətli qara günlər başlandı. Aclıq və səfalətə, cəmiyyətdəki böyük ədalətsizliklərə, haqsızlıqlara baxmayaraq hər yerdə olduğu kimi Zərdabda da bütün qüvvələr alman faşistlərinin SSRİ-yə hücumunun dəf edilməsinə yönəldildi. Ölkənin hər yerində olduğu kimi Zərdabda da “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” səfərbərliyə alındı. Sağlam kişilərin hamısı, əsasən də ömründə heç zaman doğma kənddən kənara çıxmayan, bığ yeri təzəcə tərləyən igid oğullar ön cəbhəyə-düşmənlə vuruşmağa getdilər və onların sırasında Zərdabda yaşayan azərbaycanlı və rus könüllü qadınlar da olmuşdur.
Kişilər müharibəyə – düşmənlə vuruşmağa getmişdilər. Arxa cəbhədə qalan qocalar, şikəstlər, qadınlar və uşaqlar isə həm cəbhəni ərzaqla, hərbi sursatla təmin edir, həm də özlərini dolandırırdılar- doyunca yeməsələr də, yarıac yaşasalar da əllərində olanı ön cəbhəyə göndərirdilər. Gündüz tarla, zəmi və fermalarda nəfəs dərmədən işləyən qadınlar gecələr bayatı deyə-deyə, körpələrə nağıl danışıb onları yatırtmaqla, bərabər, cəbhədəki əsgərlər üçün corab, əlcək toxuyur, oğullarına, ərlərinə, qardaşlarına göndərirdilər ki, rus qışında donmasınlar.
Müharibənin dəhşətləri elə ilk günlərdən Zərdabı da ağuşunda boğurdu. Baxmayaraq ki, cəbhə xətti, döyüş zonası Zərdabdan çox-çox uzaqlarda idi, bununla belə burada da aclıqdan ölənlər az deyildi. Odlu-alovlu cəbhəyə yollanan 3384 nəfər Zərdab sakinindən 1407 nəfəri qəhrəmanlıq və igidlik nümayiş etdirərək, dünyanı faşist əsarətindən xilas etmək naminə ömrünün gənclik çağında canını qurban verərək həlak olmuş, Vətənə, doğma elə, ailəyə qayıtmaq onlara qismət olmamışdır.
Haşiyə: II  Dünya müharibəsində alman faşist işğalçılarına qarşı vuruşan 700 minə yaxın həmyerlilərimizdən 300 min nəfəri həlak olmuşlar. Müharibədə igidlik göstərdiyinə görə Azərbaycandan 123 nəfər (onlardan 33 nəfəri azərbaycanlı) Sovet İttifaqı Qəhrəmanı, 30 nəfəri-Şöhrət Ordeninin hər üç dərəcəsinə layiq görülmüşlər. 1941-1945-ci illər müharibəsi dövründə Azərbaycanın arxa cəbhədə fədakarlıq göstərən 250 min nəfər oğul və qızı SSRİ dövlətinin orden və medalları ilə təltif olunmuşdu, onların sırasında 2 min nəfərdən çox zərdablı vardı.
Böyük Vətən müharibəsində Zərdab əhalisi uşaqdan – böyüyə arxa cəbhədə yorulmaq bilmədən, gecə-gündüz, yarıac çalışdı, çarpışdı ki, əsgərlərimiz və onların ailələri ac və geyimsiz qalmasınlar. O illərdə Zərdab rayonu cəbhəyə pulla, qızılla, ərzaqla misilsiz kömək göstərdi və bunun müqabilində sovet dövlətinin rəhbəri İ. V. Stalin şəxsən özü zərdablılara təşəkkür məktubu göndərdi. “Əkinçi” qəzetinin xələfi olan “Zərdab Staxanovçusu” qəzetinin 1944-cü il oktyabrın 16-da bazar ertəsi çıxan 4-cü sayında SSRİ dövlətinin başçısı, Ali Baş Komandan, marşal İosif Vissarionoviç Stalinin imzası ilə zərdablılara göndərilən belə bir teleqram dərc olunmuşdur: “Azərbaycan SSR Zərdab rayon partiya komitetinin katibi Nəriman Süleymanov yodaşa, Rayon icraiyyə komitetinin sədri Abdulla Məmmədov yoldaşa, Rayon icraiyyə komitetinin dövlət təminat və hərbi qulluqçu ailələrinə yardım üzrə müavini Niyazi Abdullayev yoldaşa:
Cəbhəçi uşaqlarına kömək fonduna 800 manat pul və 800 pud taxıl toplayan Zərdab rayon partiya, sovet və kənd fəallarına mənim qardaşlıq salamımı və Qızıl Ordunun təşəkkürünü yetirməyinizi xahiş edirəm! İ. V. Stalin”.
Böyük Vətən müharibəsi adlanan o qanlı döyüş cəbhələrində zərdablılar da öz sözlərini silahla, süngü ilə tarixin qanlı və şanlı səhifəsində yazdılar.
Bıçaqçı kəndinin igid oğlu Məlik Məhərrəmov İkinci Dünya müharibəsinin əfsanəyə bənzəyən qəhrəmanlıq səhifəsini yazanların ön sırasında dayanır. O, alman faşist ordusunun nəzarət etdiyi və möhkəm istehkamlar qurduğu Dnepr çayının o biri sahilinə öz bölüyü ilə sal və qayıqlarla, özü də güclü atəş altında birinci keçərək orada mövqe tutmasına, sovet ordusu hissələrinin o əraziyə çıxmasına şərait yaratmasına görə ən yüksək fəxri ada- Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Həmin şücaətinə görə Məlik Məhərrəmovun vuruşduğu hərbi hissədən 18 döyüşçüyə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi ki, bu da müharibələr tarixində yeganə hadisədir.
2008-ci ilədək Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun Zərdabda büstü qoyulmamışdır. Bu faktla əlaqədar rayon rəhbərliyi Azərbaycan Respublikasının Baş Nazirinin müavini cənab E. Əfəndiyevə aşağıdakı məzmunda məktubla müraciət etmişdir:

Azərbaycan Respublikasının Baş Nazirinin müavini cənab Elçin Əfəndiyevə.
Hörmətli Elçin müəllim!
1941-1945-ci illərin Böyük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərmiş Sovet İttifaqı Qəhrəmanı, həmyerlimiz Məlik Məhərrəmovun xatirəsinin əbədiləşdirilməsi barədə son illər əhalidən rayon İcra hakimiyyətinə çoxsaylı müraciətlər daxil olur. Müraciət edən vətəndaşlar Məlik Məhərrəmovun vətən qarşısında böyük xidmətlər göstərdiyini nəzərə alaraq rayon ərazisində onun büstünün qoyulmasını xahiş edirlər. Odur ki, rayon əhalisinin müraciətlərini nəzərə alaraq Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun Zərdab rayonunda büstünün qoyulmasına müvafiq köməklik göstərməyininzi Sizdən xahiş edirik.

Hörmətlə, Zərdab rayon İcra Hakimiyyətinin başçısı L. B. Babayev.

Məhz bu müraciətdən sonra Nazirlər Kabineti müvafiq qərar vermişdir:

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qərar N 85, Bakı şəhəri, 10 aprel 2008-ci il, Zərdab rayonunda Məlik Məhərrəmovun büstünün qoyulması haqqında.
Zərdab Rayon İcra Hakimiyyətinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərara alır:
1. Zərdab Rayon İcra Hakimiyyəti Sovet İttifaqı Qəhrəmanı Məlik Məlik oğlu Məhərrəmovun adının əbədiləşdirilməsi məqsədi ilə rayonda onun büstünün qoyulmasını təmin etsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş Naziri A. Rasi-zadə.
Digər bir həmyerlimiz, Zərdab rayonunun Məmmədqasımlı kənd sakini Muradalı Heydərov da müharibədəki qəhrəmanlığına görə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdü ki, bu da qanunla Sovet İttifaqı Qəhrəmanı statusuna bərabər tutulur. Məlumat üçün bildirək ki, M. Heydərov bu gün də doğma Məmmədqasımlı kəndində yaşayır, zərdablı gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün xidmətlərini əsirgəmir.
Qanlı-qadalı müharibə nəhayət ki, 1945-ci il mayın 9-da SSRİ-nin qələbəsi ilə başa çatdı. Sağ qalanların çoxu öz el-obasına qayıtdı. Qolunu, qıçını döyüş meydanlarında qoyub gələnlər, bədənində, sinəsində qəlpə ilə qayıdanlar evlərinə sevinc, ümidlə yanaşı, çətinliklər, problemlər də gətirdilər. Nə yazıq ki, izsiz-soraqsız itənlər də çox idi. Ümumiyyətlə, Zərdabdan 3 min nəfərdən çox insan müharibəyə getdi, onların təqribən yarısına geri qayıtmaq qismət olmadı…
Müharibədən sonra yeni bir fəlakət – ölkənin öz vətəndaşlarına qarşı repressiyalar dalğası başladı. Müharibənin ağır illərində təsərrüfatın ağırlığını çiyinlərində daşımış, kotan sürməkdən, araba dartmaqdan əlləri cadar, ayaqları qabar bağlamış insanların arasında xainlər, düşmənlər, sabotajçılar axtarmağa başladılar. Filankəs kolxoza xor baxır, işə çıxmır, kolxozu dağıtmaq istəyir, sovet hökuməti əleyhinə təbliğat aparır kimi böhtan və bəhanələrlə adamları bir çox hallarda hətta ailəlikcə, dəstə-dəstə sürgünə yolladılar, yerindən-yurdundan, elindən-obasından didərgin saldılar. Buna qanuni don geyindirmək üçün SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1948-ci il iyunun 2-də “Kənd təsərrüfatında işləməkdən boyun qaçıran və cəmiyyətə heç bir xeyir verməyən, özgə əməyi hesabına yaşayanların SSRİ-nin ən uzaq rayonlarına sürgün edilməsi haqqında” fərman da imzaladı.
Həmin fərmanın tələblərinə uyğun olaraq ilk mərhələdə Zərdabdan 4 nəfər sürgün olunmuşdur. İosif Stalinin ölümündən sonra hakimiyyətə yiyələnmiş Nikita Sergeyevic Xruşşov bu haqsızlığın aradan qaldırılması üçün şərait yaratdı, repressiya qurbanlarının bir çoxuna bəraət verildi. Həmin 4 zərdablı da bəraət alanların sırasında idi. Bu məsələ ilə əlaqədar Zərdab Rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin 21 dekabr 1954-cü il tarixli  67 saylı iclasının qərarında deyilir:
Rayon İcraiyyə Komitəsi qeyd edir ki, “Kənd təsərrüfatında işləməkdən qəsdən boyun qaçıran və cəmiyyətə heç bir xeyir  verməyən, özgə əməyi hesabına yaşayanların SSRİ-nin ən uzaq rayonlarına sürgün edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 2 iyun tarixli fərmanına əsasən Zərdab rayonunun Mikoyan adına kolxozun (sonralar  Zərdabi kolxozu adlandırılan Məmmədqasımlı kəndi) kolxozçularının ictimai hökmü ilə Zərdab kənd sakinləri Həsənov Qasım Əlihəsən oğlu və İsgəndərova Zəhra Ömrüm qızı SSRİ-nin ən uzaq rayonlarına sürgün edilmişdir. Bundan başqa, həmin fərmana əsasən Sarıqaya kənd sakini Abdullayev Cəlil Bəbiş oğlu uzun müddət müəllim işləmiş və müəllimlik  vəzifəsindən azad edildiyi üçün Malenkov adına  kolxozun idarə heyəti onun kolxozda işləməsini təklif etmiş, o bu təklifdən imtina etdiyinə görə uzun müddət köçüb başqa rayonda işləmiş, Həsənov Şaban Məhəmməd oğlu işlədiyi yerdən Körpükənd kəndinə qayıtdıqdan sonra Şaumyan adına kolxozun idarə heyəti onun kolxozda işləməsini məsləhət görmüş, lakin o bu təklifə guya etiraz etmiş, bunun üçün hər ikisi SSRİ-nin ən uzaq rayonlarına kolxozçuların ictimai hökmü ilə 8 il müddətinə sürgün edilmişlər.
Zərdab Rayonu İcraiyyə Komitəsi hazırkı vaxtda, sürgün edilənlərin ailə vəziyyətini nəzərə alaraq
                                                                            Qərara alır:

1. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 2 iyun tarixli fərmanına əsasən Zərdab kənd sakinləri Həsənov Qasım Əlihəsən oğlu və İsgəndərova Zəhra Ömrüm qızı SSRİ-nin ən uzaq rayonlarına sürgün edilmələri haqqında Mikoyan adına kolxozun kolxozçularının 1949-cu il 14 iyun tarixli 13 N-li ictimai hökmünün ləğv edilməsi haqqında Mikoyan adına kolxozun kolxozçularının 1954-cü il 18 noyabr tarixli 13 N-li qərarı təsdiq edilsin. Bu ictimai hökmün təsdiq edilməsi  haqqında Zərdab Rayon İcraiyyə Komitəsinin 1949-cu il 22 iyun tarixli 38 N-li qərarı ləğv edilsin.
2. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 2 iyun tarixli fərmanına əsasən Sarıqaya kəndindən sürgün edilmiş Abdullayev Cəlil Bəbiş oğlu haqqında Malenkov adına kolxozun kolxozçularının 1951-ci il 19 may tarixli 8 N-li ictimai hökmünün təsdiq edilməsi barədə Zərdab rayon icraiyyə komitəsinin 1951-ci il 23 may tarixli 17N-li, Körpükənd  kəndindən sürgün edilmiş Həsənov Şaban Məhəmməd oğlu haqqında Şaumyan adına kolxozun kolxozçularının 1952-ci il 1 oktyabr tarixli 32 N-li ictimai hökmünün təsdiq edilməsi barədə Zərdab rayon icraiyyə komitəsinin 1952-ci il 15 oktyabr tarixli 68N-li qərarı ləğv edilsin.
3. Azərbaycan SSR Nazirlər Sovetindən xahiş edilsin ki, Həsənov Qasım Əlihəsən oğlunun, İsgəndərova Zəhra Ömrüm qızının, Abdullayev Cəlil Bəbiş oğlunun və Həsənov Şaban Məhəmməd oğlunun sürgündən azad olunması üçün lazımi təşkilatlara sərəncam verilsin.

Qeyd: Zərdablıların II Dünya müharibəsində iştirakı barədə İsaməddin Əhmədovun “Zərdablılar 1941-1945-ci illər mühəribəsində ” – Bakı, “Müəllim” nəşriyyatı, 2010, kitabında geniş məlumatlar dərc olunmuşdur. Həmin kitabda Böyük Vətən müharibəsi illərində  ön və arxa  cəbhədə fədakarlıq göstərən orden-medallı zərdablılar barədə ayrıca materiallar dərc edilib.