Zərdab rayonunda bağ, meşə adları ilə bağlı yaşayış məntəqələrinin, yer adlarının mövcud olması nə ilə izah olunur?
Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” və Ali Media Mükafatı laureatı, həmyerlimiz Eldəniz Əli oğlu Həsənovun Zerdab.com saytına müsahibəsindən bir hissə:
“Zərdab ərazisində salınmış yaşayış məntəqələrinin əksəriyyəti Kür çayı sahili boyunca yerləşmişdir. Kür çayının ətrafında isə qalın, sıx şəkildə Tuqay meşələri inkişaf etmişdir. Bir vaxtlar həmin kəndlər bu sıx meşəliklərin əhatəsində qalmışdır. Odur ki, burada salınan kəndlər İsaqbağı, Qoruqbağı, Yarməmmədbağı, Şıxbağı, Lələağacı, Ağabağı, Allahqulubağı və sair adlandırılmışdır.
Eyni zamanda, Zərdab Kür vadisində yerləşməklə, həm də bağlar diyarı olmuşdur. Belə ki, “Otmanoba meşəsi”, “Ceyranlı meşə”, “Ellər meşəsi”, “Eyvazallar meşəsi”, “Şəftahal bağı”, “Seyidlər bağı”, “Nəzərəlixan bağı”, “Mirzə bağı”, “Məlikli bağı”, “Mehman bağı”, “Kazımağa bağı”, “Kənd bağı”, “Güllər bağı”, “Aşağı Əlvənd bağı”, “Döylər meşəsi”, “Baharlı bağı” və sair yer adları bu qəbildəndir”.