Ötən gün Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümü ölkənin əsas gündəminə çevrilib. Aytənin ailəsi hadisədə onun həyat yoldaşı Rəhman Niftəliyevi ittiham etsə də, həmin şəxs açıqlama yayaraq bunu təkzib edib və məsələnin istintaq prosesinə buraxılmalı olduğunu deyib.
Aytən Niftəliyevanın xalası Pəri Fəttahova isə Aytənin nişanlı və ailəli olduğu dövrlə bağlı bir çox təfərrüatı açıqlayıb: “Aytən (Aytən Süleymanova) və Rəhman (Rəhman Niftəliyev) ali məktəbdə tanış olublar. Aytən kimya mühəndisliyi, Rəhman isə coğrafiya fakültəsində təhsil alırdı. Elə təhsil müddətində Rəhman Aytəni görüb və onu evlənməyə razı salıb. 2018-ci ilin sentyabrın 15-də nişanlanıb, 2019-cu ilin aprelin 13-də ailə qurublar”.
Çox həyatsevər, şən qız imiş. Lakin tələbə yoldaşları onu dövlət imtahanında görəndə təəccüb ediblər. O həyatsevər qızdan əsər-əlamət qalmayıbmış. Vəziyyət o yerdə idi ki, o hər ağzını açanda Rəhmana baxırmış.
Təsəvvür edirsiz? Ağıllı, savadlı, şən bir qız çox qısa müddətdə gözündən qorxu əskik olmayan birinə çevrilib…
Pəri Fəttahovanın sözlərinə görə, Rəhmangil əslən Zərdab rayonundandır: “Biz isə Şəkidən. Aytənin atası 1-ci Qarabağ müharibəsi veteranıdır. Hələ nişanlı olduqları dövrdə Aytən daima fiziki şiddətə məruz qalırmış. Valideynləri bu izdivaca əvvəldən qarşı imişlər, lakin Aytən onları razı salıb”.
El adətilə bəyaz gəlinlikdə ər evinə yollanan Aytən gələcəkdə onu nələr gözlədiyindən xəbərsiz idi.
Onlar Badamdarda həyət evində yaşamağa başladılar. Qaynata, qaynana və yeni evlilər. Rəhmanın daimi iş yeri yox imiş. Atasının (İlqar Niftəliyev) kiçik biznesi var imiş. Elə onunla da dolanırmışlar.
Qara günlər isə qarşıdadır… Toydan qısa müddət sonra Aytən hamilə qalır. Pəri xanımın bu dövr haqqında dediyi sözlər tükürpərdicidir. Rəhman Aytəni hamilə ikən toqqa ilə boğurmuş, toqqa ilə döyürmüş…
Burada bir haşiyəyə çıxaq. İstər-istəməz sual yaranır- bəlkə Rəhmanın psixi problemi, yaxud zərərli aludəçiliyi var imiş? Rəhmanın sosial media hesabında açdığı canlı yayım zamanı tələbə yoldaşları şərhlərdə bunu təsdiq edib…
Aytənin hamiləlik dövründə də fiziki şiddətə məruz qalması valideynlərini daim qorxudurdu. Ya qızına bir şey olacaq, ya da uşaq tələf olacaq, deyə-deyə ayları yola saldılar. Sağlam, gözəl bir qız uşağı dünyaya gəldi. Adını Tahirə qoydular (Rəhmanın nənəsinin adı imiş).
Dünyaya ağlaya-ağlaya gələn bu körpəyə bir tərəfdən anası da qoşulurdu-təhqirlər, döyülmələr bitmirdi…Aytənin atası bu dərddən ürək xəstəliyi tapdı. Ötən il vəfat etdi. Aytəni bununla da sınadılar. Onu atasının yasına buraxmadılar. Gizlicə evin bir küncündə ağlamağa belə icazə vermirlərmiş…
Hələ bu harasıdır? Ona kölə kimi davranırmışlar. Bir səhvini görəndə diz üstə çökdürüb üzr istədirmişlər. Bəs uşağına necə, Rəhman şiddət göstərirdimi? Bununla bağlı sübut yoxdur. Lakin Aytənin başına gələnlər göz önündədir. Faciə gününü təfərrüatlı şəkildə xalasının dilindən təqdim edirik:
“Aytən Sumqayıta, anasıgilə qonaq gedib. Anası evinə dönər-dönməz əlaqə saxlamasını tapşırıb. Zəng gəlmədiyini görən ana narahat olub. Bunu da deyim, bilin. Aytənin gəlin köçəndən sonra telefonu olmayıb. O, doğma ailəsi ilə yalnız qaynanasının yanında danışa bilərmiş. Yenə bir səbəb tapan Rəhman Aytəni döyməyə başlayıb. Bu dəfə qaynana da ona qoşulub. Aytənin anası zəng vuranda balaca Tahirənin ağlamağını eşidəndə narahat olub. Rəhman isə bunu ört-basdır etmək üçün Aytəndən boşanmaq istədiyini deyib. Sonra şiddət davam edib. Vəziyyətin gərginləşdiyini görən Aytən qızı Tahirəni də götürüb dama çıxıb (dama pilləkən var imiş)”.
Bu arada Rəhman həyat yoldaşı və qızının ikinci mərtəbədən yıxıldığını deyir. Amma xəstəxanada olanlar Aytənin qaynanasının (Təranə Niftəliyeva) dayanmadan “O damı bağlı saxlayın demişdim sizə”, deyə, qəzəbləndiyinin şahidi olublar.
Aytən və Tahirənin son anları isə dəhşətlidir. 1-ci mərtəbədə qayınata və qayınanasının olduğunu bilən Aytən çarəni övladı ilə dama çıxmaqla tapacağını düşünür. Onun arxasınca qaçan Rəhman Tahirəni anasının əlindən almağa çalışanda…
Bəli. Balaca Tahirə atası ilə anasının arasında çəkişdirilərkən qəfil damdan düşüb…Nə baş verdiyini anlamayan ana övladının arxasında özünü atmaqmı istəyirmiş, ayağımı sürüşüb, yoxsa onu həyat yoldaşı itələyib, burası müəmmadır. Bəlli olan odur ki, Aytən bir müddət damdan asılı qalıb. O anda “Mən ölmək istəmirəm”, deyib və kömək istəyib. Rəhman isə ona kömək əlini uzatmayıb. Əllərinin taqəti qalmayan Aytən yıxılıb. Yıxılarkən huşu yerində imiş, amma övladını görəndə…Tahirə artıq gözlərini əbədi yummuşdu…
Qonşular Təcili Yardıma xəbər verib. Əvvəlcə Dövlət Təhlükəsizik Xidmətinin (DTX) Hospitalına aparılan Aytən sonra Respublika Klinik Xəstəxanasına köçürülüb. Xalası danışır ki, vəziyyət bəlli idi. O, ölməmişdi. Hadisəni olduğu kimi xatırlayırdı. Demək ki, Rəhman bu dəfə xilas ola bilməyəcəkdi.
Xəstəxanada ayılan kimi Aytən hər şeyi olduğu kimi danışıb. Gözünü açması möcüzə idi. Təəssüf ki, aldığı ağır bədən xəsarətləri, daxili orqanlardakı ciddi zədələr hadisədən 3 gün sonra onun ölümünə səbəb oldu. Aytənin ailəsi bu cinayətin cəzasız qalmaması üçün hər şeyə hazır olduqlarını bildirib.