Zərdablı qəhrəmanın məzarı 28 il sonra tapıldı – FOTOLAR + VİDEO

0
107

Zərdab rayonunun Qaravəlli kənd sakini, Abdullayev Vüqar İsa oğlu 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun ölüm xəbəri ailəsinə verilsə də, nəşi tapılmayıb.

Bir neçə gün öncə ailəyə Abdullayev Vüqar İsa oğlunun məzarının Kəlbəcər rayonunun Şırram kahası adlanan ərazidə tapıldığı xəbəri verilib.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Zərdab bölməsinin rəisi Asif Əhədov 28 ildən sonra məzarı tapılan şəhidin ailəsi ilə görüşüb, onlara başsağlığı veriblər.

(Qeyd: xəbərin bu yerində İcra başçısının şəhidin atası ilə keçirdiyi həmin görüşlə bağlı fotolar da ola bilərdi, amma əldə edə bilmədik deyə yoxdur)

Zerdab.com xəbər verir ki, Vüqar Abdullayev 1971-ci ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. 1993-cü ilin aprel ayında Kəlbəcərin Başlıbel kəndindən mülki əhalinin sağ-salamat çıxarılması üçün köməyə gələn dəstənin tərkibində olub.

Vüqar yerli sakinləri qəhrəmanlıqla müdafiə edib. Elşad Əzizov xatırlayır: “… atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qayıdarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu”. 

Şahidlər söyləyirlər ki, ermənilər intiqam almaq üçün Vüqarın nəşini güllələr ilə deşik-deşik etmişdilər.

Kahaya sığınanlar Başlıbeldə şəhid olanların hamısını dəfn etməyə çalışıblar. Şəhidləri əsasən gecə saatlarında dəfn edirdilər. Ermənilərin Şırran, Portda, Qayabaşı zonasındakı kahalarda törətdikləri qətliamda şəhid olanların hamısı elə həmin ərazidə, kahaların alt hissəsindəki yamacda dəfn edilib. Başlıbel kahasında mühasirədə olan İsmət Əzizovun xatirəsindən: “…Hamımız köməkləşib şəhidlərdən bir neçəsini dəfn edəndən sonra “Nəbinin kahası”na qayıtdıq. Səhəri gün yenidən dəfnə getdik, bu dəfə zərdablı Vüqarı, Əhliman kişini və Gülara xalanı torpağa tapşırdıq”. Qəhrəman döyüşçü Kəlbəcər rayonunun Şırran kahasında dəfn edilib.

Şəhid Abdullayev Vüqar bir müddət itkin hesab olunub və Zərdab rayon Məhkəməsinin 1996-ci il tarixli 2-78 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilib.

Uzun müddət itkin hesab edilən övladından xəbər gözləyən anasının gözləri ağlamaqdan kor olub. Başlıbel faciəsi ictimaiyyətə açıqlanandan sonra, hadisə şahidlərinin ifadələrindən Vüqarın qəhrəmanlıqla şəhid olması məlum oldu.

Məlumat üçün bildirək ki, Kəlbəcər rayonunun işğalı zamanı 2000 nəfərdən çox əhalisi olan Başlıbel kəndinin 73 sakini evlərini tərk edə bilmədiyindən düşmən ordunun mühasirəsində qalıb. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Aprelin 18-də erməni quldurları dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Sonda REAL TV-nin bir neçə gün öncə ərazidən yayımladığı videomaterialı da təqdim edirik.

Zerdab.com