“City Hospital”da Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanmış qazi Mirzəliyev Roman Aleksandr oğlunu ziyarət etdim. Roman 3 gün öncə hospitalda “Yaşat” Fondunun dəstəyi ilə əməliyyat olunub”.
Zerdab.com saytına verilən məlumata görə, bunu Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva bildirib.
“Onu əməliyyat edən tanınmış travmatoloq ortoped Bayram Qorçiyevlə, əməliyyatda iştirak efən həkimlər Inar Seyidov və Babək Əlinağıyevlə, müalicə həkimi Fərid Məmmədovla və digər tibbi personalla görüşdüm. Roman 3 gün əvvəl sağ baldırın yuxarı üçdə bir hissəsinin qəlpə yaralanması, osteomielit, sağ aşıq baldır oynağının kataraktası, sol baldır aşağı üçdə bir hissəsinin sümük deformasiyası diaqnozu ilə hospitalda əməliyyat olunub. 6 saat sürən əməliyyat müvəffəqiyyətlə keçib. Hazırda vəziyyəti qənaətbəxşdir. 2-3 günə qədər evinə – Zərdaba qayıdacaq. Həkimin verdiyi məlumata görə 4 ay sonra ayaqlarındakı problem tamamilə aradan qalxacaq. Həmin vaxta qədər isə rayonda təbii ki, həkim nəzarəti altında olmalı, sağ ayağının sarğıları hər gün, sol ayağının sarğıları isə 3 gündən bir dəyişdirilməlidir. Bir ay sonra təkrar müayinə üçün Bakıya qayıdacaq, inşallah”.
Qeyd edək ki, Mirzəliyev Roman Aleksandr oğlu əməliyyat olunması ilə bağlı “YAŞAT” Fondu da məlumat yayıb.
Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir. Ciddi fiziki travma alan qazilərimiz Əmirəliyev Nicat Kərəməli oğlu, Qurbanov Əbülfət Tanrıverdı oğlu, Mirzəliyev Roman Aleksandr oğlu və Sultanlı Nicat Məmi oğlu “YAŞAT” Fondu tərəfindən zəruri tibbi müayinələrdən keçiriliblər və onlar uğurla əməliyyat olunublar. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Zerdab.com