Azərbaycanda sərt karantin rejimi yumşaldılır – Operativ Qərargah siyahını açıqladı

0
69

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Zerdab.com saytı xəbər verir ki, dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

Eyni zamanda bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:

● Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur. 

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalar əsasında yanvarın 18-dən icazə sistemi ləğv edilir, rayonlara gediş-gəliş məhdudiyyəti isə yanvarın 25-dək qüvvədədir. 

Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 18-dən 25-dək rayonlara gediş-gəlişə hansı qaydada icazə veriləcəyini açıqlayıb.

Belə ki, 2021-ci il 18 yanvar saat 00:00-dan 2021-ci il 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə,Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin (kənd və qəsəbələr istisna olmaqla) ərazilərinə giriş-çıxış aşağıdakı qaydada həyata keçirilir. 

Bu şəxslər xidməti vəsiqə əsasında:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Xüsusi Tibb Xidmətinin,
Təhlükəsizlik Şurası Katibinin Xidmətinin,  Nazirlər Kabineti Aparatının və Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

2. Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

4. İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və Aparatının əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

6. Xarici İşlər Nazirliyinin əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

7. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

8. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları, 
habelə onların yerli heyəti ( Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında);

9. Minatəmizləmə Agentliyinin əməkdaşları;

Bu şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə, “icaze.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında:

1. bu Qərarın 2.5.1-ci yarımbəndində göstərilən dövlət orqanları (qurumları) istisna olmaqla, digər dövlət orqanlarının,dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşları;

2. fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri;

3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməyən özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;

4. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

5. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləri;

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar bu Qərarın 2.5-ci bəndində qeyd olunan inzibati ərazi vahidləri arasında və onların hüdudlarından kənara hərəkət etməsi üçün hər bir şəxs Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında;

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin bu Qərarın 2.5-ci bəndində qeyd olunan ərazilərin arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında;

2.5.5. kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeyd olunan sahələrdə fəaliyyət göstərəcək əməkdaşlarının (nəqliyyat vasitələri ilə birgə) şəhərlərarası, rayonlararası hərəkətinə onlar barədə məlumatlar gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra yol verilir. 

Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərinin üzərlərində olması məcburidir.

Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Zerdab.com