Zərdabın Məlikli kəndində yaşanmış münaqişənin-Cinayət İşi

0
53

www.zerdab.com saytı daha bir cinayət işi ilə bağlı materialları təqdim edir. 

  • İş № 1(036)-40/2009-cu il.
  • AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN HÖKM
  • Zərdab rayon Məhkəməsi

Zərdab rayon Məhkəməsi Qarayev Ağaməmməd Qurban oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru ədliyyə müşaviri Quliyev Fəyyaz Əbdi oğlunun, müdafiəçi Paşayev Mehman Abdulhüseyn oğlunun iştirakı ilə 24 iyul 2009-cu ildə Zərdab şəhərində,
1) Zeynalov Xaləddin Ədalət oğlunun-25 aprel 1990-cı ildə Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuş, Ucar rayonunun Qaradağlı kəndində müvəqqəti məskunlaşmış, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, çoban işləyir, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tədbiri seçilmişdir, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə;

2) Əsədov İbad Abdulla oğlunun- 14 may 1969-cu ildə Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuş, Ucar rayonunun Qaradağlı kəndində müvəqqəti məskunlaşmış, evli-5 nəfər ailə sahibi, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, II qrup əlil, əvvəllər Şəmkir rayon Məhkəməsinin 05 mart 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 221.3-cü maddələri ilə təqsirli bilinib 3 il 3 ay azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 oktyabr 2007-ci il tarixli qərarı ilə CM-nin 221.3-cü maddəsi ilə icraata xitam verilmiş, CM-nin 128-ci maddəsi ilə təyin olunmuş cəzanı CM-nin 68.1.3-cü maddəsinə uyğun olaraq çəkib qurtardığına görə azad olunmuş, məhkumluğu ödənilmişdir. Haqqında 29 iyun 2009-cu il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair işə açıq məhkəmə iclasında baxaraq
MÜƏYYƏN E T D İ:

Təqsirləndirilən şəxs Zeynalov Xaləddin Ədalət oğlu 16 mart 2009-cu il tarixdə Zərdab rayon Məlikli kəndi ərazisindəki “Qızlıq” adlanan ərazidə otlaq sahəsi ilə əlaqədar aralarında yaranmış münaqişə zəminində Kəlbəcər rayon sakini Süleymanov Etibar Süleyman oğlu ilə mübahisə edərək dalaşmış, qəsdən vuraraq ona başın təpə nahiyəsində dərialtı hemotoma, sol qaşüstü nahiyəsinin əzilmiş infeksiyalaşmış yarası, sol qulağın sıyrılması, keçirilmiş kəllə-beyin travması nəticəsində ensefalopatiya, sol üçlü sinirin I şaxəsinin travmatik nevralgiyası-ağrı sindromu ilə müşaiyət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Həmçinin Süleymanov Etibar Süleyman oğlu da həmin dalaşma zamanı Zeynalov Xaləddin Ədalət oğlunu vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. E.S.Süleymanovun ilk dəfə olaraq belə əməl törətməsini, barışdıqlarını, X.Ə.Zeynalovun ondan şikayəti və tələbi olmamasını nəzərə alaraq məhkəmənin 24 iyul 2009-cu il tarixli qərarı ilə E.S.Süleymanovun haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan işin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs Əsədov İbad Abdulla oğlu 2009-cu ilin mart ayının əvvəllərində ona 22 noyabr 2007-ci il tarixdə Göranboy rayon polis şöbəsi tərəfindən 171 № li şəhadətnamə əsasında verilmiş İJ-16 kalibrli A 30233 №-li təklüləli ov tüfənginin lüləsini kəsərək tüfəngin ilkin ballistik xüsusiyyətlərini qismən dəyişdirmiş, tüfəngin təyinatını dəyişdirərək qanunsuz olaraq odlu silah hazırlamış və həmin silahı özündə saxlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Zeynalov Xaləddin Ədalət oğlu ona verilən ittihamla özünü təqsirli bildi və göstərdi ki, əslən Kəlbəcər rayonu Zəylik kəndindən olmaqla 3 ildir ki, atası Ucar rayonu Qaradağlı kəndi ərazisində məskunlaşaraq heyvandarlıqla məşğuldurlar. Məskunlaşdığı ərazi Zərdab rayonu Məlikli kənd bələdiyyəsinə məxsus torpaq sahələri ilə həmsərhəddir. Həmin ərazidə Kəlbəcər rayonundan olan Süleymanov Etibar Süleyman oğlu məskunlaşaraq heyvandarlıqla məşğuldur. Otlaq sahəsi ilə əlaqədar Etibarla aralarında tez-tez mübahisələr baş vermişdir. 16 mart 2009-cu il tarixdə də qoyunların otlaq sahəsinə girməsinin üstündə mübahisələri olmuş, Etibar buna görə ağacla onun üzərinə gələrək başına vuraraq xəsarət yetirmişdir. Aldığı zərbədən hüşunu itirmiş, özünə gələndə isə Etibarın artıq çıxıb getdiyini görmüşdür. Həmin vaxt İbad Əsədov hadisə yerində olmamış, ondan və Etibar Süleymanovdan başqa hadisə yerində heç kəsi görməmişdir.Lakin həmin vaxt onlardan bir qədər aralıda Ucar rayonu Qaradağlı kəndindən olan Seymur və Rafiq adlı şəxslər mal-qara otarmaqla məşğul olmuşlar. Etibarla dalaşdıqları vaxt onu vurmuş, hal hazırda Etibara qarşı heç bir şikayəti və tələbi olmadığını, etdiyi cinayət əməlinə görə peşman olduğunu bildirdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Əsədov İbad Abdulla oğlu ona verilən
ittihamla özünü qismən təqsirli bildi və göstərdi ki, əslən Kəlbəcər rayonu Zəylik kəndindən olmaqla 3 ildir ki, Ucar rayonu Qaradağlı kəndi ərazisində məskunlaşaraq heyvandarlıqla məşğuldur.Həmin ərazi Zərdab rayonunun Məlikli kənd bələdiyyəsinə məxsus torpaq sahələri ilə həmsərhəddir. Orada Kəlbəcər rayonundan olan Süleymanov Etibar Süleyman oğlu məskunlaşaraq heyvandarlıqla məşğul olur. Otlaq sahəsi ilə əlaqədar aralarında tez-tez mübahisələr baş vermişdir. 16 mart 2009-cu il tarixdə Ucar rayonu Qaradağlı kəndində olmuş, evə gələndə çobanı işləyən Xaləddin Zeynalovun üz-gözünü qan içində görmüş, Xalədindən nə baş verdiyini soruşmuş, Xaləddin isə Etibarla dalaşdığını, həmin vaxt Etibarın onu döyərək bu vəziyyətə saldığını bildirmişdir. Evində saxladığı İJ-16 kalibrli A 30233 № li təklülə ov tüfəngini 22 noyabr 2007-ci il tarixdə Goranboy rayon polis şöbəsindən rəsmi qaydada götürmüş, 2009-cu ilin mart ayının əvvəllərində həmin tüfəngdən açılan atəş zamanı lülədə şişmə baş vermiş, buna görə də dəmir kəsən alətlə həmin tüfəngin lüləsini şişdiyi hissədən kəsmiş, bundan sonra da tüfəngi evində saxlamışdır. Təqsirləndirilən şəxslər Zeynalov Xaləddin Ədalət oğlunun və Əsədov İbad Abdulla oğlunun cinayət əməlləri məhkəmə istintaqında digər sübutlarla aşağıda göstərilən qaydada sübuta yetirildi. Məhkəmə iclasında dindirilən Süleymanov Etibar Süleyman oğlu göstərdi ki, əslən Kəlbəcər rayonundan olmaqla 1993-cü ildən məlum hadisələrlə əlaqədar məcburi köçkün düşərək Zərdab rayonu ərazisində məskunlaşmışdır. Hazırda Zərdab rayonu Məlikli kəndi ərazisində Ucar rayonu Qaradağlı kəndi ilə həmsərhəd zonada məskunlaşaraq heyvandarlıqla məşğuldur. Heyvandarlıqla məşğul olmaq üçün ona icarəyə verilmiş torpaq sahəsinin yaxınlığında Kəlbəcər rayonundan olan digər məcburi köçkünlər Əsədov İbad və onun yaxın adamları ilə heyvan saxlamaqla məşğul olmuş, lakin İbad Əsədov və onun çobanı saxladıqları heyvanları özbaşına onun otlaq sahəsinə ötürdüklərinə görə aralarında narazılıqlar yaranmışdır. 16 mart 2009-cu il tarixdə saat 15 radələrində yenə də ona məxsus otlaq sahəsində qonşu ərazidə məskunlaşan məcburi köçkünlərin heyvanlarını otardıqlarını görmüşdür. Bu səbəbdən həmin yerə gəlmiş və Zeynalov Xaləddin Ədalət oğlunun onun icarəyə götürdüyü ərazidə heyvanları otardığını görmüş, buna görə Xaləddinlə mübahisə edərək dalaşmış, Xaləddin onu döymüşdür. Aldığı zərbələrdən huşunu itirmiş, özünə gələndən sonra evinə gəlmişdir. Əsədov İbadda lüləsi kəsilmiş ov silahı olduğunu bildirməklə döyülməsi ilə əlaqədar Zərdab rayon prokurorluğuna şikayət etmişdir. Hazırda Zeynalov Xaləddin Ədalət oğlundan şikayətçi olmadığını bildirdi. Məhkəmədə şahid kimi dindirilən Səfərəlıyev Şıxalı İsmayıl oğlu göstərdi ki, 7 ildir ki, Kəlbəcər rayon sakini Süleymanov Etibar Süleyman oğlunu tanımaqla əvvəllər onun yanında çoban işləmişdir. Etibar Süleymanovla digər Kəlbəcər rayon sakini Xaləddin Zeyalovun dalaşmalarını eşitmiş, lakin 16 mart 2009-cu il tarixdə baş vermiş hadisə zamanı həmin yerdə olmamışdır. Sonradan Etibarın fermasına gələrkən onun üz-gözünü sarıqlı vəziyyətdə görmüş, səbəbini soruşduqda Etibar onun bu vəziyyətə Ədalətin oğlu Xaləddin tərəfindən salındığını bildirmişdir. Məhkəmədə şahid Baxşəliyev Mirzəmməd Ağəli oğlu göstərdi ki, Zərdab rayonu Alıcanlı kəndindən olmaqla Kəlbəcər rayon sakini Süleymanov Etibar Süleyman oğlunu tanıyır. “Qızlıq” adlanan Qara su çayının kənarındakı sahədə özü də mal-qara saxlamaqla məşğul olur. 16 mart 2009-cu il tarixdə saat 15 radələrində Etibarla bir yerdə çöl sahədə söhbət etmiş, Etibar qonşu ərazidə məskunlaşan həmyerliləri olan Əsədov İbad və onun qohumlarından narazılığını bildirərək heyvanlarını onun otlaq sahəsinə keçirməsini bildirmişdir. Elə bu vaxt bir sürü mal-qaranın həmin istiqamətdən gələrək Etibarın otlaq sahəsinə girdiklərini görmüş, Etibar atı minib həmin istiqamətə getmişdir. Sonradan həmin yerdə Etibarın kiminləsə dalaşdığını uzaqdan görmüş, hadisə yerinə özü getməmiş, Etibar geri qayıdarkən onun Xaləddin Zeynalovla dalaşdığını öyrənmişdir. Şahid Süleymanov Famil Süleyman oğlu göstərdi ki, əslən Kəlbəcər rayon sakini olmaqla Sülemanov Etibar Süleyman oğlunun qardaşıdır. Özü Bakı şəhərində məskunlaşmış, qardaşı Etibar isə Zərdab rayonu Məlikli kəndinin bələdiyyə torpaqlarında məskunlaşaraq heyvandarlıqla məşğuldur. Etibarın məskunlaşdığı ərazi ilə qonşu ərazidə Əsədov İbad və qohumları məskunlaşaraq onlar da mal-qara saxlamaqla məşğul olmuş, lakin Etibarla İbadgilin arasında otlaq sahəsi ilə əlaqədar tez-tez mübahisələri olmuşdur. 16 mart 2009-cu il tarixdə qardaşı Etibar telefonla zəng edərək ona Xaləddinlə dalaşdığını və döyüldüyünü bildirmişdir. Şahid Əsədov Seymur İbad oğlu göstərdi ki, Əsədov İbad onun atasıdır. 2009-cu ilin mart ayının əvvəllərində atası İbad çöl sahədə çaqqala atəş açanda atasına məxsus tək lüləli ov tüfəngi partlamışdır. Həmin tüfəngin atası tərəfindən təmir olunması barədə məlumatı olmamışdır. Lakin sonradan həmin tüfəngin lüləsi şişdiyinə görə atası tərəfindən kəsilmiş və bundan sonrada tüfəngi evlərində saxlamışdır. Göstərilənləri ibtidai istintaq zamanı şahid kimi dindirilən və məhkəmə iclasında ifadələri oxunub elan edilmiş Əliyev Əbülfət Şahid oğlu və Nurməmmədov Rafiq Əhmədalı oğlu da təsdiq etmişlər. Göstərilən cinayət hadisəsinin baş verməsi işdə olan protokollar, fotoşəkillər və digər sənədlərlə də təsdiq olunur. İş üzrə məhkəmə-tibb ekspertizasının verdiyi 16 aprel 2009-cu il tarixli, 40 saylı rəyindən görünür ki, Süleymanov Etibar Süleyman oğlunun müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər ( eyni zamanda bu xəsarətlərdən törənmiş xəstəlik əlamətləri) başın təpə nahiyəsində dərialtı hemotoma, sol qaşüstü nahiyəsinin əzilmiş infeksiyalaşmış yarası, sol qulağın sıyrılması, keçirilmiş kəllə-beyin travması nəticəsində ensefalopatiya, sol üçlü sinirin I şaxəsinin travmatik nevralgiyası-(ağrısindromu ilə gedən) bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitə-yəni 16 mart 2009-cu il tarixdə təpə, sol qaşüstü, sol qulaq seyvanı nahiyəsinə ağacla vurulma nəticəsində əmələ gələ bilərdi. Xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə məhkəmə-ballistik ekspertizasının verdiyi 26 may 2009-cu il tarixli, 6798 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd tüfəng 16 kalibrli olmaqla, “İJ-18” modelli, “A 30233” №li, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş, hamar-təklüləli odlu ov tüfənginin kəsiyidir. Sonradan onun üzərində dəyişiklik edildiyindən, yəni lüləsi kəsilib (ehtimal ki, kəsici alətlə) qısaldıldığından tüfəng öz ilkin ballistik xüsusiyyətlərini qismən itirmişdir.Təyinatı dəyişdiyindən tüfəng kəsiyi odlu silah hesab edilir, texniki cəhətdən saz, atəş açmaq üçün yararlıdır. Beləliklə, bütün bu yuxarıda sadalanan biri digərini tamamlayan sübut növlərinin cəminə obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər X.Ə.Zeynalovun və İ.A.Əsədovun etdikləri cinayət əməlləri məhkəmə istintaqında da onlara tam sübuta yetirildi. Zeynalov Xaləddin Ədalət oğlunun hərəkəti Azərbaycan Respublikası CM-nin 127.1-ci və Əsədov İbad Abdulla oğlunun hərəkəti isə CM-nin 228.1, 229.1-ci maddələrinin tərkibini təşkil edir. Onlar həmin qanunun tələbi əsasında cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər X.Ə.Zeynalovun və İ.A.Əsədovun şəxsiyyətlərini, etdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların haqlarında cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə etməklə cəza məsələsinidə həll etmişdir. Təqsirləndirilən şəxs X.Ə.Zeynalovun 20 yaşlı gənc olmaqla ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, cinayət əməlini etiraf edərək peşman olması, zərər çəkmiş şəxsin ondan şikayətçi olmaması, İ.A.Əsədovun himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan və 1 nəfər azyaşlı uşağının olması, özünün və arvadının II qrup əlil olmaları, X.Ə.Zeynalovun və İ.A.Əsədovun Kəlbəcər rayonundan məcburi köçkün olmaları cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Onların cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə 50 (əlli) manat eksperiza xərci Əsədov İbad Abdulla oğlundan alınaraq Az MEM VÖEN 1700326621 ABB mərkəzi filialı, VÖEN 9900001881 kod 805250 m/h 0137010002944 H/h COR 328518 AZN 3201-01 S.w İ.F.T. Bik. İBAZAZ 2 X hesabına hesaba köçürülməlidir. İşdə maddi sübut Zərdab rayon polis şöbəsinin maddi sübutlar saxlanılan anbarında olan bir ədəd təklüləli, 16 çaplı «İJ»markalı A 30233 № li tüfəng Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin anbarına təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə

                                                           H Ö K M  E T D İ:

Zeynalov Xaləddin Ədalət oğlu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinərək cəzasını işlədiyi iş yerində çəkməklə aylıq qazancının 15 (on beş) faizi dövlət xeyrinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli X.Ə.Zeynalovun aylıq əmək haqqından 15 (on beş) faiz məbləğində pul tutulmağa başlandığı andan hesablansın.Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əsədov İbad Abdulla oğlu Azərbaycan Respublikası CM-nin 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə, CM-nin 229.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilsin. Bu cəzaları Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində qəti olaraq 1 (bir) il azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 29 iyun 2009-cu il tarixdən hesab edilsin. Haqqında seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. İş üzrə 50 (əlli) manat eksperiza xərci Əsədov İbad Abdulla oğlundan alınaraq Az MEM VÖEN 1700326621 ABB mərkəzi filialı, VÖEN 9900001881 kod 805250 m/h 0137010002944 H/h COR 328518 AZN 3201-01 S.w İ.F.T. Bik. İBAZAZ 2 X hesabına hesaba köçürülsün. İşdə maddi sübut Zərdab rayon polis şöbəsinin maddi sübutlar saxlanılan anbarında olan bir ədəd təklüləli, 16 çaplı «İJ» markalı A 30233 № li tüfəng Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin anbarına təhvil verilsin. Hökmün icrası Zərdab rayon Məhkəmə İcraçıları qrupuna tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Zərdab rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

SƏDRLİK EDƏN: İMZA

ƏSLİ İLƏ DÜZDÜR:

ZƏRDAB RAYON MƏHKƏMƏSİNİN HAKİMİ: A.Q.QARAYEV