Milli maraqlar Ali Baş Komandanımız üçün ən ali dəyərdir
Dekabrın 23-də Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qələbələrimizin, zəfərlərimizin baş memarı – Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev” mövzusunda videokonfrans keçirilib.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova videokonfransda çıxış edərək Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə ətraflı danışıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda davamlı inkişaf, iqtisadiyyatın sürətli yüksəlişi müşahidə olunur: “Son 17 il Azərbaycanın tarixinə uğurlar, nailiyyətlər, qələbə illəri kimi yazılıb. Xalqımızın arzularını gerçəkləşdirən Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Dövlət başçısı İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının mənəvi ruhunu özünə qaytardı, tarixi ədaləti bərpa etdi.”
Videokonfransda Ağdaş Regional Mədəniyyət İdarəsinin Ağdaş rayonu üzrə nümayəndəsi İlqar Vəliyev, Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova, Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova, Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Əliyeva, Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyyə Səmədova çıxış edərək Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət kursu haqqında ətraflı danışıblar. Natiqlər bildiriblər ki, milli maraqlar Ali Baş Komandan İlham Əliyev üçün ən ali dəyərdir. Vurğulayıblar ki, İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcək.
Videokonfrans iştirakçıları cənab Prezident İlham Əliyevin doğum gününü təbrik edərək, Allahdan ona millətimiz və dövlətimiz adına uzun, sağlıqlı ömür arzulayıblar.