Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi bu tarixdə yekunlaşacaq – ŞAD XƏBƏR

0
69

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri yekunlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Zerdab.com-a bildirilib ki, sözügedən avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 kilometr sonra Ağcabədi şəhərinin cənubunda R18 Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu, dənəvər tərkibli əsasın üst layının tikintisi işləri görülür. Həmçinin yol əsası hazır olan hissələrin polimer asfalt-beton qarışığı ilə döşənməsi işləri aparılır.

Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 santimetr təşkil edəcək. Layihə çərçivəsində yolboyu 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 74 suötürücü borunun və 30 avtobus dayanacağının inşası yekunlaşmaq üzrədir.

Bundan başqa, uzunluqları 20 metrdən 175 metrədək dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsünün inşası işləri də yekunlaşdırılır. Sözügedən körpülərdən ən böyükləri avtomobil yolunun 58.9-cu kilometrində Mil-Qarabağ kollektoru üzərində inşa edilən və 60 metr uzunluğa malik körpü, həmçinin yolun 50-ci kilometrində Kür çayı üzərində inşa edilən 175 metr uzunluğa malik 4 aşırımlı körpüdür.

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var. Layihənin icrası həm də ümumilikdə yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Bütün bu tədbirlərin əsas məqsədi isə vətəndaşların sosial məsələlərini həll etmək və onların gündəlik həyatını daha da yaxşılaşdırmaqdır. Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Zerdab.com