Zərdab yetişdirir – 2 müəllimimiz fəaliyyətini Bakıda davam etdirəcək – Fotolar

0
176
muellimlerin-ise-qebulu

Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin rekordçusu Əlizadə Səfalı Aqşin oğlu bundan sonra fəaliyyətini Bakı şəhərində davam etdirəcək.

Zerdab.com saytı xəbər verir ki, Səfalı Əlizadə 19.08.2020-ci il tarixində keçirilən müsabiqədə 58 bal toplamışdı. Bu, Respublika üzrə Azərbaycan dili və ədəbiyyatı fənnindən toplanılan 3-cü ən yüksək nəticədir.

Müsabiqənin elektron yerləşdirmə mərhələsinin nəticələrinə əsasən, Səfalı Əlizadə Bakı şəhər 51 nömrəli məktəbdə müəllimlik hüququ qazanıb.

Bir neçə gün öncə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Gülağa İsgəndərov S. Əlizadəni Rayon Təhsil Şöbəsinə dəvət edərək gənc müəllimi təbrik etmiş, ona tövsiyələr vermiş və gələcək pedaqoji fəaliyyətində uğurlar arzulamışdı.

S. Əlizadə indiyədək Zərdab rayonunun M. Rahim adına Pərvanlı kənd tam orta məktəbində çalışırdı.

Onu da qeyd edək ki, Səfalı müəllim yeni təhsil proqramı üzrə test vəsaitinin müəllifidir.

Belə ki, bir müddət öncə onun müəllifi olduğu VI və VII siniflər üzrə mövzuları əhatə edən test vəsaiti nəşr olunub. Vəsaitdə ədəbiyyat nəzəriyyəsinə aid testlərə də yer verilib.

Əlizadə Səfalı Aqşin oğlu 1996-cı ildə Zərdab rayonunda anadan olub. Orta təhsilini Qoruqbağı kənd tam orta məktəbində alıb. 2013-cü ildə Bakı Dövlət Universitetin Filologiya fakültəsinə qəbul olub. 2017-ci ildə filoloq (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2018-2019-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində əlavə təhsil alaraq ixtisasını təkmilləşdirib.

Yeni tədris ilindən fəaliyyətini Bakı şəhərində davam etdirəcək daha bir Zərdablı müəllim isə Fəridə Əliyevadır.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində uğur qazanan Fəridə müəllimə Bakı şəhəri 53 saylı tam orta məktəbə qəbul olub.

Fəridə Əliyeva bunadək Zərdab Rayon Təhsil Şöbəsinin metodisti işləyirdi.

Bir neçə gün öncə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Gülağa İsgəndərov Fəridə Əliyeva ilə də görüşmüşdü.

Görüş zamanı Fəridə Əliyevanın işgüzar fəaliyyəti, üzərinə düşən vəzifə öhdəliklərini hər zaman layiqincə icra etməsi yüksək qiymətləndirilmiş, təhsildə göstərdiyi xidmətlərə və əldə etdiyi uğurlara görə Fəxri Fərmanla təltif edilmişdi.

Bildirilmişdi ki, ziyalı ailəsində doğulub boya-başa çatmış Fəridə Əliyeva peşəkar təhsil işçisi və pedaqoq kimi Zərdab rayonunun təhsil ictimaiyyəti arasında yüksək nüfuz qazanmış şəxslərdəndir. Ona gələcək fəaliyyətində uğurlar və yüksək nailiyyətlər arzulanmışdı.

Əlbəttə, hər birimiz arzu edərdik ki, adıçəkilən müəllimlər fəaliyyətlərini elə öz rayonumuzda davam etdirsinlər.

Hər kəsə çox yaxşı bəllidir ki, Əməkdar müəllim Gülağa İsgəndərov Zərdab Rayon Təhsil Şöbəsinə müdir təyin olunandan sonra bütün müəllimlərə yüksək diqqət və qayğı göstərilir.

Amma fəaliyyətlərini Bakıda davam etdirmək həmin müəllimlərin könüllü istəyidir və bu qərara sayğı göstərmək hər birimizin borcudur.

Harada, hansı ərazidə çalışmaq çox da önəmli deyil, əsas işinin peşəkarı olmaqdır…

Yeni tədris ilində bütün müəllimlərə uğurlar arzulayırıq…

Zerdab.com