Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında 30 iyun 2020-ci il sərəncamından irəli gələrək, Həsən bəy Zərdabi irsinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək məqsədilə Təşəbbüs Qrupu respublikanın gənclər təşkilatları, hökumət, qeyri-hökumət və diaspora təşkilatları ilə müxtəlif mövzularda silsilə online video-konfranslar düzənlənib.
Zerdab.com saytı xəbər verir ki, Həsən Bəy Zərdabi irsinin tədqiqi və araşdırılması sahəsində geniş məlumatı və fəaliyyəti olan Zərdabişünas alimlərin online webinarları fəal sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla izlənilib.
28 iyun 2020-ci il tarixdən start verilən silsilə online video-konfranslar çərçivəsində Azərbaycan və Türkiyə ziyalılarının, millət vəkillərinin, mətbuat nümayındələrinin, hökümət və qeyri-hökümət təşkilatları təmsilçilərinin iştirakı ilə geniş marağa səbəb olan görüşlər keçirilib.
Həsən Bəy Zərdabinin ev muzeyindən canlı yayım vasitəsilə izləyicilərə geniş məlumatlar verilib. Həsən Bəy Zərdabi irsinin təkcə Azərbaycanda deyil eyni zamanda diaspora təşkilatlarının dəstəyi ilə dünyanın bir çox ölkələrində, xüsusi ilə Türkiyədə geniş təbliği qərara alınıb.
Karaman şəhəri ilə Zərdab rayonunun qardaşlaşması və Türkiyənin tarixi Karaman şəhərində Həsən bəy Zərdabinin adına parkın salınması təşəbbüsü irəli sürülüb.
22 iyul Azərbaycan mətbuatının 145 illiyi münasibəti ilə Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun üzvləri – Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva, Həsən bəy Zərdabi nəslinin nümayəndəsi, iqtisadçı alim Nüsrət Məlikov, gənc ictimai fəal Seymur Bayramov bu gün ümumilli lider Heydər Əliyevin, görkəmli oftolmoloq alim Zərifə Əliyevanın, ictimai xadim, ziyalı, maarifçi-publisist, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.
Sonra Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla Zərdab rayonunda keçirilən tədbirə qatılan Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və bir qrup ziyalı – “Əkinçi” qəzetinin baş redaktoru İsaməddin Əhmədov, Zərdabişünas alim Eldəniz Həsənov, Əməkdar müəllim Ömər Tarverdiyev, veteran jurnalist Mirağa Bağırov, Zərdabi LTD MMC-nin direktoru Elman Qasımov, jurnalistlər Vüqar Rəhimov, Süleyman Tarverdi, Coşqun Abdullayev, iş adamları Vəfa Muradzadə və Ramil Mehdiyev Həsən bəy Zərdabinin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, bu dahi şəxsiyyətin parlaq xatirəsi qarşısında ehtiramla baş əyiblər.
Sonra tədbir iştirakçıları Həsən bəy Zərdabinin ev muzeyində olub, Zərdabinin həyat və yaradıcılığı ilə yaxından tanış olublar. Həsən bəy Zərdabinin ev muzeyinin direktoru Vəfa Bayramova tədbir iştirakçılarına Milli Mətbuatın banisi Zərdabinin həyat və yaradıcılığından və keçdiyi şərəfli yoldan danışıb, Həsən bəy Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini bildirərək “Əkinçi” qəzetinin xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük rol oynadığını söyləyib.
Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva mətbuat nümayəndələrinə 22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbriklərini çatdırıblar.
Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Ulu öndər Heydər Əliyevin milli mətbuata göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyü xüsusi olaraq vurğulanıb.
Daha sonra tədbir iştirakçıları, rayon rəhbərliyi ilə birlikdə Kür ətrafında yerləşən parkda və rayonda qısa müddətdə gedən tikinti, abadlıq, quruculuq və yaşıllaşdırma işləri ilə, o cümlədən bir neçə ay ərzində müasir tərtibatda tamamilə yenidən inşa edilərək istifadəyə verilən Həsən bəy Zərdabi Parkı ilə tanış olublar.
Zerdab.com