Bakının ən böyük prospektlərindən biri uzun illərdir Həsən bəy Zərdabinin adını daşıyır.
Təbii ki, Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biri olan görkəmli maarifçi Həsən bəy Zərdabinin adının Yasamal rayonunda yerləşən prospektə verilməsində qeyr-adi heç nə yoxdur, belə deyək, bundan da böyük işlər onun halal haqqıdır.
Zerdab.com saytı xatırladır ki, illər öncə Bakının bu prospektinə məhz Zərdabinin adının verilməsi üçün səy göstərən, təşəbbüslə çıxış edən və onun reallaşmasına çalışan şəxs həmyerlimiz, akademik Marat Allahverdiyev olub.
Marat müəllim təkcə bu təşəbbüsü irəli sürməklə kifayətlənməyib və onun reallaşması üçün xüsusi xidmətlər göstərib.
Bəs Marat Allahverdiyev kimdir və o, Bakının əsas prospektinə Zərdabinin adının verilməsinə niyə bu qədər maraq göstərib?
Məlumat üçün bildirək ki, akademik Marat Allahverdiyev əslən Zərdab rayonundandır.
Marat müəllimin atası Allahverdi müəllim Zərdab rayonunda sayılıb-seçilən, çox hörmətli, ziyalı bir nəslin nümayəndəsi olub.
Allahverdi müəllim ali təhsilini başa vurduqdan sonra Bakı şəhərinə köçüb.
O, Bakıda uzun illər müxtəlif yüksək vəzifələrdə çalışıb.
Marat müəllimin əmisi Faiq Allahverdiyev isə ilk Zərdablı prokuror kimi tarixə düşüb.
Belə ki, 1967-ci ildən Azərbaycan Prokurorluğunda şöbə müdiri, sonralar respublika prokurorunun baş köməkçisi vəzifələrində çalışıb. Müxtəlif illərdə Şamaxı Rayon Prokuroru, Bakı Şəhər Prokurorluğunun şöbə rəisi, respublika prokurorluğunun böyük prokuroru vəzifələrində işləyib.
Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Prokurorluğun fəxri işçisi kimi yüksək adlara layiq görülüb.
Prokurorluğun Fəxri İşçisi, Baş Ədliyyə Müşaviri Allahverdiyev Faiq Seyid oğlu 29 İyul 2017-ci il tarixində vəfat edib.
Marat müəllim isə tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri, məşhur “Bərpaçı” mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrinə yüksəlib.
1990-1995-ci illərdə isə Zərdab rayonundan Milli Məclisə deputat seçilib.
3 övladı var.
Marat müəllim əslən olduğu doğma Zərdab rayonuna bağlı insandır. O, hər zaman öz həmyerlilərinə əl tutub, xeyir-şərdə iştirak edən insanlardan biri olub.
Yeri gəlmişkən, Marat müəllim həm də Bakıda Zərdabinin büstünün ucaldılması üçün xidmətlər göstərən şəxslərdən biri olub.
Onun övladı Allahverdiyev Elnur Marat oğlu isə hazırda 17 saylı Yasamal üçüncü seçki dairəsindən millət vəkilidir.
Elnur Allahverdiyev sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2001-ci ildən “ABC-Telecom” MMC-nin Baş direktoru vəzifəsində çalışıb. 9 fevral 2020-ci ildə keçirilmiş Milli Məclisə seçkilərdə deputat seçilməsi ilə əlaqədar olaraq sahibkarlıq fəaliyyətinə son verib. 13 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulu olub. 1 dekabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsinə təyin olunub. Milli Məclisə deputat seçildikdən sonra bu vəzifədən istefa verib.
Çox hörmətli bir nəslin ziyalıları olan dəyərli həmyerlilərimizlə fəxr edirik.
Zerdab.com