Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Zərdabda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirir. www.zerdab.com saytının məlumatına görə, saat 10.00-da XI, 15.00- da isə IX siniflər bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyulun 4-də buraxılış imtahanı verəcəklər.
www.zerdab.com