“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqda ölkə Prezidenti İlham Əliyevin bir müddət öncə verdiyi sərəncamı çox yüksək qiymətləndirirəm və öz adımdan dövlət başçısına səmimi minnətdarlığımı ifadə etmək istəyirəm. Bu, əslində çoxdan bəri gözlənilən bir sərəncam idi, çünki ona böyük ehtiyacımız vardı”. Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva deyib: “Belə düşünürük ki, bu, çox vaxtında verilmiş bir sərəncamdır və bu sərəncamdan sonra nəhayət, dövlət dilimizin təmizliyinin, saflığının qorunması istiqamətində ciddi nəticələr, müsbət irəliləyişlər əldə ediləcək. Hər halda, hər birimiz buna böyük ümid edirik”.
Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında verilən sərəncama gəlincə, J. Əliyeva deyib: “Doğrudan da, bu sərəncamın verilməsi mənim üçün ikiqat əlamətdar bir hadisədir və onu da çox yüksək dəyərləndirirəm. Bilirsiniz ki, Həsən bəy Zərdabi həqiqətən də Azərbaycan ictimai fikrinin çox əhəmiyyətli bir siması olub və böyük bir nəslin, böyük bir düşüncə nəslinin yetişməsində, inkişafında böyük bir rolu olmuş insandır.
Amma çox təəssüflər olsun ki, belə deyək ki, həm diqqətdən, həm tədqiqat, araşdırma baxımından digərlərinə, hətta öz yetişdirmələrinə, şagirdlərinə baxanda bu günə qədər kənarda qalmış Azərbaycan ictimai fikrinin nümayəndəsidir. Ona görə Həsən bəy Zərdabinin yubileyinin prezident sərəncamı səviyyəsində, dövlət səviyyəsində keçirilməsinə qərar verilməsi, düşünürəm ki, bütün ədəbiyyatsevərləri sevindirir və xüsusilə də Zərdabinin yurdunu təmsil etdiyimə, həmçinin, hər bir zərdablının, bu yöndə arzularının həyata keçməsi üçün dəfələrlə müraciət edən hər bir seçicinin səsinə səs verdiyinə görə cənab Prezidentə çox-çox böyük təşəkkürlərimi bildirmək istəyirəm. Və əgər söhbət yubileylərdən düşübsə, bir məsələyə də qısaca olaraq fikrimi bildirmək istəyirəm. Bildiyiniz kimi, yubileylər daha əvvəllər çox böyük bir təmtəraqla keçirilirdi və dövlət televiziyası tərəfindən mütləq translyasiya olunurdu. Onu da qeyd edim ki, əvvəl bir televiziya var idisə, indi 9 televiziya var və hansının nə vaxt nəyi translyasiya etdiyini də bəlkə də izləyib bitirmək olmur, bəzi şeyləri qaçırırıq, amma çox yaxşı haldır ki, bu gün İctimai Televiziya bu yöndə yeni bir cığır açıb. Yəni, bugünkü informasiya bolluğunda, xüsusilə, mədəniyyət sahəsindəki xaosu sanki tənzimləyən və normal müstəviyə yeni bir istiqamət gətirən bir kanal kimi özünü doğruldub. Təbii ki, bu baxımdan yanaşanda Azərbaycan mədəniyyətinin bir parçası olan bu yubileylərin işıqlandırılması, düşünürəm ki, İctimai Televiziyanın birinci növbədə öhdəsinə düşən bir məsələdir. Bəlkə də 5 ildən sonra, 10 ildən sonra heç kimə lazım olmayacaq sənət, mədəniyyət, incəsənət nümunələri və onların aparıcılarını biz saatlarla izləyə, onların tərcümeyi-halını görə bilirik. Yaxud da, kim harada bıçaqlandı, nə bilim kim nə etdi, kim maşından necə düşdü, kim harada yaxalandı, amma artıq Azərbaycan mədəniyyətinə, Azərbaycan təfəkkürünə, elminə öz möhürünü vurmuş insanlar var ki, cənab Prezident də onların dəyərini verərək sərəncam imzalayırsa, düşünürəm ki, onların haqqında sadəcə, həmin gün o salona toplanan 300-500 nəfər dinləyici qonaq deyil, milyonlarla azərbaycanlı və daha geniş miqyasa çıxarsaq, Azərbaycanı izləyən digər dünya xalqları da görməlidirlər.
Hesab edirəm ki, bu bizim mənəvi sərvətimizdir və haqqımızdır ki, daha geniş, daha dərin təbliğ edək. Bunun üçün də televiziyadan başqa bizim əlimizdə daha böyük bir alət, silah yoxdur”…