Zərdabda daha bir yolun təmirinə başlanılıb – Fotolar

0
60

Zərdab rayonunda 7 kilometr uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Zerdab.com saytına verilən məlumata görə, bu, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci kilometrindən ayrılan Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir, üç kəndin 4 mindən çox əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.

zerdab-yol1

Hazırda yolboyu torpaq yatağının deformasiyaya uğramış hissələri çıxarılır, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Torpaq işləri 70 min kvadratmetr sahəni əhatə edir. Daha sonra yol əsasının inşası işləri görüləcək. Yolboyu, həmçinin müxtəlif diametrlərə malik yeni suötürücü borunun quraşdırılması və izolyasiyası işlərinin aparılması da nəzərdə tutulub.

Layihəyə uyğun olaraq, növbəti mərhələlərdə yolun 40 min kvadratmetr sahəsinə asfalt-beton örtüyünün döşənməsi, avtobus dayanacağının tikintisi, siqnal dirəyinin, yol nişanı və məlumatverici lövhənin quraşdırılması, xətlənmə işlərinin aparılması nəzərdə tutulub.

Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması bu ərazidə yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdıracaq.

Zerdab.com