Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Zərdab rayonunda da ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin tapşırığı, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə əsasən, rayonda dezinfeksiya tədbirləri həyata keçirilir. Bundan başqa, martın 27-dən etibarən Zərdab rayonuna digər rayonlardan olan avtomobillərin giriş-çıxışına məhdudiyyət qoyulub.
Rayonumuzun deputatı Jalə xanım Əliyeva da bu həssas dönəmdə də aktivlik nümayiş etdirir, rayonumuzun rəhbər şəxsləri ilə mütəmadi əlaqə saxlayır. Jalə Əliyeva son günlər sosial şəbəkədəki səhifəsindən ard-arda Zərdab və Ucardan olan seçicilərinə bir neçə müraciət edib.
Zerdab.com saytı həmin müraciətlərdən bəzi fikirləri qısa ixtisarla təqdim edir: “VI çağırış deputat mandatımı aldıqdan sonra seçicilərimin müraciətləri əsasında əlaqədar təşkilatlara, icra qurumlarına göndərdiyim məktubların sayı 100-ə yaxındır. Bayram günlərində həm Zərdabda, həm də Ucarda görüşlər keçirməyi planlayırdım. Hətta bunun üçün 21-24 mart tarixlərini əhatə edən qafik də hazırlamışdıq. Lakin məlum səbəblə – koronavirusun önlənməsi tədbirləri çərçivəsində tətbiq edilən və hamımızın əməl etməli olduğumuz qaydalar çərçivəsində bu görüşləri təxirə salmalı olduq. Bununla belə bütün təcili məsələlərlə əlaqədar olaraq həm mənə, həm də köməkçimə telefonla müraciət edə bilərsiniz. Əziz Zərdablılar, hər birinizə səslənərək demək istəyirəm ki, bu xəstəlikdən az ziyan və minimum itki ilə xilas olmaq üçün dövlətimiz, hökümətimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün vacib və lazımlı addımları atır, təxirəsalınmaz tədbirləri görür. Bizdən isə, Azərbaycan vətəndaşları olaraq tələb olunan, qaydalara və qadağalara maksimum riayət etməkdir. İlk növbədə özümüzün, ailələrimizin, ətrafımızın və deməli, bütünlükdə ölkəmizin sağlamlığı, əmin-amanlığı üçün birləşmək, həmrəy olmaq vətəndaşlıq borcumuzdur”.
Deputat seçicilərə koronavirusla mübarizə tədbirləri ilə bağlı seçicilərə etdiyi digər müraciətində bunları bildirib: “Məcbur qalmadıqca küçəyə çıxmayın! Yaxın təmasdan çəkinin! Ölkə üzrə həyat əhəmiyyətli müəssisələr və icra qurumları tam gücüylə işləyir, digər tərəfdən online iş rejimi də tətbiq edilməkdədir. Eyni zamanda biz də, Azərbaycan Parlamentinin üzvləri olaraq seçki dairələrimizlə sıx əlaqədəyik. Rayonun rəhbər qurumları ilə mütəmadi olaraq vəziyyəti müzakirə edirik, dayaq nöqtələrimizlə məlumat mübadiləsi aparırıq. Çox şükürlər olsun ki, vəziyyət hələlik ürəkaçandır və nəzarət altındadır. Daha əvvəl də, bildirmişdim, hər hansı vacib və təxirəsalınmaz məsələ ilə bağlı olaraq mənim və köməkçimin mobil telefonumuza, meclis.gov.az saytındakı ünvanımıza müraciət edə bilərsiniz! Hamınıza sağlam və xəstəliksiz günlər arzulayıram! Gəlin həmrəy olaq! Evdə qalaq, salamat qalaq”.
Millət vəkili bu gün etdiyi müraciətində isə bu
fikirləri qeyd edib: “Dəyərli Zərdablılar və Ucarlılar! Bu günlərdə məlum vəziyyətlə
bağlı olaraq Sizlərə növbəti dəfə müraciət yollayaraq, bildirmək istəyirəm ki,
hər hansı təcili, həlli vacib probleminiz, ortaya çıxan məsələləriniz haqqında
istənilən an mənimlə, köməkçim Firdovsi Eyvazovla istər məktubla, istər
telefonla, istərsə də internet vasitəsilə əlaqə saxlaya bilərsiniz. Daha əvvəl də (20 mart və 25 mart tarixli
müraciətlərimdə) yazdığım kimi, son situasiya ilə bağlı olaraq hər iki rayonun rəhbərliyi ilə mütəmadi telefon danışığımız olur. Bugünlərdə kənd
icra nümayəndələri və bələdiyyələrlə də bu mövzuda söhbət aparmışıq. Onları da əməkdaşlığa
dəvət etmişik. Xahiş
etmişik ki, zərurət yarandığı zaman özləri də bizə müraciət etsinlər. Müdaxiləmizi vacib edən işlər
haqqında bizi də xəbərdar etsinlər.
Bu gün bütün dünyanı bürüyərək bəşəriyyətə meydan
oxuyan koronavirus bəlasıyla mübarizə aparmaq, bu çağırılmamış
“qonaq”ın ucbatından çətin vəziyyətə düşən vətəndaşımıza kömək üçün səfərbər
olmaq sadəcə dövlətimizin deyil, hamımızın vəzifəsidir. Bir-birimizə qarşı daha
həssas olaq, daha çox yardımlaşaq! Evdə qalaq, amma evlərində tək qalanları,
köməksiz qalanları unutmayaq! Üzümüzü bir sağa, bir sola çevirib ən yaxın
qonşuluğumuzdakı, yaxınlığımızdakı bu qəbildən insanları, ailələri görək!
Onlara imkanlarımız və bacarığımız qədər maksimum
dəstək olaq! Əmin olun ki, biz izolyasiyada qaldığımız şəraitdə belə birlikdə
olaraq, həmrəy olaraq bu xəstəliyə qalib gələ bilərik! Güc, birlikdədir, deyən
atalarımız heç vaxt yanılmayıblar”.