“Zərdab rayonunda baramaçılığın inkişafı” adlı kitab çapdan çıxıb

0
60

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə elmlər doktoru, professor Tərbiz Əliyevin və iqtisad üzrə fəlsəfə doktoru Lütvəli Babayevin həmmüəllifliyi ilə “Zərdab rayonunda baramaçılığın inkişafı” analitik icmalı nəşr olunub.

Zerdab.com saytı xəbər verir ki, İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, analitik icmalda beynəlxalq miqyasda baramaçılığın və ipəkçiliyin inkişaf tarixi, onun Azərbaycanda təşəkkülü, inkişafı qısa şərh edilib, həmin iqtisadi fəaliyyət sahəsinin Azərbaycanda inkişafını tənzimləyən normativ-hüquqi aktların təsnifatı verilib, müvafiq Dövlət Proqramının məqsədi, vəzifələri və istiqamətləri açıqlanıb. Ölkədə barama tədarükünün vəziyyəti araşdırılmaqla yanaşı, Zərdab rayonunda baramaçılığın inkişafı çoxillik statistik məlumatlar əsasında ətraflı təhlil edilib, respublikada ilk dəfə bir ildə iki dəfə barama istehsalı ilə bağlı iş təcrübəsinin nəticələri açıqlanıb, baramanın becərilməsinə dair baramaçının yaddaş vərəqəsi və barama qurdunun bəslənilməsini şərtləndirən ekoloji amillər təsnifləşdirilib. Habelə rayonda baramaçılıq üzrə yeni assosiasiyanın və aqro-klasterin yaradılmasının zəruriliyi əsaslandırılıb, onun strukturu verilib.

Nəşrin elmi redaktoru iqtisad üzrə elmlər doktoru, professor İsa Alıyev, rəyçisi aqrar elmlər üzrə fəlsəfə doktoru Qafar Məmmədovdur.

Kitab baramaçılığın və ipəkçiliyin tarixini öyrənən doktorantlar, barama tədarükü ilə məşğul olan mütəxəssislər, ipəkçi fermerlər, kümçülər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.