Ailəsi bu gün şəhid olan İbrahim Vəliyevin yolunu düz 9 il gözləyibmiş – Təfərrüatlar

0
71

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu ilə Zərdab rayonunda vida mərasimi keçirilib.

Şəhidin ailəsi Zərdab rayon Su-Meliorasiya İdarəsinin binasının həyətində məskunlaşıb.

Zerdab.com saytı xəbər verir ki, vida mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab və Kəlbəcər rayon şöbələrinin əməkdaşları, Zərdab rayonundan millət vəkili Jalə Əliyeva, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşinin qarşılanma və dəfn mərasimində iştirak edən J. Əliyeva təəssüratlarını belə ifadə edib: “İbrahimin ata babaları mənfur erməni işğalından sonra gözəl Kəlbəcəri tərk etmək məcburiyyətində qalaraq böyük Vətənimizin Şirvan elinə, Zərdaba köç ediblər. Bir milyondan çox qaçqınımız, köçkünümüz kimi, onlar da məhrumiyyyətlərə sinə gəriblər, çətinliklərə dözüblər. Qəlblərində gəzdirdikləri Vətən sevgisi, Dövlətə bəslədikləri inamla yaşayıblar hər zaman. Bu sevgi, bu inam onları həyata daha möhkəm bağlayıb. Atası Ələmşah kişi burada Zərdablı Rəfiqə xanımla taleyini birləşdirib. İbrahimin yolunu düz doqquz il gözləyiblər… Bu da son… Rəfiqə xanım bütün axşam elə ancaq, ay bala, səni gec tapdım, niyə tez getdin, deyə təkrar təkrar özü özünə cavabsız suallar verir. Ata, ana, nənə, baba əsil şəhid ailəsinə yaraşacaq bir təmkin, bir böyüklük nümunəsi göstərirlər. Gecə boyu şəhidimizi qarşılamağa gələn insan selinin səsləndirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı, bu ailənin qüruru, vüqarı, dözümü qarşısında daha da əzəmətlə səslənir sanki. İbrahimin qoca babasının nitqini kaş dinləmiş olaydınız”.

J. Əliyeva şəhidin dəfnində böyük izdiham olduğunu bildirib: “Böyük bir izdiham var idi… Bütün zərdablılar ayaq üstə idi… Hər kəs Şəhidilə, Şəhidimizlə vidalaşmaq üçün onun yaşadığı evə, ünvana üz tutur, axın edirdi… Nə qədər üzüntülü, kədərli bir hal olsa da, gəncimizi, igid övladımızı itirsək də, bu insan selindən, bu mənzərdən qürür duymamaq, iftixar hissi keçirməmək də mümkün deyil… Bu izdiham, bu mənzərə bir daha göstərir ki, bu milləti kimsə əzə, sındıra, məhv edə, kimsə, hansısa güc bu Vətənin bir qarış torpağını belə mənimsəyə, sonadək işğal, ilhaq edə bilməyəcək… Çox tezliklə düşmən Aprel döyüşlərində olduğu kimi və ondan daha ağır, daha layiqli cavabını alacaq, İbrahimlərimizin qanı yerdə qalmayacaq!”

Sonda bir məqamı da qeyd edək ki, Zerdab.com saytına verilən məlumata görə, şəhidin atası Ələmşah Vəliyev Kəlbəcər rayonundan məcburi köçkün kimi rayonumuzda məskunlaşdıqdan bir müddət sonra Zərdab rayonundan olan Rəfiqə xanımla ailə qurub.

Şəhidimizin anası Rəfiqə xanım əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindəndir.

Onlar ailə qurduqdan sonra düz 9 il İbrahimin yolunu gözləyiblər…

Şəhid İbrahim Vəliyev Zərdab rayonunda doğulub və böyüyüb. 

Allah rəhmət eləsin.

Zerdab.com