Zərdablılar nə vaxtadək iş dalınca Rusiyaya, Bakıya üz tutacaq? – Problemdən çıxış yolu

0
79

Azərbaycanın işsizliyin ən çox müşahidə olunduğu rayonlarından biri, bəlkə də birincisi Zərdabdır. Rəsmi statistikada necədir, dəqiq bilmirəm, amma mən illərdir insanların real vəziyyətini müşahidə edərək bu qənaətə gəlmişəm.

Bu barədə kiməsə nə isə deyəndə yola vermək üçün deyirlər ki, torpaq veriblər, get ək. Zərdabın kəndlərində pay torpağı olmayan və orada nə isə əkməyən az ailə tapılar. Amma gəlin görək həmin ailələr torpaqda əkib-becərdikləri ilə dolana bilirlərmi?

Fikrimizi bir qədər qətiləşdirək və götürək 4 hektar pay torpağı olan 5 nəfərlik bir ailəni. Deyək ki, ailə həmin torpaq sahəsində taxıl əkib. Onun əkdiyi həmin sahədən biçdiyi taxılın müəyyən hissəsi satılır və çəkdiyi xərcə ödənilir. Özü də sizə deyim ki, həmin xərc 5-10 manat deyil, xeyli pul deməkdir.

Ailə biçdiyi taxılın bir hissəsini özünə qış üçün tədarük edir, əgər yenə artıq məhsul qalarsa, onu da satır və dolanışığına xərcləyir. Ancaq dolanışığı üçün satdığı taxılın pulu ona il boyu dolanışıq üçün kifayət etmir. Uzaqbaşı bu pulla bir-iki ayı yola vermək olar. Amma həmin taxıldan qalan pulla ilboyu ailəni saxlamaq, toya-yasa, həkimə, geyim-keçimə, ərzağa, kommunal xərclərə çatdırmaq mümkün deyil.

Yəni kəndliyə “sənə torpaq veriblər, get ək ailəni dolandır” deyənlər bunu bilməlidirlər.

Fikrimizi bir az da əsaslandırmaq üçün başqa bir misal çəkək.

Zərdabda pay torpağı olan ailələrin xeyli hissəsi də öz sahəsində yonca əkir. İl ərzində bir neçə dəfə həmin yoncanı biçir. Bəli, ilk baxışda kəndlinin vəziyyətini bilməyənlər deyə bilərlər ki, get o yoncanı sat, ailəni dolandır. Amma həqiqətən o pul 5 nəfərlik ailəni dolandırmağa kifayət edirmi? (Çəkdiyim bütün misallarda ona görə 5 nəfərlik ailəni nümunə göstərirəm ki, Zərdabda ailələrin çoxu adətən 5 nəfərdən ibarət olur – 3 uşaq, 2 valideyn).

Zərdabın kəndlərində yaşayanların əksəriyyəti heyvan saxlayır. Onlar öz sahələrindən biçdikləri yoncanın bir hissəsini məhz heyvanların qış yemi üçün tədarük edirlər. Qışda heyvanlar bu otla yemlənir.

Biçilən yoncanın bir hissəsi satılır və yenə də çəkilən xərcə sərf olunur.

Qalan hissə isə satılır və ailənin dolanışığına xərclənir. Ancaq yenə də tam əminliklə demək olar ki, satılan yoncanın pulu ilə ailəni ilboyu dolandırmaq mümkün deyil. Yas yeri var, toy var, geyim-keçim, ərzaq, həkim pulu, işıq, qaz pulu və s.

Sosial yardım almayan, evindəkilərdən kimsə pensiya almayan, rəsmi hansısa bir iş yeri olmadan yaşayan ailələrin sosial vəziyyəti həqiqətən çətindir.

Azərbaycanın müstəqillik əldə etdiyi illərdən ta bu günə qədər Zərdabda dolanışıqla bağlı vəziyyət necə olub, bunu qısa təsəvvür edək.

Zərdabda orta məktəbi bitirən oğlanların çoxu bu illər ərzində hərbi xidməti başa vurduqdan sonra özlərinə pasport alıb iş dalınca Rusiyaya üz tutublar. Kimin orada dost-tanışı, qohumu varsa, gedib onların yanında işləyib, orada qazandığı puldan ata-anasına göndərib, qazandığı puldan göndərib özünə ev tikib, hətta toyu da o pulla edib. Yəni bu bir-iki nəfərə aid misal deyil, minlərlə, onminlərlə insan Zərdabda bu cür dolanır illərdir.

Son illər isə Bakıda yeni iş imkanlarının yaranması Zərdablıların bir hissəsinin də Bakıya üz tutmasına səbəb olub. Bu gün Bakıda kirayədə yaşayıb ailəsini dolandıran xeyli sayda ailələr var. Amma bu da bir reallıqdır ki, Bakıda işləyən Zərdablı ilə Rusiyada, Ukraynada çörək qazanmağa gedən Zərdablının maddi vəziyyəti arasında xeyli fərq var. Bakıda yaşayan Zərdablının maaşı, qazancı az olduğu üçün bir hissəsi kirayəyə, bir hissəsi isə yemək-içməyə ancaq çatır.

Bir tikə çörək üçün Rusiyaya, Ukraynaya üz tutan Zərdablılar isə ən ağır işlərdə belə işləməyə razıdırlar, təki normal pul qazana bilsinlər. Buna misal kimi hazırda Zərdablıların bir hissəsinin Rusiya və Ukraynada metal yığıb sataraq pul qazanmasını qeyd etmək olar.

Rayonumuzda işsizlik probleminin artmasında heç şübhəsiz, əvvəlki icra başçısının da rolu az olmayıb.

Çox uzağa getməyək, götürək qonşu Ağcabədi rayonunu. Zərdablılar işsizliklə bağlı şikayətlənib əsəbiləşəndə həmişə Ağcabədini misal göstərirlər.

Son illər Ağcabədi rayonunda nə qədər zavod, müəssisə, emal sexləri tikilib istifadəyə verilməyib ki. “ASAN xidmət”, yeni çörək zavodu, uşaq-əyləncə mərkəzi, ticarət obyektləri, olimpiya kompleksi və s.

O da düzdür ki, “daşdan pul çıxarmağı” bacaran ağcabədililərin də öz rayonlarının inkişafında rolları az olmayıb.

Ağcabədi rayonunun ərazisində (Taxtakörpüdə) tikilən iki hərbi hissədə bu gün xeyli sayda Zərdablı gedib işləyir.

Ağcabədi ərazisində tikilən və bir neçə hektar ərazidə böyük bir kompleksi əhatə edən “Atena” süd məhsulları kombinatında yüzlərlə insan işləyir, ailəsinə çörəkpulu aparır. Onların arasında rayonumuzdan olanlar da var. Axı niyə belə bir zavodlardan Zərdabda da açılmayıb?

Bu illər ərzində yeni-yeni şirkətləri Zərdab rayonuna da dəvət edib, burada müəssisə, zavod, emal sexi, yeni iş yerləri açmalarını təşviq etmək olardı.

Zərdablıların öz dili ilə desək, Rusiya əvvəlki Rusiya deyil, daha orada əvvəlki kimi pul qazanmaq olmur. Ən azı ona görə ki, Rusiya özü bura iş dalınca üz tutanlar üçün şərtləri ilbəil ağırlaşdırır.

Deməli, Rusiyada əvvəlki qazanc yoxdursa, Bakıda alınan maaşla özünə gün ağlamaq mümkün deyilsə, Zərdablı işi, dolanışığı öz rayonunda, öz kəndində axtarmalı olacaq. Yaxın illərdə bu proses getdikcə daha da sürətlənəcək.

Deməli, nə baş verməlidir? Əlbəttə, Zərdabda da yeni iş yerləri, emal müəssisələri yaradılmalıdır.

Bu mənada hər kəsin – Prezidentin şəxsən öz kabinetində qəbul edərək Zərdaba icra başçısı göndərdiyi Mərdan Camalzadədən böyük gözləntiləri var.

Mərdan müəllim uzun illər Azərbaycanın ən böyük şəhərlərindən biri olan Şirvana rəhbərlik edib. Bu müddətdə Şirvanda xeyli sayda zavodlar, fabriklər, iş yerləri açılıb, şəhər həqiqətən də inkişaf edib.

Deməli, Mərdan müəllim bu işdə təsadüfi adam deyil və böyük işlər görə bilər. İnşallah, görəcək də.

Yeri gəlmişkən, Mərdan müəllimin də diqqətinə çatdıraq ki, Zərdab camaatı Azərbaycanın ən üzüyumşaq, qədirbilən insanlarıdır.

Bu insanlara yaxşılıq elə, səni əl üstündə gəzdirsinlər.

Zərdablıları öz ətrafına cəmləməyin, onları xoşbəxt etməyin ən yaxşı yolu onlarla birgə olmaq, dolanışıqları üçün iş yerləri açmaqdır.

İnanaq ki, rayonumuzda bundan sonra real iş yerləri açılması ilə bağlı istəklər doğrulacaq, insanlar iş dalınca Rusiyaya, Bakıya yox, elə öz rayonlarına, kəndlərinə yollanacaqlar.

Əvvəlki illərdən fərqli olaraq başımıza iş açılmasını yox, iş yerləri açılmasını istəyirik.

Uğurlar…

Zerdab.com